adalet.az header logo
  • Bakı -°C
06 Avqust 2026 09:35
71
DÜNYA
A- A+

“Müctəba Xamenei ilə əlaqə qurmaq hazırda çox çətindir” - Pezeşkiandan etiraflar

“Müctəba Xamenei ilə əlaqə qurmaq hazırda çox çətindir”.

Adalet.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian IRNA-ya müsahibəsində bildirib.

O, yeni liderin mövcudluğunun ölkənin yoluna davam etməsi üçün mühüm güc olduğunu deyib: “Yeni liderimizin mövcudluğu bu yolda davam etməyimiz üçün böyük bir gücdür. Hazırda onunla əlaqə qurmaq çox çətindir”.

İran Prezidenti vəzifədə olduğu iki ili qiymətləndirərkən ölkənin üzləşdiyi problemlərə toxunub. O, iqtisadi çətinliklər, enerji və su çatışmazlığı, beynəlxalq sanksiyalar və hərbi qarşıdurmaların İran üçün ağır dövr yaratdığını bildirib.

Pezeşkian 1979-cu il İslam İnqilabından sonrakı dövrün ən çətin mərhələlərindən birinin yaşandığını söyləyib: “Hazırda qarşılaşdığımız vəziyyət inqilabdan sonrakı tarixdə yaşadığımız ən çətin dövrdür. Sanksiyalar var idi və daha da gücləndirildi. Daha sonra banklarımız və maliyyə əməliyyatlarımız da sanksiyalara məruz qaldı. Bunun ardınca müharibə başladı və bizi mühasirəyə almağa çalışdılar”.

Prezident ölkənin bütün çətinliklərə baxmayaraq, ayaqda qalmasında xalqın rolunu vurğulayıb.

Pezeşkian bildirib ki, hökumət, dövlət qurumları, yerli idarəçilər, işçilər, xalq və silahlı qüvvələr ölkənin sabitliyini qorumaq üçün çalışıb.

O, xarici qüvvələrin sosial parçalanma yaratmağa çalışdığını deyib, əlavə edib ki, bu cəhdlər nəticə verməyib.

Pezeşkian “xalq” dedikdə yalnız hökuməti dəstəkləyənləri deyil, ölkədə yaşayan bütün insanları nəzərdə tutduğunu bildirib.

“İnanclarından, baxışlarından, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər kəsi nəzərdə tuturam. Hökumətin vəzifəsi hamıya ədalətli yanaşmaq və bərabər münasibət göstərməkdir”, – deyə İran Prezidenti qeyd edib.

Pezeşkian əlavə edib ki, İranın gələcəyi üçün əsas amil xalqla birlikdə olmaqdır.

“Yalnız xalqla birlikdə olduğumuz zaman heç bir güc bizi məğlub edə bilməz”, – deyə o bildirib.

O, ölkədə idarəçilik və vəzifə bölgüsü ilə bağlı açıqlamasənda dövlət vəzifələrinə təyinatlarda əsas meyarın siyasi yaxınlıq deyil, bacarıq və ləyaqət olmalı olduğunu bildirib.

Pezeşkiana “barışıq” siyasəti ilə bağlı cəmiyyətdə formalaşan fərqli yanaşmalar barədə sual ünvanlanıb. Bu yanaşmalardan birinin hökumətdə müxtəlif siyasi qruplar arasında bölüşdürülən tərəfdaşlıq modeli, digərinin isə ölkənin problemlərini həll etmək üçün bütün cəmiyyətlə əməkdaşlıq kimi başa düşüldüyü qeyd edilib.

İran Prezidenti cavabında bildirib ki, vəzifələr şəxsi münasibətlərə və siyasi bağlılığa görə deyil, insanların peşəkarlığına əsasən verilməlidir.

“Biz vəzifələri yaxınlarımıza deyil, ixtisaslı və ləyaqətli insanlara verməliyik. Üstünlüyün meyarı təqva və bacarıq olmalıdır”, – deyə Pezeşkian bildirib.

Onun sözlərinə görə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, incəsənət, idarəçilik və digər sahələrdə insanlarla əməkdaşlığın əsas şərti işi uğurla yerinə yetirmək qabiliyyətidir.

Pezeşkian qeyd edib ki, insanlara bu prinsiplə yanaşıldıqda, “müəyyən qrupa aid olduğuna görə üstün olmaq” düşüncəsi aradan qalxacaq: “Hamı məsuliyyət daşımalıdır. Lakin bu məsuliyyət partiya, qrup, siyasi mövqe və ya ideologiyaya görə deyil, ləyaqətə, bacarığa və göstərilən nəticələrə əsaslanmalıdır”.

İran Prezidenti ölkəsinin alimlərinin, hərbi rəhbərlərinin və elmi mərkəzlərinin hədəf alındığını deyib, xarici qüvvələrin İranın inkişaf potensialını zəiflətməyə çalışdığını bildirib.

Pezeşkian “müharibə cinayətləri” ilə bağlı qiymətləndirmələr zamanı İranın keçmiş Ali Lideri Əli Xameneinin öldürülməsinə, eləcə də, Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində uşaqların həyatını itirməsinə toxunub: “Düşmənin bizim gücümüzü simvolizə edən hər şeylə problemi var. Onların insan hüquqları, azadlıqlar və digər məsələlərlə bağlı irəli sürdükləri arqumentlər mənim üçün inandırıcı deyil. Bu gün bu iddialar tamamilə mənasını itirib”.

