23 Yanvar 2023 10:47
203
ƏDƏBİYYAT

Nizami Gəncəvi yaradıcılığına TARİXİLİK və TÜRKÇÜLÜK

«Konstantinopol (İstanbul) mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə ulu sərkərdə, onun əsgərləri isə nə yaxşı əsgərlərdir.»-Məhəmməd Peyğəmbər S.Ə.S

ALLAHIN şərqdə bir ordusu vardır.Onun adını Türk qoymuşdur.Özünə qarşı çıxanlardan isə onların vasitəsilə intiqam alır»-Məhəmməd Peyğəmbər S.Ə.S.

«Xəzər dağından Çin suyuna qədər,Türklərlə doludur bütün bu yerər» N.Gəncəvi»Türkə bənzər yadəmən çöldə qurub ağ çadır. Çadırın ayparası Sürəyyaya nur saçır»-N.Gəncəvi»Əvvəla mən bir türk millətçisiyəm.Mən belə anadan olmuşam Mən belə öləcəyəm Türk birliyinin bir gün həqiqət olacağına inanıram.Görməsəm də xəyallarında dünyaya gözlərimi bağlayacam Türk birliyinə inanıram, görürəm.Sabahın tarixi Türk Birliyi ilə yeni dövrlərini açacaqdır.Dünya yalnız bu zaman asudəliyə qovuşacaqdır.Türkün varlığı bi köhnəlmiş dünyada yeni üfüqlər açacaq,günəş nə deməkdir,üfüq nə deməkdir, o zaman görüləcəkdir»-M.K.Atatürk

«Bir gün rəssamlar türklərin üzünü çəkmək istəyirlərsə, ildırıma baxıb çəksinlər-M.K.Atatürk

«Ey almanlar! Buraxın türklər Almaniyanı zəbt etsinlər.Haqqın, ədalətin nə olduğunu türklər sizə öyrədəcəklər»-Martin Lüter

