adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Mart 2023 16:01
606
ƏDƏBİYYAT

Od içində parlayan ulduz – alovlar arasında keçən ömür

38 il rütbə daşıdığım illərdə müxtəlif zaman kəsiyində nazirlər, baş idarə, idarə, şöbə rəisləri, komandirlər bilavasitə rəhbərim olub. Bu 38 ildə bir rəhbərlə işlədiyim ən uzun müddət isə DİN-nin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində 1995-2005-ci illərdə xidmət etdiyim dövrə təsadüf edib. Belə ki, həmin qurumun rəisi Murad Hüseynov 10 il rəisim olub. Ola bilər ki, bu 10 il hörmətli oxucu üçün yalnız təqvim təəssüratı yaratsın. Əslində isə Murad Hüseynovun rəhbərliyi altında xidmət etdiyim o illər bir çoxları kimi mənə də “həyat akademiyası”, “idarəçilk məktəbi” olub.

Murad Hüseynovla ilk tanışlığım 1995-ci ildə, onun DİN Baş Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri İdarəsinə rəis təyin olduğu ilk aylardan başlayıb. Bu dövr şərəfli xilaskar missiyasını yerinə yetirmək üçün xalqın təkidli tələbi ilə müdrik Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyə qayıtdığı ilk illərə təsadüf edirdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdışına qədər Azərbaycanda gedən neqativ proseslər yanğından mühafizə xidmətinə də sirayət etmişdi. Respublikamızda baş verən yanğınların mütəşəkkil söndürülməsi, yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi kimi vacib sahələrdə problemlər öz həllini gözləyirdi. Azərbaycanın yanğından mühafizə xidmətinin “milli rels” üzərində qurmağın vaxtı gəlib çatmışdı. Murad müəllimin rəhbərlik etdiyi qurumla bağlı yazı hazırlamaq üçün DİN-in Mətbuat Xidmətinin rəisi olaraq ilk görüşümüzdə məhz Azərbaycanın yanğından mühafizə xidməti ilə bağlı bir sıra taleyüklü məsələlərlə əlaqədar maraqlı söhbətimiz oldu. İlk görüşdən qənaətim bu idi ki, zaman ölkənin yanğın təhlükəsizliyi ilə bağlı bir sıra məsul və taleyüklü vəzifələrin icrasını Murad Hüseynovun taleyinə yazıb.

1948-ci il apreiin 11-də Qərbi Azərbaycanın Qafan rayonunun Oxtar kəndində anadan olan Murad Hüseynov coşqun həyat eşqi, yaşadıb-yaratmaq həvəsi ilə 1965-ci ilin sentyabrında keçmiş “Leninneft” NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. Baş verən yanğınların söndürülməsində yanğınsöndürənlərin şücaəti Murad Hüseynovun qəlbində bu əsl kişi peşəsinə məhəbbət hissləri oyadıb. Elə bu hisslərlə o taleyini yanğından mühafizə xidmətinə bağlayıb. 1966-cı ilin sentyabrında Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb.

18 yaşından taleyini yanğından mühafizə xidmətiniə bağlayan siravi yanğınsöndürən Murad Hüseynov elə ilk anlardan öz nümunəvi xidməti ilə fərqlənib. Peşə sirlərinə yiyələnməklə, döyüş qabiliyyətini yüksəltməklə perspektivli əməkdaş kimi tanınıb. Qısa bir müddət ərzində müsbət keyfiyyətləri ilə seçilən Murad Hüseynov 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib. Məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov 1971-ci ildə Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub.

Xarkovdakı təhsil illərindəki çəkilən əziyyət sonralar gənc mütəxəssis Murad Hüseynovun köməyinə çatıb. Qaravul rəisi vəzifəsində xidmət dövründə gənc leytenant savadlı bir yanğın mütəxəssisi kimi respublika Yanğından Mühafizə İdarəsi rəhbərliyinin diqqətini cəlb edib. Ondan yanğın mütəxəssisləri hazırlanmasında istifadə olunması məqsədəuyğun hesab edilib. Murad Hüseynov Yanğından mühafizə orqanları üçün kiçik və orta rəis heyəti hazırlayan məktəbdə müəllim işləməyə dəvət olunub. O, 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışaraq yanğın mütəxəssisləri hazırlanması işində böyük əmək sərf edib.

1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub. Naxçıvan MSSR DİN Yanğından Mühafizə Şöbəsinin rəisi vəzifəsində dörd il yarım xidmət edən Murad Hüseynov burada da öz işgüzarlığını, yenilikçiliyini, təşəbbüskarlığını, ən başlıcası isə yanğından mühafizə xidmətinin fədaisi olduğunu nümayiş etdirib. Qısa bir vaxtda muxtar respublikanın yanğından mühafizə xidməti bir sıra nailiyyətlərlə öz simasını dəyişib.

İşgüzarlığı, yüksək peşəkarlığı və digər müsbət keyfiyyətləri nəzərə alınaraq 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-taktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib. 1988-1992-ci illərdə bu vəzifədə çalışan Murad Hüseynov qanlı 20 Yanvar hadisələrində, 1-ci Qarabağ müharibəsində də milli təəssübkeşliklə özünü vətənpərvər vətəndaş kimi müsbət keyfiyyətləri ilə tanıdıb.

Neçə-neçə iri və mürəkkəb yanğınların söndürülməsində yaxından iştirak edərək yüksək döyüş hazırlığı, peşəkarlıq və qorxmazlıq nümayiş etdirən Murad Hüseynov Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə “Yanğında igidliyə görə” medalı ilə təltif olunub.

İllər ötdükcə Murad Hüseynovun fəaliyyətində yüksək peşəkarlıq, təşkilatçılıq, rəhbərlik keyfiyyətləri özünü daha qabarıq şəkildə biruzə verib. O, 1992-ci ilin noyabrında “Azərineft” Dövlət Neft Şirkəti üzrə Yanğından Mühafizə Dəstəsinə rəis təyin olunub. Murad Hüseynovun bu vəzifədə yüksək rəhbərlik keyfiyyətləri, yaradıb-qurmaq əzmi ölkəmizin neft-qaz sənayesi obyektlərinin yanğından mühafizəsi işinə dəyərli töhfələr verib.

1995-ci ilin aprel ayında daxili xidmət polkovniki Murad Hüseynov Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza Xilasetmə İşləri İdarəsinin rəisi vəzifəsinə təyin olunaraq 29 il əvvəl siravi yanğınsöndürəni olduğu qurumun ən yüksək postuna ucalıb. Azərbaycan yanğından mühafizə xidmətinin yeni komandanı böyük bir ordunu qəbul edərək, rəhbəri olduğu mühüm dövlət qurumunda bir sıra islahatlara start verib. 1995-ci ildən başlayaraq yanğın hissələrinin maddi-texniki bazası gücləndirilərək yeni yanğın depoları inşa olunub, yanğından mühafizə xidmətinə məxsus 250-dən çox yanğın avtomobilində müxtəlif təmir işləri aparılaraq, onların döyüş hesabına qoyulması təmin edilib. Şəxsi heyətin peşə hazırlığı diqqət mərkəzində saxlanılaraq, yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərinin aparılmasında, yanğına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində bir sıra müsbət nəticələr əldə olunub.

Yüksək pedoqoji keyfiyyətlərə malik Murad Hüseynov ölkəmizin yanğından mühafizə sisteminə rəhbər təyin olunduqdan sonra uzun illər qəlbində yaşatdığı bir arzunu da reallaşdırb. O, Azərbaycanda yanğından mühafizə orqanları üçün milli zabit kadrları hazırlayan məktəbin açılması üçün inamlı və qətiyyətli addımlar atıb. Nəhayət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın-Texniki Məktəbi yaradılıb. Bu məktəbin yaradılması SSRİ-nin dağılmasından sonra respublikamız üçün yanğın kadrları hazırlanmasında yaranmış problemlərin həlli yolunda uğurlu və uzaqgörənliklə atılmış bir addım idi.

