adalet.az header logo
  • Bakı 20°C
22 Yanvar 2022 15:24
2795
LAYİHƏ

Növbəti erməni məkri

Erməniləşdirmə faktına münasibət və yaxud, Ağdamda - Beşikdağ məbədinin əfsanəsi

 

Əslində reallıq nədir?

 

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılmışdır.

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Belə məbədlərdən biri də, Ağdamda Beşikdağ alban-türk məbədidir.

Ağdam bölgəsinin Şahbulaq ərazisindəki Beşikdağının zirvəsindəki el arasında Koroğlu qalası kimi tanınan, qədim Alban-türk məbədini erməniləşdiriblər... Bəli, uydurma əfsanə və yaxud, tarixin diqtə etdiyi reallıq… Bu yaxınlarda qəribə bir faktla qarşılaşdım. İnternet üzərindən azad olunmuş yuxarı Qarabağda aparılmış kosmik müşahidələri izləyərkən doğulub, böyüdüyüm Ağdam rayonunun Beşikdağ hövzəsində qəribə bir foto ilə qarşılaşdım. Bu fotoda, şərqdən qərbə baxanda Beşikdağın sol zirvəsində kilsə təsviri diqqətimi çəkdi. Bu nə kilsədi? Axı burada kilsə olmamalıdır… El arasında "Koroğlu qalası" adlandırılan bu abidə onillər boyu gözümüzün qabağında olubdur. Ahıl müdriklər danışardı ki, bu abidə yüzillər boyu burda mövcud olub… Əvvəlllər, yəni, ilkin dövrlərdə zərdüşt məbədi, sonar isə alban məbədi, Pənah xan dövründə isə gözətçi məntəqəsi olubdur. Hətta Pənah xan tərəfindən 1752-ci ildə Şuşa - Pənahabad qalası tikiləndən sonra da, İbrahim xanın xanlığının süqutuna qədər Şahbulaq qalası xanın qış iqamətgahı kimi və Beşikdağ gözətçi məntəqəsi həmişə fəaliyyətdə olubdur...

Beşik dağının şimal qutaracağında Xaçıncay tərəfə, Kəngərli kəndinə baxarında bir yaruslu 10-15 adam yerləşən böyük bir kaha da, "Koroğlu kahası" adlandırılırdı… Bu kahadan Beşik dağının içərisinə doğru bir adamın keçəcəyi lağım var… Deyilənə görə, bu lağm daha geniş bir kahaya keçiddir… Birinci kahada daşdan yonulma divan quruluşlu iri yataq yeri, təbii su yığılmaq üçün ovdan var ki, bu da, sübut edir ki, bü kaha xüsusi mühafizə dəstəsi üçün istifadə olunmuşdur. Deyirlər ki, məkrli ermənilər bu kahanın divarlarına da, xaç işarəsi çəkiblər….

İndi isə Beşik dağındakı bu abidə ermənilərin uydurduğu Tiqrnakert şəhərinin, üstündə də erməni xaçı olan "Erməni kilsəsi" kimi təqdim olunur… Beləliklə, ermənilər bu abidəni də rekonstruksiya edərək erməniləşdiriblər...

Belə bir erməni məkrinin, fitnəsinin mahiyyətini açmaq üçün tanıdığım mütəxəssislərlə - tarixçi, arxeoloq dostlarımla məsləhətləşmələr apardım, həqiqəti ortaya çıxarmaq üçün eksklüziv bir tədqiqat aparmaq qərarına gəldim ki, bu nəticələri sizlərlə bölüşürəm.

Beşik dağı haqqında qısa məlumat:

Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində aparılan arxeoloji tədqiqat işləri sübut edir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdamın Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlardan aydın olubdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (b.e.ə. VI-IV minilliyi əhatə edir, "mis dövrü" adlanır və daş dövrünün sonu - metal əsrinin başlangıcı hesab edilir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar...

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi.

Yeni elmi araşdırmalarda "alban" etnik adını qədim türk "alp"(cəsur, igid) sözü ilə bağlayırlar."Kitabi Dədə Qorqud"da bu etnosun "alpanlar" şəklində yazılışı, "alp" köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir...

Alban hökmdarlarından Oroysun adını "Kitabi Dədə Qorqud"dakı Uruz adı ilə müqayisə edirlər. Aran - Ağvan - Aquen - Ağoğlan - Ağdam (bu etnonimlərin kökündə "Ağ" sözünün durmasını təsadüf hesab etmək olmaz) adı da yalnız türk dillərində olması ilə izah olunur. Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin "Ay Tenqri"sinə uyğun gəlir. Onlarla belə dəlillər əsasında "alban" etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakasenlər, onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar...

Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir. O da, ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiyası artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

 

(ardı var)

 

Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.