"Ölüm mələyi Hacı Nuran" - Eminquey yazır

EMİNQUEY AKİF
7189 | 2024-04-22 14:23

Məncə biz Hacı Nuranı "ölüm mələyi" seçib onun özünü də buna inandıracağıq. Kim ölür, yapışırıq Nurandan. Zalımın balasının da axtarsan, Afrika qəbilələrinin başçıları ilə də şəkli var axı. İndi Nuranın ağlı-başı yerindədir, gülüb keçir, amma mənə maraqlıdır ki, nə əcəb bizim "cəmaət" Hacı Nuranın qapısını kəsdirmir? Onu pirə-zada çevirmək olardı. Qəşəng müştəri yığmaq olardı.

Tutaq ki biri qaynanasından bezib. Onun üçün belə bir xidmət:

"Qaynanandan bezmisən? Əlini qana bulama! Tez gəl Hacı Nurana, Qaç mollayla Qurana!".

Məsələn, birinin can qurtarmaq istədiyi düşməni var. Onun üçün belə bir xidmət:

"Düşmənin var? Ailəni, övladlarını düşünürsən? Düz eləyirsən! Hacı Nuran həll edər".

Misal üçün, birinin kalan borcu var. Onun üçün belə bir xidmət:

“Borclu borclunun sağlığını istər? Biz öldürərik!”

Dünyanın eftanaziya ilə ağrı çəkən ağır xəstələrə ölüm bəxş etdiyi bir dövrdə bunu çox rahat formada da həll etmək olar. Bunun üçün də bir xidmət:

“Ucuz ölüm axtarırsan? Ölüm sizə bir şəkil qədər yaxındır”.

Hətta sizə bir şey deyim, bu işin böyüməyi neçə-neçə işsiz-gücsüz insanlara da iş çıxacaqdı. Məsələn, özünü Hacı Nuranın yaxın adamı kimi təqdim edən biri çıxacaqdı ortaya. Adamları aldadıb, ölməyini istədiyi adamla Hacı Nuranın şəklini fotoşoplayıb adamları qazlayacaqdı.

Bir müddət sonra dövlət işə əl qoyacaq, Hacı Nuran nəzarətə götürələcək, amma sərbəst buraxılacaqdı. Çünki Hacı Nuranın bu qədər adamı öldürdüyü barədə şəkildən başqa heç bir sübut olmayacaqdı. Amma Hacı Nuranın adından istifadə edib camaatı qazlayanlar mütləq tutulacaq və cəzasını alacaqdı.

Hacı Nuran isə artıq ölkədən kənarda nüfuz qazana biləcək, özünün bu fövqəl bacarığını dünyanın inkişaf etmiş nəhəng ölkələrinə sata biləcəkdi. Elə bilirsiniz ki, dünyada cahil insanlar yoxdur, bircə bizdədir?! 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV