«YALLI» OYNAYA BİLMƏYƏNLƏR Aqil ABBAS yazır

AQİL ABBAS
1875 | 2024-10-21 10:00

Milli komandamız növbəti dəfə uduzdu. O məşhur filmdə deyirlər ey: 

 - Neftçi uduzdu?

- Neftçinin  udan günü olub ki? 

İndi milli komandamızın da  udan günü olub ki? 

Yox, yox, bir dəfə bir nemes vardı ey, adı deyəsən Foqtsuydu, onun vaxtında Türkiyəni udduq və qoymadıq Avropa çempionatına gedə. Onu da Foqts elə elədi ki,  Avropa çempionatına  Avstriya və Almaniya getsin.  Yəni öz nemesliyini elədi. 

Vaxtilə «Neftçi» Azərbaycanın milli komandası idi. Futbolumuzun flaqmanı  indi on klub arasında hələ bir qələbə qazanmayıb doqquzuncu yerdədirsə və həmin dövrlərdə böyük  futbol məktəbi olan Gəncənin  «Dinamo» komandası (indi «Kəpəz»)  sonuncu yerdədirsə, milli komandamızdan nə isə gözləmək müşkül  məsələdi. 

Amma nə qədər uduzsaq da, yenə azarkeşlər stadiona gəlir. Və mənə elə gəlir ki, onlar da bilir uduzacağımızı, amma ona görə gəlirlər ki,  44-cü dəqiqədə hayqırsınlar: «ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!». Yəni şəhidlərimizin  xətrinə gəlirlər. 

Elə mən də həm milli komandamızın oyunlarını, həm də  çempionatımızı əslində elə  44-cü dəqiqədəki o şüarı  eşitmək üçün  izləyirəm. 

Futbolçularımızı qınamıram, nəyə gücləri çatır, oynayırlar. Özü də pis oynamırlar, canlarını qoyurlar.

Toylarımıza fikir vermisiz, guya «Yallı» oynayırlar, «Yallı» çalınır, amma hərə öz bildiyi havanı oynayır.

Naxçıvanda bir adət var, «Yallı» oynayanda  bir nəfər əlində çubuq nəzarət edir, kimsə düzgün oynamırsa onun topuğunu  çubuqlayır. Həmin adam  ya havanı tutub oynamalıdı, ya da ortadan  çıxmalıdı. Bilmirəm  həmin  adama Naxçıvanda nə deyirlər, Qarabağda fərraş deyirlər.

İndi bizim milli komandanın fərraşı çatmır. Çünki komandanın baş məşqçisi bizdən olmadığından özü «Yallı» oynaya  bilmir, o necə futbolçulara  «Yallı» oynatsın?

Neçə illərdi «Yallı» oynaya  bilməyənlərə bir ətək pul verib gətiririk Azərbaycana ki bizə «Yallı» öyrətsin. 

At gəlir örkən aparır, it gəlir çarıq. Bu «Yallı» oynaya  bilməyən məşqçilər də ətək-ətək pul aparır və milyonlarla insanı gözü yaşlı qoyur. 

Nə  qədər ki, AFFA nələrinsə və ya nəyinsə xətrinə «Yallı» oynaya  bilməyənləri gətirəcək millimizin təpəsinə, onda da millimiz elə «Neftçi» kimi oynayacaq.

Mənə elə gəlir ki, heç AFFA-nın rəhbərliyi də «Yallı» oynaya  bilmir. 

«Neftçi»yə də həmişə «Yallı» oynaya  bilməyənləri gətiriblər. Nə zaman ki «Yallı» oynayanlar, məsələn, rəhmətlik Böyükağa Hacıyev, Tərlan Əhmədov o fərraş çubuğunu  əllərinə alıblar, onda da «Neftçi» uğurlar qazanıb. 

İndi bircə şeyə sevinirəm ki, həmin fərraş çubuğu Samir Abbasovun  əlindədir.

TƏQVİM / ARXİV