«Qürurum imkan versəydi,Türk Əsgərlərinin alnından öpərdim»-Uinston Çörçill

«Türk Əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər»-Albert Eynşteyn


Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında parlaq səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şairin əsərlərini solmayan bir çiçəyə bənzətsək, yəqin ki, səhv etmərik. Çünki Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlamış, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş etmişdir. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.Nizami Gəncəvinin əsərlərinin Azərbaycanda öyrənilməsi, əsasən, XX əsrin 40-cı illərindən başlanır. 1939-cu ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsində şairin əsərlərinin elmi tədqiqi və tərcüməsi işlərinə dövlət səviyyəsində start verilmişdir. Lakin Böyük Vətən müharibəsinin başlanması şairin yubiley tədbirlərini geniş şəkildə keçirməyə imkan vermədi. Yalnız 1947-ci ildə Nizaminin 800 illik yubileyi keçirilmiş və həmin dövrdə onun əsərlərinin tədqiq edilməsi, çapa hazırlanması istiqamətində xeyli iş görülmüşdür. Müstəqillik illərində Orta əsrlər Azərbaycan intibahının nəhəng siması, dünya əbəbiyyatı xəzinəsinə ölməz əsərlər bəxş etmiş mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində Azərbaycan–türk amili, eləcə də Nizami şəxsiyyəti və Azərbaycan gerçəkliyi ilə bağlı tarixi hadisələrə dair önəmli faktlar daha dərindən araşdırılır, ensiklopedik şairin 5 poemadan ibarət “Xəmsə”sinin və lirika məcmuəsinin ayrı-ayrı əsərlərinə dövrün tələbləri baxımından aydınlıq gətirilir. Türklük bir milli kimlik kimi şair tərəfindən daim öyülür. Xalqımız da səkkiz əsrdir ki, öz dahisi ilə öyünür, onun irsini qoruyur və dərindən öyrənib təbliğ edir. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ədəbiyyatımıza, mədəniyyətimizə, ədəbi abidələrimizə, milli-mənəvi sərvətlərimizə, klassik əsərlərimizə dövlət səviyyəsində davamlı və mötəbər dəstək verildiyini bir daha sübut edir.Ötən əsrlər, qərinələr ərzində xalqı­mız bəşəriyyətə nə qədər dahi şəxslər, istedadlı insanlar, böyük sənətkarlar bəxş etmişdir. Elə 4 min illik tarixi olan Gəncə şəhərini götürək. Gəncənin yerləşdiyi təbii-coğrafi mühit, bol sulu çayları, münbit torpaqları, təbii mağa­ralar bu ərazidə hələ Neolit dövründə ilk insanların məskunlaşdığını sübut edir. Eldəgizlər dövlətinin hökmdarları Şəmsəddin Eldəgizin (1137–1175) və Ca­han Pəhləvanın (1175–1186) dövründə Gəncə şəhəri özünün intibah dövrünü yaşamışdır. Bu dövrdə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi şair və mütəfəkkirlər məhz Gəncə şəhərində yaşayıb-yaratmışlar. Böyük sənətkarlarımızın bizə qoy­duqları və əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan zəngin mənəvi xəzinə xalqımızın daim bəhrələndiyi tükənməz sərvətdir. Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş edən şair özünün “Xəmsə”si (“Beşlik”) ilə məşhurdur. Beş irihəcmli əsərdən – poemadan ibarət olan “Xəmsə” Şərq ədəbiyyatında ilk dəfə məhz Nizami tərəfindən yaradılmışdır. Lakin Nizami­nin yüksək ədəbi səviyyədə yaratdığı beş poema Şərq xalqlarının müxtəlif nümayəndələrinin də böyük marağına səbəb olmuşdur. Xələfləri Nizamini öz ustadları hesab edərək sonrakı əsrlərdə onlarca “Xəmsə” yaratmış, Nizamiyə mövzu baxımından da bənzəməyə çalış­mışdılar. Bu əsərlər, demək olar ki, Nizami “Xəmsə”sinin əsas ideya-bədii xüsusiyyətlərini təkrarlayır. Onu da vurğulayaq ki, təzkirəçi Dövlətşah Səmərqəndi “Daneşməndani-Azərbaycan” təzkirəsində Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış “Divan”ının olması barədə də məlumat vermişdir. Təəssüf ki, həmin “Divan” itmiş, dövrümüzə yalnız onun kiçik bir parçası gəlib çatmışdır.

Böyük özbək şairi Əlişir Nəvai “Heyrət ül-Əbrar” («Nəciblərin heyrəti») əsərində Nizamini öz ustadı və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızır” adlandırmış, “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir. Günümüzə qədər bizlərə Nizaminin “Xəmsə”si tam halda və 20 min beytlik divanından cəmi 6 qəsidə, 30 rübai, 120 qəzəl gəlib çatmışdır. Bu əsərlər dövrün tələblərinə uyğun olaraq, fars dilində qələmə alınmışdır. Onun öz əsərlərinin əksəriyyətini fars dilində qələmə alması ilə bağlı, ümumiyyətlə, Nizami yaradıcı­lığının milli səciyyəsi ilə bağlı saysız-he­sabsız araşdırmalar aparılmışdır. Nizami yaradıcılığı təkcə müsəlman Şərq poeziyasına təsir etməmişdir. Orta əsrlərdə Seyid Əhməd Nəqqaş, Behzad, Qasım Əli, Azərbaycan və Orta Asiya miniatür rəssamları da Ni­zami Gəncəvi yaradıcılığının motivlərinə müraciət etmişdilər. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyası xüsusi yer tutur.