Respublikamız müstəqillik əldə etdikdən sonra yanğından mühafizə xidmətinin hüquqi bazasının yaradılmasına olan ehtiyac gündən-günə artıb. Murad Hüseynovun Azərbaycanın yanğından mühafizə xidmətinə rəhbərlik etdiyi illərdə hava və su kimi lazım olan bu məsələ də öz həllini tapıb. Murad Hüseynovun rəhbərlyi ilə işçi qrup qanun layihəsinin hazırlanmasında, onun Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilməsində yaxından iştirak edib. Nəhayət, Milli Məclisin 10 iyun 1997-ci il tarixli qərarı ilə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilərək Azərbaycan Prezidenti Heydər Əliyevin izaladığı 25 iyul 1997-ci il tarixli fərmanla qüvvəyə minib.

Texniki elmlər namizədi Murad Hüseynovun Azərbaycanın yanğndan mühafizə xidmətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin - ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 17 yanvar tarixli fərmanı ilə Murad Hüseynova daxili xidmət general-mayoru rütbəsi verilib. Bu ali rütbənin şəxsən ulu öndərimiz Heydər Əliyev tərəfindən təqdim olunması Murad Hüseynovun ömür kitabına “qızıl səhifələr” kimi daxil olub.

Murad Hüseynov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 İyul 2018-ci il tarixli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə də təltif edilib.

Murad Hüseynov yalnız Azərbaycanın yanğından mühafizə xidmətinin inkişafına gərgin əmək sərf etməklə deyil, həm də bir sıra şəxsi keyfiyyətləri ilə bu xidmətin tarixində silinməz izlər qoyub, qəlblərdə taxt qurub. O, müşavirələrdə, iclaslarda, təntənəli mərasimlərdə, hətta qeyri-xidməti anlarda daim əməkdaşlara nikbinlik, xalqına, vətəninə, dövlətçiliyə sədaqət hissi aşılayıb. Xalqmızın milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə həmişə böyük ehtiram bəsləyən Murad Hüseynov Azərbaycanın yanğından mühafizə xidmətinin şəhid ailələrini, veteranlarını daim diqqət mərkəzində saxlayıb, onlara qayğı göstərib. O, Azərbaycan yanğınsöndürəninin hamisi kimi sevilib.

Ömrünün 75 illik zirvəsinə qədəm qoyan Murad Hüseynov bu gün həyatının xoşbəxt anlarını yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə xalqın təhlükəsiz yaşamasını, işləməsini daha etibarlı təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra həmin nazirliyinin tabeliyinə verilmiş yanğın təhlükəsizliyi qurumlarının yeni inkişaf, tərəqqi mərhələsinə qədəm qoymasını, yanğın təhlükəsizliyi sahəsində bir sıra nailiyyətlərin əldə olunmasını və nəhayət Azərbaycan yanğınsöndürəninin özünün qəhrəmanlıqla zəngin tarixinə yeni-yeni şanlı səhifələrin yazmasını general Murad Hüseynov böyük sevgi və ehtiramla izləyir və bütün bunlar onun qəlbini fərəh hissi ilə döyündürür.

Həmişə olduğu kimi 75 illik yubileyi ərəfəsində də Murad Hüseynovun Azərbaycanın yanğından mühafizə xidmətinin inkişafı naminə xidmətlərini böyük ehtiramla xatırlayır, “1 nömrəli xidmətin” ilk generalına sağlam və uzun ömür diləyərək ömrünün hər anının bayram övqatlı olmasını arzulayırıq.

 

Hikmət Xudiyev (Cəmilzadə),

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik