07 Avqust 2024 10:53
122
HÜQUQ

NƏQLİYYAT VASİTƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİNƏ DAİR VƏ DİGƏR ETİBARNAMƏLƏRİN TƏSDİQİ

Müasir dövrümüzdə notariusun ən çox rəsmiləşdirdiyi notariat hərəkətlərindən  biri də etibarnamələrin təsdiqidir. Etibarnamənin hüquqi anlayışı nədir və nədən ibarətdir? 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1 maddəsinə əsasən “Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.” Bir şəxsin etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxsin  adından bağladığı əqd təmsil etdiyi şəxsin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Etibarnamənin anlayışından da göründüyü kimi o, üçüncü şəxsə ünvanlanır. Etibarnaməni verən şəxs müvafiq olaraq “Etibar edən”, etibarnamə üzrə səlahiyyətli şəxs isə “Etibarə edilən” tərəf adlanır. Etibarnamə həm fiziki, həm də hüquqi şəxs tərəfindən müvafiq olaraq fiziki və ya hüquqi şəxsə və yalnız yazılı formada verilə bilər, Şifahi etibarnamənin hüquqi əhəmiyyəti yoxdur.      Ümumiyyətlə əqdlər etibarnamə vasitəsilə də rəsmiləşdirilə bilər. Əqdə təmsilçilik hüququ qanunun göstərişi ilə yanaşı həm də etibarnaməyə əsasən yaranır. Etibarnamə eyni zamanda birtərəfli əqd hesab olunur. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnamə verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Əsas şərt ondan ibarətdir ki, səlahiyyətlərini başqa şəxsə vermiş nümayəndə bunu etibarnaməni verənə bildirsin və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat versin. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verən nümayəndənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərində olduğu kimi məsuliyyət qoyur. Burada digər şərt ondan ibarətdir ki, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Əgər etibarnamə notarial formada təsdiq edilməlidirsə, bunu istənilən notariat ofislərində və “Mobil notariat” tətbiqi vasitəsilə rəsmiləşdirmək  mümkündür.  Rəqəmsallaşma dövründə aktual olan “Mobil Notariat” tətbiqi notariat xidmətlərindən istifadəni daha da asanlaşdırır. Həmin tətbiqi vasitəsilə təsdiq edilən etibarnamələr kağız etibarnamələr ilə eyni hüquqi qüvvəyə malikdir. 

Etibarnamələrin növləri içərisində daha çox  rəsmiləşdiriləni nəliyyat vasitələrindən istifadə edilməsinə dair olan etibarnamələrdir.

Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti  etibarnamənin notariusda saxlanılan nüsxəsinə əlavə edilir və ya sürücülük vəsiqəsi haqqında məlumatlar (nömrəsi, verildiyi tarix, onu vermiş orqanın adı, dərəcəsi, qüvvədə olma müddəti) həmin nüsxədə qeyd edilir. 

Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius həmçinin, ona təqdim edilmiş etibar edilən şəxsin sürücülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlamalıdır.  Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius həmçinin,  etibar edilən şəxsin sürücülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlamalıdır. 

Göründüyü kimi, həmin normaları birgə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsinin sahibi(mülkiyyətçisi nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan istənilən şəxsə etibarnamə verə bilir. 

Bəs nəqliyyat vasitəsinin mülkiyyətçisi kimdir, sahibi kimdir? 

Nəqliyyat vasitəsinin mülkiyyətçisi adına qeydiyyat şəhadətnaməsi olan şəxsdir. O, həm fiziki şəxs, həm də hüquqi şəxs (idarə, müəssisə, təşkilat) ola bilər. Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. 

Sahibliyin nəyi ehtiva etməsi ilə bağlı Mülki Məcəlləyə nəzər yetirək. Məcəllənin 152.2-ci maddəsi: Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Daha sonra bu Məcəllənin 159-cu maddəsi: Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir.

Həmin Məcəllənin 163.1-ci maddəsi: Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

Mülki Məcəllənin bu normalarını birlikdə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsini yalnız idarəetmə səlahiyyəti ilə əldə etmiş şəxs də onun həm faktiki, həm də hüquqi sahibidir. Mülki Məcəllənin bu müddəalarını “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad etdiyimiz müddəaları ilə birgə təfsir etdikdə isə çox aydın və mübahisəsiz bir nəticə çıxır: Nəqliyyat vasitəsini yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə idarə etmək üçün verməsi yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.
Vətəndaşlara göstərilən proaktiv xidmətlərin sırasına daha biri əlavə olunub. Artıq sürücülər notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələri Elektron etibarnamə üçün tələb olunan şifrə Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat" tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir. Burada istifadəçi ASAN və ya elektron imzası vasitəsilə həmin xidmətdən şifrəsiz istifadə edə bilər. Əgər vətəndaş bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməyibsə, o zaman ilk dəfə identifikasiyaya ehtiyac var. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.

Beləliklə, nəqliyyat vasitəsini yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu avtomobili müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən başqa şəxsin idarə etməsi tam olaraq yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.

Onu qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən müvəqqəti  istifadə edilməsi üçün verilən etibarnamələr və digər etibarnamə  qaydalarının tətbiqi vətəndaşların əmlak hüquqlarının qorunmasına və qanunvericiliyin  düzgün tətbiq olunması təminat verir.

Hacıyeva Hicran Qismət qızı,
4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu