adalet.az header logo
  • Bakı 20°C
01 Iyun 2023 11:59
449
MƏDƏNİYYƏT

Nürəddin Mehdixanlı: “Uşaqları qorumaq milləti, vətəni, gələcəyi...”

“Uşaqlar millətin gələcəyidir. Biz onları necə yetişdirəcəyiksə, necə tərbiyələndirəcəyiksə, onlara necə bir həyat verəcəyiksə, gələcəkdə də bu ölkə onlarla idarə olunacaq, yaşanacaq, sahiblənəcək. Ona görə əgər bir millət var olmağını, mədəniyyətinin yaşamağını istəyirsə, onun gələcəyini təmin edən ancaq o uşaqlardır”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. Xalq artisti bütün uşaqların bayramını təbrik edib:

“Biz millət olaraq uşaqlarımıza böyük dəyər verimişik. Onlar bizim həmişə baş tacımız olub. Bəlkə elə yeganə millətik ki, övladlarımız doğulan gündən özümüz onlardan fiziki ayrılana, yəni dünyamızı dəyişənə qədər onların yanında oluruq, problemləriylə, qayğılarıyla maraqlanırıq. Ona görə də mənə belə gəlir övladlarımızın atacanlı, anacanlı, vətəncanlı olması üçün keçmişin elə gözəl nəsnələri var ki, onları unutmamalıyıq. Onlar bizim daimi istinad nöqtəmiz olmalıdır. Yəni uşaq evin sərvətidir, işığıdır, var-dövlətidir, xoşbəxtliyidir. Bizdə gözəl bir söz var deyirlər ki, “ocağın yansın”. Ocağı yandıran kim olur, yəni davamlı olaraq o nəsil dəyişir, o ocaq yanır. Gözəl bir sözdür. Arzu edərdim ki, hər bir azərbaycanlının ocağı yansın, hər bir ailədə uşaq səsi gəlsin, hər bir uşaq böyüyüb ata, ana olmaq xoşbəxtliyini yaşasın. Uşaqları qorumaq milləti, vətəni, gələcəyi qorumaq deməkdir. Mən arzu edərdim ki, Allah bizə o imkanları versin ki, daima övladlarımızın, nəvələrimizin, nəticələrimizin yanında olmağı bacaraq. Əslində bizi yaşadan elə uşaqlarımızın xoşbəxtliyi, uğuru, təbəssümüdür. Ən çətin problemlərin içində olmuş olsaq belə övladımız üzümüzə güləndə, nəvəmizin gülən üzünü, baba deyib boynuna sarıldığını görəndə dünyanın bütün problemlərini həll olunmuş hesab edirsən. Mən Azərbaycan uşaqlarına daha işıqlı, gözəl, imkanlı bir Azərbaycan arzulayıram. O Azərbaycanda uşaqlarımızı görmək isə bizlərin əlindədir. Yəni bunu bizim üçün ediblər, biz də övladlarımıza etməliyik. Allah millətimizi, övladlarımızı, bayrağımızı, dövlətimizi qorusun”. 

Vasif Əlihüseyn