adalet.az header logo
  • Bakı -°C
10 Dekabr 2025 10:54
90
GÜNDƏM
A- A+

Nərimanov rayonunun Ağsaqqal Şurasında  ulu öndər Heydər Əliyev anıldı - FOTOLAR

Bakı şəhəri Nərimanov rayonunun Ağsaqqal Şurasında ulu öndər Heydər Əliyevin anım günü  münasibəti ilə tədbir keçirilib.  Ümummilli liderimiz Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra  Nərimanov rayonu Ağsaqqal Şurasının sədri Arif Hümbətov çıxış edərək Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan,  Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyamızın gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatması naminə  göstərdiyi xidmətlərdən danışdı. Qeyd olundu ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.  

Tədbirdə istefada olan polkovnik Həmid Cəfərov çıxış edərək Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin mənəvi bəraətində, yenidən vətəninə qovuşmasında, adının əbədiləşdirilməsində tarixi faktlar əsasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açdı.  Həmid Cəfərovun 1982-ci ildə respublika rəhbəri Heydər Əliyevin Naxçıvana gələrkən   ona dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi   tapşırığını verməsi,  bu tapşırığın uzaq Sibirdə icra olunması ilə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin  xeyir-duasından, dəstəyindən sonra  Həmid Cəfərov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirməsi, Cavid əfəndinin nəşinin Bakıya gətirilməsi, dahi şairin doğma vətəni Naxçıvanda torpağa tapşırılması ilə bağlı sənədlər və fotolar nümayiş etdirildi. 

Tədbirdə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Rafael Soltanov və başqaları çıxış edərək  Azərbaycanın  bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsində xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinindən söhbət açdılar. Çıxışlarda  Vətənin inkişafı, xalqın mədəni-mənəvi, sosial-əxlaqi tərəqqisi naminə  tarixi xidmətləri olan Heydər Əliyevin   ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə həqiqi dəyərinin verilməsi və bütün dünyada tanıdılması üçün müstəsna işlər görməsi, yazışı və şairlərimizə layiqli qiymətini verməkdən ötrü əlindən gələni əsirgəməməsi,  o cümlədən   Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin qədim Naxçıvan torpağına qovuşması üçün göstərdiyi çoxsaylı xidmətləri   tədbir iştirakçılarının diqqətinə çatdırıldı. 

Hikmət Xudiyev