O, bu əsəri 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, 1951-ci ildə Ankarada nəşr etdirib. M.Ə.Rəsulzadə yazırdı ki, şairin “Xəmsə”də işlətdiyi türk sözləri və Azərbaycan zərbi-məsəllərinə əsasən, sübut edə bilərik ki, Nizaminin doğma ana dilinə böyük sevgisi olmuşdur. Müəllif adıçəkilən əsərində qeyd etmişdir ki, Nizami “Xəmsə”ni fars dilində yazsa da, şairin daşıdığı hisslər və işlətdiyi mövzu­lar Azərbaycan türklərinin duyğularından qaynaqlanır. Monoqrafiya Nizaminin milli kimli­yi və əsərlərinin fars dilində yazılması kimi problemlərin də tədqiq edilməsi ilə müşayiət olunur. Məhəmməd Əminin fikrincə, “ümmət mədəniyyəti” dövründə milli kimlik və milli dil önəmli məsələ deyildi: “Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız fars­ların deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub-yazan­larına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı”.

M.Ə.Rəsulzadə haqlı olaraq türk yazılı ədəbi dilinin fars dilinə nisbətən gec formalaşmasının səbəbini türklərin köçəri həyat tərzi ilə əlaqələndirirdi. “Azərbaycan şairi Nizami” monoqrafiyasında o da göstərilir ki, dünyada mənsub olduğu xalqın dilində deyil, başqa bir dildə ədəbi incilər yaradan sənətkarlar az olmamışdır. Ümumilikdə, Nizami yaradıcılığı təkcə Orta Asiya türklərinin deyil, Şimalda yaşa­yan tatar və çuvaş ədəbiyyatına da böyük təsir göstərmişdir.

Nizami 1174–1175-ci illərdə qələmə aldığı “Xəmsə”nin sayca ilk poeması olan “Sirlər xəzinəsi” ilə didaktik poema janrını təkmilləşdirmişdir. Əsərdə əsas ideya və mövzu olaraq ədalət və əmək mövzusu, dövrün mühüm ictimai-siyasi və əxlaqi məsələləri öz əksini tapmışdır. Nizami özünün türk olduğunu bir sıra əsərlərində, o cümlədən “Sirlər xəzinəsi”ndə də təsbit etmişdir:

Şivəm qərib görünsə rədd etmə, ey şəhriyar,

Azca nəvaziş görsə, qəriblikdən qurtular.


Bununla Nizami fars şairlərinin içində özünü qərib hiss etdiyini vurğulayır. Əsərin “Birinci xəlvət – qəlbin tərbiyəsi” fəslində ağ yasəmən türklərin aypara nişanlı döyüşçü çadırına bənzədilir. Ümumiyyətlə, şair bütün yaradıcılığı boyu “Türk” sözünü yanız müsbət mənada – gözəllik, qüvvət, paklıq, ağlıq və işıq an­layışları ilə eyniləşdirir. Nizaminin fikrincə, türklük gözəlliyin ən yüksək mərtəbəsidir:

Türk gözəli gülərkən qəndin qəlbi daralır,

Ceyranların gözündən gözlər sürməni alır.

Ceyranların gözündən gözlər sürməni alır.


“Sirlər xəzinəsi”nin “Qarı ilə Sultan Səncərin hekayəti”ndə isə Nizami türk hökmdarını ədalətli və vicdanlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç bir zaman zalım və ədalətsiz olma­mışlar, lakin Sultan Səncər belə deyildir. O, qəddarlığı və zülmkarlığı nəticəsində türk adına heç bir şərəf gətirmir. Ona görə də Nizami bir qarının dili ilə türk hökmdarı Sultan Səncəri ədalətsiz işlərinə görə tutarlı şəkildə ittiham edir:

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,

Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,

Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.