O, ölkəsinin liderləri, komandirləri və alimlərinin hansı səbəbdən hədəfə alındığını anlamadığını bildirib: “Liderimiz hansı cinayətə görə öldürüldü? Komandirlərimiz və elm adamlarımız hansı cinayətə görə hədəfə alındı? Uşaqlarımız niyə vuruldu? Nə qədər düşünsəm də, bu hərəkətlər üçün heç bir məntiq və əsaslandırma görmürəm”.

Pezeşkian bildirib ki, İranın inkişafını təmin edən elmi və texnoloji sahələrə qarşı hücumlar həyata keçirilir: “Onların bizim imkanlarımızı, dözümlülüyümüzü və yenilikçiliyimizi simvolizə edən hər şeylə problemi var. Onlar universitetləri, kosmik mərkəzləri, süni intellekt sahəsində çalışan qurumları hədəf alır, alimləri və bacarıqlı akademikləri öldürürlər. Onlar bizim bacarıqlı insanlara sahib olmağımızı istəmirlər”.

Pezeşkian keçmiş Ali Lider Əli Xameneinin öldürülməsi ilə bağlı da danışıb. O, hadisə zamanı keçirilən görüşdə olduğunu və hücumun xarakterindən nə baş verdiyini anladığını bildirib: “Biz böyük bir dayağımızı itirdik. Xüsusilə hökuməti dağ kimi dəstəkləyən bir insanı itirdik. Onun dəstəyi olmadan sosial gərginliyin daha tez yaranması ehtimalı var idi”.

Onun sözlərinə görə, İranın düşmənləri raket hücumları və dağıntılarla ölkədə parçalanma yaradacaqlarını düşünürdülər, lakin bu baş verməyib.

İran Prezidenti Əli Xameneidən sonra Müctəba Xameneinin ölkənin yeni ali lideri seçilməsi barədə də açıqlama verib.

Pezeşkian bildirib ki, yeni liderin seçilməsi ölkənin yoluna davam etməsi üçün mühüm amildir, lakin onunla əlaqə qurmaq hazırda asan deyil.

“Ümidlərini itirdikləri zaman lideri öldürdülər. Çox qəddar bir addım atdılar və ölkənin dağılacağını düşündülər. Lakin proses davam etdi və yeni liderimiz seçildi. Onun mövcudluğu bu yolda davam etməyimiz üçün böyük gücdür. Ancaq hazırda onunla əlaqə qurmaq çox çətindir”.

O, Müctəba Xameneinin danışıqlar prosesinə yanaşması ilə bağlı bəzi qrupların məsələni şişirtdiyini deyib: “Bəzi qruplar bölünmə yaratmaq, fikir ayrılıqlarını dərinləşdirmək və siyasi məqsədlərinə çatmaq üçün bu məsələni həddindən artıq böyüdüblər”.

Pezeşkian xaricdə yaşayan iranlıların ölkəyə qayıtması məsələsinə toxunaraq, heç bir vətəndaşın geri dönüş zamanı problemlə üzləşməməli olduğunu bildirib: “Ölkəyə qayıtmaq istəyən heç bir iranlı üçün təhlükəsizlik orqanları tərəfindən problem yaradılmamalıdır. Ölkəyə yalnız bir nəfər daxil olsa belə, ona geri qayıtmaq imkanı verilməlidir. Heç kim ölkəyə daxil olduqdan sonra saxlanılmamalı və geri dönməsinə mane olunmamalıdır”.

Onun sözlərinə görə, hər bir iranlı heç bir maneə ilə qarşılaşmadan öz ölkəsinə daxil olmaq hüququna malikdir.

İranda baş verən küçə etirazlarına da toxunan Pezeşkian bildirib ki, keçmiş Ali Lider Əli Xamenei ilə bu məsələni müzakirə edib.

O, etirazlar zamanı baş verən zorakılıq hadisələrindən narahat olduğunu söyləyib: “Hadisələr zamanı görülən tədbirlər həqiqətən ağır idi. Digər tərəfdən, vəziyyəti idarə etmək üçün lazımi hazırlıqların olmaması səbəbindən çox sayda insan yaralandı. Bir çox gənc həyatını itirdi, bəziləri isə sağlamlığını itirdi. Bu hadisəni hələ də unuda bilmirəm. Biz bunun bu nöqtəyə çatmasına imkan verməməli idik”.

İran Prezidenti ABŞ Prezidenti Donald Trampın etirazlar zamanı verdiyi açıqlamalara da münasibət bildirib.

Pezeşkian deyib ki, Trampın açıqlamaları bəzi qrupların silahlı olduğunu göstərirdi: “Tramp özü açıq şəkildə bu insanların silahlandığını və dəstəkləndiyini bildirdi. Buna görə də onların niyyətləri aydın idi. Lakin həmin insanlar arasında günahsız şəxslər də var idi”.

Prezident əlavə edib ki, İranda real problemlərin mövcud olduğunu qəbul edir, lakin bəzi qüvvələr bu problemlərdən istifadə edərək xaos yaratmağa çalışıb: “Bəzi insanlar problemlərini haqlı səbəblərlə ifadə edirdilər. Lakin bəziləri bu vəziyyətdən öz məqsədləri üçün istifadə etmək istəyirdi və nəticədə proses xaosa çevrildi”.