13 Dekabr 2021 12:47
1265
ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir: Ay Can! Ay Can!.. 

Ay can! ay can!..

Düşdü bütün qəzetlər hörmətdən1, ay can, ay can!..
Xəlqin canı qutardı töhmətdən, ay can! ay can!..

Qıl yaymayırdı əsla zalımların gözündən,
Rüsvay idik cahanda məl’unların sözündən,
Ax! ax! Nə yaxşı oldu iş düşdü öz-özündən,
 Əlləşməmiş qutardıq zəhmətdən, ay can! ay can!..
 Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..

Badi-səba, apar ver Molla Qəvama2 müjdə,
Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,
Söylə, o da yetirsin cümlə əvama müjdə:
 Minbərdə rəqsə gəlsin behcətdən, ay can! ay can!..
 Düşdü bütün qəzetlər hörmətdən, ay can! ay can!..

Ərz et bəşaşət ilə Qafqaydakı3 vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rubərudə,
 Yazmaz dəxi yazanlar bid’ətdən, ay can! ay can!..
 Xəlqin canı qutardı töhmətdən, ay can! ay can!..

Get Qubbəyə, səlam et Molla Hacı Babayə,
Söylə tutuldu cümlə jurnal, qəzet vəbayə,
Mö’min müridlər ilə dur qoş səda-sədayə,
 Ümmətlərin yığılsın hər kətdən, ay can! ay can!..
 Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..

Yatdı yazı4 yazanlar, fürsət dəxi sizindir,
Qarşıda var orucluq, söhbət dəxi sizindir,
Məsciddə minbər üzrə lə’nət dəxi sizindir,
 Ayrılmayın ölüncə lə’nətdən, ay can! ay can!..
 Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..