“O vaxt 16 yaşına çatmamış uşaqlar axşam tamaşalarına buraxılmırdı, amma mən...”
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında xatirə yazılarına start verib.
Turan xanımın müsahibəsini davamını təqdim edirik:
- Mişkinaz xanım xatirələrində yazır ki, uşaqları məktəbə Cavid özü yola salardı.
- Hər ikimizi o yola salırdı. Səhərlər ananı oyatmağa ürəyi gəlmirdi. Biz duranda artıq çay süfrəsi də, geyim-keçimimiz da hazır olurdu. Çox diqqətliydi. O dövrün insanlarında böyük sadəlik vardı, bu da görünür ki, onların daxili zənginliklərindən irəli gəlirdi. Dərslərimizlə maraqlanırdı, yaşımıza uyğun olmayan kitabları oxumağa qoymazdı.
- Teatra, kinoya da gedirdiniz...
- İndiki “Nizami” kinoteatrı ilə üzbəüz binada “Bakı kommuna” kinoteatrı vardı. Burda Atatürkə həsr olunmuş “Türkiyənin ürəyi” filminə ailəlikcə gedib baxmışıq. Özü də bir dəfə yox, üç dəfə.
- Neçənci ildə?
- Gərək ki, 1934-də.
- Bəs teatr tamaşalarına?
- O vaxt çox ciddiydi. 16 yaşına çatmamış uşaqlar axşam tamaşalarına buraxılmırdı. Mən ancaq müəllifin qızı olduğuma görə axşam tamaşalarına baxa bilirdim. Teatrda aktyorlar üçün xüsusi bir loja vardı. İkinci mərtəbədə. O yerlərə əksər hallarda bilet satılmırdı. Aktyorlar tamaşalara bu lojadan baxırdılar. Teatr muzeyi ilk dəfə teatrın binasında ikinci mərtəbədə açılmışdı. Antraktda tamaşaçılar teatr muzeyini gəzirdilər. Burda müxtəlif əlbisələr, fotolar, afişalar, nümayiş etdirilirdi. Yaxşı bir təbliğat vasitəsiydi. Sonralar muzeyin otağı məşq zalı oldu. Təəssüf ki, həmin binadan indi əsər-əlamət qalmayıb. O zaman bir rolu neçə aktyor ofa edərdi. Hamlet-Ülvi Rəcəb, Abbas Mirzə. Şeyx Sənan-Abbas Mirzə, Ülvi Rəcəb, Rza Təhmasib. Knyaz-Abbas Mirzə, Rza Darablı, Rza Təhmasib. Teatr həyatı bir də buna görə maraqlıydı. Tamaşaçılar, pərəstişkarlar mübahisə edərdi. Hərə öz sevdiyi aktyorun daga yaxşı oynadığını sübut etməyə çalışırdı. Mənim isə ən çox yadımda qalan “Səyavuş”un premyerasıdır. O qədər adam var ki... Teatrdan Natəvan heykəlinin yanına qədər olan ərazidə atlı milislər izdihamı nizamlayırdı.
... Bizi öz əsərlərinin də, başqa əsərlərinin də tamaşasına aparıb. İlk yadıma gələn 1939-cu ildəki “Knyaz” tamaşasıdır. Yeddi yaşındaydım. Həmin tamaşanın ilk və son səhnələri sonralar yaddaşımdan heç silinmədi... İllər keçdi, Teatr Muzeyində işləyəndə, - 1953-cü ildə (təbii ki, hələ bəraət söhbəti yox idi) burda bağlı bir dolab diqqətimi cəlb elədi. Öyrəndim ki, dolabdakı sənədlər repressiya olunmuş şəxslərə aiddir.
O zaman Afərin xanım Məmmədbəyova muzeydə işləyirdi o,-ona az qala heykəl qoyulası insandı,-həmin sənədləri qorudu. Əgər o dolabdakı səndlər məhv edilsəydi, təsəvvür etdi ki, indi Abbas Mirzə Şərifzadənin heç bir şəkli onunla bağlı heç bir sənəd qalmayacaqdı. 1930-cu ildə baxdığım “Knyaz”dan foto-fraqmentlər eynilə mənim xatırladığım kimiydi. “Knyaz”a Tuqanov quruluş vermişdi. Kyazı üç nəfər: Abbas Mirzə, Hidayərzadə və Darablı oynayırdı. Mən Abba Mirzənin Kyazını xatırlayıram.
Yadıma gəlir, “Şeyx Sənan”ın 1932-ci il quruluşdan baba çox narazıydı. Finalda Sənanla Xumarı “ölməyə” qoymamışdılar. Cavid də etiraz edirdi ki, bu axı faciədi. Əsəri bilən tamaşaçılar da zalı tərk etmirdilər, tamaşanın finalını gözləyirdilər. Bu həmin vaxtlarıydı ki, Cavid çox əsəbi və gərgin günlər keçirirdi. Mehdi Məmmədov xatırlayırdı ki, belə günlərin birində Cavid əlində vərəqləri cırılmış “Şeyx Sənan” əsəri sinfə daxil oldu, öz-özünə danışırmış kimi: - fahişələşmiş beyinlərə başa sala bilmədim, qanmadılar ki, faciənin faciə sonluğu olmalıdı, komediyanın komediya sonluğu”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüsey