25 Sentyabr 2025 12:33
143
MƏMLƏKƏT

Müraciətlərin qəbuluna başlanılır - Zabux sakinlərinin nəzərinə!

Sentyabrın 25-dən başlayaraq Laçın rayonunun Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır.

Adalet.az xəbər verir ki, Zabux kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-i günün sonunadək davam edəcək.

Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. 

Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Zabux” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Zabux kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.