Bu sətirlərdən aydın olur ki, Nizami Gəncəvi Sultan Səncərə müraciət edərək, bütün türk hökmdarlarının ədalətli olmasını arzulayır, onları türk düşüncəsinə, türk adət-ənənələrinə əməl etməyə dəvət edir, xalqa, rəiyyətə qarşı rəhmli, hörmətcil olmağa səsləyir. Eyni zamanda, şair Azərbaycanda bir Türk dövlətinin mövcud olduğunu bəyan edir. Bildiyimiz kimi, 1139-cu ilin sentyab­rında Gəncədə 9 ballıq dəhşətli zəlzələ baş vermişdir. Zəlzələ o qədər güclü olmuşdur ki, Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdiyindən Göygöl, Maralgöl və bir sıra digər göllər əmələ gəlmişdir. Hadisənin şahidlərinin, o cümlədən Qafqaz Albaniyası tarixşü­naslığının və mədəniyyətinin tanınmış nümayəndəsi Mxitar Qoşun məlumatına görə, zəlzələ nəticəsində Gəncədə 230 min, bəzi mənbələrə görə isə hətta 300 min insan həlak olmuşdur. Zəlzələdən sonra Gəncə şəhəri əvvəllər yerləşdiyi ərazidən bir qədər şərq tərəfdə yenidən salınmışdır. Təbii fəlakətdən sui-istifadə edən çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşun­ları şəhərə hücum etmiş, əhalini qarət və əsir etmişdilər. Gürcülər özləri ilə birlikdə Gəncənin şəhər darvazalarını da apar­mışdılar.Nizami “Sirlər xəzinəsi”ndə bu soyğunçuluq hərəkətinə toxunaraq yazır:

Yetim malını yemək ədalətmidir məgər?

Hələ də lənətlənir Abxazda qarətçilər.


Yeri gəlmişkən xatırladaq ki, Gəncə zəlzələsi şairin “İsgəndərnamə” əsərində də öz əksini tapmışdır:

Qopdu bir zəlzələ, göyü oynatdı,

Şəhərlər dağılıb yerlərə batdı.

Dağ-daş sarsılaraq qopub uçanda

Fələk toz altında qaldı bir anda.

Ruzgarın etdiyi oyunbazlıqdan

Sanki alt-üst oldu torpaq, asiman.

Fələk zəncirinin həlqələritək

Yerin də bəndləri ayrıldı tək-tək.

Azdı yollarını gur axan sular,

Dağlar çırpışmaqdan bitab oldular.

Heç bir göz salamət qalmadı inan,

Matəm sürməsinə qərq oldu cahan.


Zəlzələ baş verən vaxt Aran və Azərbaycan hakimi Atabəy Qara Sun­qur İsfahana gedərkən bu acı xəbəri eşidərək, dərhal geri qayıtmış, Gəncənin yenidən bərpa edilməsi işlərinə rəhbərlik etmişdi. Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Atabəyi də dərin minnətdarlıq hissi ilə yad etmişdir.Nizami Gəncəvi təkcə şair deyil, həm də alim və tədqiqatçı idi. O, qələmə almağa hazırlaşdığı mövzunu dərindən öyrənir, müxtəlif mənbələrə – Şərq və Qərb müəlliflərinin, şair və filosofların əsərlərinə müraciət edir, hər sözə, hər fikrə, hər misraya böyük məsuliyyətlə ya­naşırdı. Bu baxımdan, “Xəmsə”nin üçün­cü poeması olan “Leyli və Məcnun” da istisna deyil. 1188-ci ildə cəmi dörd ay müddətinə yazıb başa çatdırdığı “Leyli və Məcnun” dastanı üzərində işləyən böyük şair mövzu ilə bağlı müxtəlif məxəzlərə müraciət etmiş, müqayisələr aparmış, yalnız bundan sonra işə başla­mışdır. Qeyd edək ki, Nizami Gəncəvi Şirvanşah Axsitanın “Leyli və Məcnun” mövzusunda fars dilində əsər yazdır­maq təklifini qəzəblə qarşılamışdır. Hesab edirik ki, bu fakt da şairin türk əsilli olmasını təsdiqləyən amillərdəndir. Şirvanşah Axsitanın Nizamiyə ünvan­ladığı məktublarında göstərilən “Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə” kimi misraları şairi hiddətləndirmişdi və bu da sübut edir ki, şair türk olaraq, əsəri də türk dilində yazmaq istəmişdir. “Leyli və Məcnun” poemasında bununla əlaqədar olaraq o, hisslərini aşağıdakı kimi ifadə etmişdir:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçım,

Ömrüm viran oldu, solub-saraldım,

Bu əmrin önündə cavabsız qaldım.


Akademik A.E.Krımskinin fikrincə, ümumiyyətlə, “Leyli-Məcnun” poeması türk surətlərinin həyat tərzini təsvir etdiyinə görə, Axsitan tərəfindən bəyənilməmişdi. Bu cür təsvirlər ərəb mənşəli, farslaşmış Şirvanşahlar üçün qəbuledilməz idi.“Yeddi gözəl”də Nizaminin türkə və türklüyə sonsuz məhəbbət və ehtira­mını izləmək mümkündür. Məsələn, bu poemada müəllif yeddi ölkəni təsvir edir ki, bunlardan da üçü sırf türk ölkəsidir. Bu fakt onun milli mənsubiyyəti və türk xalqına böyük məhəbbət bəslədiyini sübut edir. Əsərdə gözəllərin dilindən danışılan əhvalatların ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin diliylə təqdim olunur.Bir məqamı da qeyd etmək lazımdır ki, xüsusən “İsgəndərnamə” əsərində biz türk coğrafiyasındakı toponimlərin sıralanmasını, əyalətlərin təsvirini görə bilirik.

“İsgəndərnamədə”, Nizami türk (qıpçaq) gözəllərini tərif etməkdən yorulmur. Onlar o qədər gözəldirlər ki, ordusunun diqqətini çəkməməsi üçün İsgəndər tayfa başçılarından qadınla­rın öz üzlərini gizlətməsini xahiş edir. “İsgəndərnamə”də İsgəndərin xilaskarlıq missiyasını təsvir edən Nizami onu hər zaman türklərin tərəfində göstərir ki, bu da şairin öz xalqına – azərbaycanlılara məhəbbətindən irəli gələn məsələdir.“Şərəfnamə”də Nizami qədim Azərbaycan şəhəri Bərdənin füsunkar­lığını və gözəlliyini böyük məhəbbətlə, ürəkdən gələn sevgi ilə vəsf etmişdir. Bu cür misraları yalnız əsl Azərbaycan oğlu, yaşadığı regiona dərindən bələd olan vətənpərvər şair qələmə ala bilərdi. Dahi Nizaminin milliyyətcə azərbaycanlı oldu­ğunu və Azərbaycanda yaşayıb-yaratdı­ğını təsdiqləyən çoxsaylı sübutlardan biri də məhz budur:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Yazında dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlamış kövsər.

Söyüdlük çöllərə vermişdir zinət,

Ağ bağı elə bil həqiqi cənnət…


Klassik mədəni irsimizin tədqiq edilməsində yeni mərhələnin başlanması məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Belə ki, onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır.

1981-ci ilin av­qust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında müvafiq qərar isə nizamişünaslıqda növbəti mü­hüm addım sayıla bilər. Ulu öndərin milli-mənəvi dəyərlərimizi himayə edib zənginləşdirən siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev həyatımızın bü­tün sahələri kimi, ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bü­tün dünyada təbliğ olunmasına önəm verir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Nizami Gəncəvinin kimliyi və aid olduğu xalq barəsində konkret faktlarla çıxış edib. Araşdırmaçı əvvəlcə dünya alimlərinin Nizami gəncəvinin türk olması ilə bağlı sitatlarını qabardıb: “Alman yazıçısı İohan Şerr: “Nizami ata tərəfdən türk idi”. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb.İran ədəbiyyatşünasları: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”.

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunub: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”. Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu. Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar”.

Araşdımaçı alim daha sonra Nizaminin nə üçün fars dilində yazmasının səbəblərini də konkret faktlarla əsaslandırır: “Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəyib. “Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verir. Nizami bir türk oğlu olduğundan əsərlərində də türklərin təəssübünü çəkən bir adam kimi çıxış edirdi. İndiki dillə deyilsə, ona bir türkçü kimi yanaşmalıyıq. Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi. Nizaminin əsərlərilə ayaqüstü tanışlıq belə bu şəkildə düşünməyə əsas verir. “Sirlər xəzinəsində” qoca bir qadının sultan Səncərə irad tutması buna misal ola bilər: “türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud “ölkələri ədalətdən güllü yazdı türklərin», deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur.

Onun anasının kürd qızı olması da yalandır. Nizaminin elə sözləri var ki, bunlar onun türkə məhəbbətidir, vətəninə məhəbbətidir. “Leyli və Məcnun”da anası haqda yazır: “gər madəri mən Rəiseyi-qord, madər sifatənə piş-e-mən mord”. Yəni, mənim anam Rəisə ana sifətində qarşımda öldü. Farslar bu “qord” sözünü kürd kimi qələmə verirlər, amma “qord” igid deməkdir. Nizami müxtəlif qadınlar haqqında da “qord” sözünü işlədib. “Xosrov və Şirin”də Məhinbanu Şirinə deyir ki, Xosrov Keyxosrov nəslindəndirsə, sən də Əfrasiyab nəslindənsən. Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir.Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər. Onlar Nizamidən iqtibaslar ediblər. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər” “Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən” Nizami necə ərəb yaxud farsa xidmət edə bilərdi?“Xosrov və Şirin” əsərində yazır: “Türklüyüm bu Həbəşdə heç getmir.Dadlı dovğaya xalq meyl etmir”. Burda da “Farslığım” və ya “Kürdlüyüm” deyil, “Türklüyüm” deyir.Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülüb. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır “Xosrov və Şirin” əsərinin sonunda yazır: Əgər şod torkəm əz xərgəh nəhani,Xodayə, torkzadəmva to dani.(Əgər türküm çadırdan gizlinə çəkildisə də,Xudaya, türk balasını sən özün qoru.) Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona “türküm” deyir, Afaqdan olan oğlu Məhəmmədi isə “türk balası” adlandırır. N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir. Filosof-şair ”Sirlər xəzinəsi”ndə dəfələrlə türk düşüncəsinə, türk etiqadlarına müraciət etmişdi: Türkə bənzər yasəmən çöldə qurub ağ çadır, Çadırın ayparası Sürəyyaya nur saçır”. Burada o, ağ yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşçü çadırına oxşadır və bu çadırquya, o qədər əzəmətlidir ki, Sürəyya ulduzunadək ucalıb ona şölə verir. Nizami daha sonra yazır: ”Lalənin bağrı qara — ərəb yavrusu kimi, Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi!’’. «Türk yasəmən» ifadəsi Nizaminin ənənəvi məcazlarındandır və türkün qədim dövrlərdən əbədi bahar, təzəlik, paklıq rəmzi olduğuna işarədir.

M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi. Onun fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəsləməsi onda farslıq duyğusunun olmaması idi. M.Ə.Rəsulzadəyə görə, Nizami bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır: «Təkallahlıq mövqeyindən də o hər cür ikilik və çoxluğu rədd edən bir «vəhdaniyyətçidir”. Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub öz aralarında vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlir”. M.Ə…

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Və bütün sadalanan fikirlər, göz önündə bulundurulan tarixi,elmi əsaslar istinadən tam əminliklə deyə bilərik ki, mədəni sivilizasiyaya, vətəndaş cəmiyyəti və ideyaların mövcud olduğu zamanlarda Nizami irsi də harmonik şəkildə təfəkkür,təxəyyül həmçinin şüurlarda nəsillərdən nəsillərə miras olaraq ötürüləcək, yaşayacaqdır.

Tarixi keçmişimizə baxanda çox sadə bir fikir keçir düşüncəmdən:NƏ MUTLU MƏNƏ Kİ, TÜRK OĞLU TÜRKƏM !

Novruzov Kərim BDU-nin məzunu, tarixçi