adalet.az header logo
  • Bakı 33°C
  • USD 1.7
26 Iyul 2022 13:47
568
MƏDƏNİYYƏT

Möcüzəvi Göygöl şəhəri - Alman memarlığı...

 

     Gəncədən on kilometr cənubda, 1819-cu ildə alman kolonistləri tərəfindən yaradılmış Yelenendorf kəndi hazırda Göygöl şəhəridi.   

      Azərbaycanda alman kolonistlərinin tarixi məhz buradan başlayır. Qafqazda alman mədəniyyətinin mərkəzinə çevrilmiş Yelenendorf Rusiya imperiyasında şərab və digər spirtli içkilərin satışını həyata keçirən, şərabçılıq sənayesi ilə tanınırdı. 1941-ci ildə almanlar Azərbaycandan sürgün edilsələr də, Göygöl Şərab Zavodu hələ də fəaliyyətini davam etdirir və onların izləri rayonun uca çinar ağacları ilə əhatə olunmuş qədim alman küçələrində hiss olunur. Burada 300-dən çox alman evi qalmaqdadır. Onlardan biri Göygöldə yaşayan son alman Viktor Klayna məxsusdur. Yaxınlıqda isə 1854-cü ildə inşa edilmiş və kiçik muzey kimi fəaliyyət göstərən Azərbaycandakı ilk Lüteran kilsəsi yerləşir.

      Azərbaycan gözəl mənzərələr məskənidir. Təbiət öz ecaskar rənglərini bu diyardan əsirgəməyib. Rəngarəng təbiəti, sıx  meşələri, bol sulu çayları, soyuq bulaqları, başı qarlı dağları, gözoxşayan çəmənlikləri, min bir dərdin dərmanı mineral bulaqları, gözəllikləri ilə yarışa girən gölləri görənləri heyrətləndirir. Azərbaycanın bütün guşələri kimi Gəncənin füsünkar təbiəti də insanları valeh edir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində yaranan məşhur Göygöl dillər əzbəridir. Göygölün qeyri-adi gözəlliyi haqqında  çoxlu deyilib, lazımı qədər yazılıb. Şairlər və rəssamlar hələ də bu gözəllikləri yazıb-yaratmaqdan yorulmurlar.

      Göygölün yerləşdiyi ərazidə bir-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bu göllər də füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir.

      Göygölə gedən hər bir kəs mütləq Maralgölü də seyr etməyə çalışır. Yaşıllığın arasında balaca bir göl olan Maralgölün  eni və uzunu bir kilometrə qədərdir. Dərinliyi 97 metrdir. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir. Su oksigenlə zəngin olduğu üçün burada  farel balığının saxlanması mümkündür. Göl bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilir. Yol boyu palıd, cökə, qovaq və s. ağaclar insanın zövqünü oxşayır.Maralgölünü ziyarət etmək üçün təbiətin yaratdığı daha bir möcüzəni 365 ədəd pilləkəni qalxmaq lazım gəlir. Təbiət möcüzəsini gözləri ilə görmək üçün məsafələr qət edib  gələnlər pilləkənin  sayını biləndən sonra bəzən fikrlərindən daşınırlar. Ancaq qeyri-adi gözəliyi görmək üçün  ilin günlərinin sayına bərabər pilləkənləri qalxmaq  özü də əyləncəli və çox maraqlıdır. Dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşən Maralgöiün ətrafını Göygöldən fərqli olaraq uca dağ çəmənliyi əhatə edir. Hava burada çox sərin olur. Dağlar qoynunda olan bu göldə havanın təmizliyini, oksigen ilə zənginliyini hər nəfəs alışında hiss etmək olur.  Maralgöl haqqında bir çox rəvayətlər qoşulub, gözəlliyi vəsf olunub. Gölü seyr edib, yenidən pilləkənlərlə aşağı düşəndə həmin rəvayətlər yada düşür: Gəncə xanı hər ilin yaz-yay aylarında Kəpəzə qalxarmış. Xanın Maral adlı gözəl-göycək bir qızı varıymış…

    Adından göründüyü kimi Güzgü gölü isə ətrafdakı mənzərəni güzgüdəki kimi özündə əks etdirir. Göl iki hövzədən ibarətdir. Birinci hövzənin sahəsi 1 hektar, dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görülür. Gölə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün də bu göl Güzgü gölü adlanır. İkinci hövzə meşəliyin arasında yerləşir, gün işığı düşdüyü zaman parıldayır. Adının Güzgü gölü olmasının bir səbəbi də budur.

  Dünyada Güzgü gölünə bənzəyən göllər də var. Onlardan biri  Yeni Zellandiyada yerləşən Metison gölüdür. Şəfəqdən sonra suyun sakitliyi gölü güzgü kimi hamar edir. Təbiətin ecazkarlığı sanki güzgüdə görünür kimi göldə əks olunur.

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ

--