ÖNDƏ OLMAQ ALIN YAZISI İDİ
Ramiz Əskər – Əskərov Ramiz Baxşəli oğlu. Bu ad mənim üçün ən əziz, doğma və unudulmazdır. Mən onunla 1972-ci ilin sentyabr ayında Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin auditoriyasında tanış olmuşdum. Amma onun qeyri-adiliyi haqqında hələ bir ay qabaq eşitmişdim. Həmin illərdə jurnalist ixtisas çoxları üçün əlçatmaz bir zirvə idi. 1972-ci ilin yayında Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olmaq üçün imtahanlarda 50 yer uğrunda təqribən 500 nəfər mübarizə aparırdı. İlk imtahanlarda məktəbi qızıl medalla bitirmiş Ramiz Əsgər 2 imtahandan əla qiymət alaraq digər imtahanlardan azad edilmiş və tələbə adını qazanmışdır. Dərslər başlayanda biz Ramizin dərin savadına, erudisiyasına yaxından bələd olduq. Onun cavablandıra bilmədiyi bir sual yox idi. Orta məktəb proqramını mükəmməl mənimsəmiş, saysız-hesabsız kitablar oxumuşdu. Dəmir məntiqi , güclü hafizəsi çox bəlağətli, səlist və aydın nitqi vardı. Danışanda bir sözü heç vaxt iki dəfə təkrar etməzdi.
Bir dəfə yazıçı, professor Qulu Xəlilov dedi:
-“Qırx ildir filologiya və jurnalistika fakultəsində dərs deyirəm, hələ bu cür dəqiq və səlist nitqi olan tələbə görməmişəm”. Başqa epizodlarda da bu cür hallar olurdu. Məsələn, müəllimlərimizdən biri belə bir sual verdi: “ Assent” sözünün açmasını kim yaza bilər. Doğru variantı assistent idi. Onu ancaq Ramiz bildi.
Yazıçı, professor Mir Cəlal Paşayev “Sələbiyyənamə” nə deməkdir? sualını verəndə (“Tülkünamə”), onun da düzgün variantını Ramiz demişdir. Bir dəfə də Nəsir İmanquliyevin dərsində Ramiz ABŞ-ın siyasi xadimlərindən Din Raskin , Bzerjiniski və Maknamaranın adını çəkdi. Nəsir müəllim təəccüblə soruşdu: “Sən bunları haradan bilirsən?”. Bir dəfə də gözəl jurnalist, müəllimimiz Nərman Zeynalov 1920-ci illərə aid “Azvin” termininin mənasını soruşdu: - Azərbaycan Şərabçılıq İdarəsi deyə Ramiz cavab verdi.
Azərbaycanın ilk mətbuat orqanlarını oxuya bilmək üçün bizə ərəb əlifbasını tədris edirdilər. Müəllimimiz məşhur şərqşünas alim Əli Fəhmi idi. Amma bizim bəxtimizdən bu böyük ziyalı dərslər başlayandan bir az sonra xəstələnib dünyasını dəyişdi. Biz bu əlifbanı lazımınca öyrənə bilmədik. Amma Ramiz Əsgər bu əlifbanı müstəqil olaraq mükəmməl öyrənmişdi və sonra “Odlar yurdu” qəzetinə baş redaktor olanda bu əlifba ilə qəzet çap etdirirdi. O, ərəb, fars, türk, özbək, qazax, türkmən, qırğız, tatar, başqırd, qaqauz, rus, alman və hətta erməni dillərini bilirdi. Bir dəfə bizə İrəvan universitetindən bir alim gəlmişdi. Mətbuat tarixi üzrə Zaqafqaziyada ilk professor idi. Erməni bolşevik mətbuatı tarixindən mühazirə edirdi. Ramiz ayağa qalxıb ermənicə 5-6 cümlə dedi. Auditoriyada çoxları gülüşdü. Sən demə Ramiz ona erməni dilində sual verirmiş.
Ramiz çox parlaq tələbə idi. Hamımızdan seçilirdi. Bütün imtahanlardan yalnız “əla” qiymət alırdı. Hər gün Axundov adına kitabxanaya gedirdi. Gecələr də hamını yuxuya verib kitab oxuyurmuş. Bunu tələbə yoldaşımız, indi professor şair kimi tanınan Adil Cəmil danışıb: “4-cü Yasamal küçəsində kirayənişin idik. Gecələr oyanıb görürdüm ki, Ramiz durmadan oxuyur. Onun alim olacağını elə o vaxtdan bilirdim”.
Ramizin mühüm bir cəhətini də deyim: o dövrün KİV-ndə keçən bütün siyasi xadimləri, bütün ölkələri, paytaxtları əzbər bilirdi. Məsələn, Tanzaniya və Zənzibar Birləşmiş Respublikası adlı dövlətin varlığını mən ondan eşitmişdim. Bilirdim ki, gecələr türk radiolarına, Bi-Bi-Si-yə və “Azadlıq” radiolarına qulaq asır.
1975-ci ildə üçüncü kursu bitirdik. Həmin il M.V.Lomonosov adəna Moskva Dövlət Universitetinə göndərmək üçün bir tələbə seçilməli idi. Təbii ki, dekanımız, professor Şirməmməd Hüseynov bu yerə Ramiz Əskəri layiq bildi və o. Moskvaya getdi. Bundan sonra onu ancaq yay-qış tətillərində qısa müddətdə görürdük. Amma Ramiz həmişə mənimlə məktublaşıb. Ali təhsili başa vurduqdan sonra hamımız təyinatla rayonlara getdik, ancaq əlaqələrimiz davam elədi.
Ramiz bir neçə il “Azərbaycanın səsi” radiosunda işlədi. Sonra yeddi dildə (Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız, alman) çıxan “Azərbaycan bu gün” jurnalının, daha sonra “Odlar yurdu” qəzetinin baş redaktoru oldu. Ərəb, latın və kiril əlifbaları ilə nəşr olunan bu qəzetin tirajı 250 min nüsxə idi və tək bir nüsxəsi geri qayıtmırdı.
Mən Molla Cümə haqımnda bir məqalə yazmışdım və əldə etdiyim məlumatlara əsaslanıb göstərmişdim ki, Molla Cümə öz musiqiçi dəstəsi ilə gecə saatlarında toy mərasimindən qayıdarkən (onlar 5 nəfər olublar) Şəki-Zaqatala yolunda Aşağı Göynük kəndi ərazisində 11-ci Qırmızı ordunun əsgərləri ilə qarşılaşıblar (Həmin ordunun tərkibində xeyli erməni əsgər və zabitlər olub. Bu hadisə 1920-ci ilin aprel ayında olub). Onlar Gürcüstandan Balakən-Zaqatala-Şəki yolu ilə Azərbaycanın şimal-qərb rayonlarından keçərək Bakıya doğru gedirmişlər və keçdikləri bütün rayonlarda , şəhərlərdə bolşevik hərəkatına yardım edib, eyni zamanda talançılıq və soyğunçuluq ediblər. Onlar Molla Cumanı və onun musiqiçi dəstəsini də qətlə yetirib cəsədlərini də yolun kənarındakı kolluğa atıb gediblər. Bir neçə gündən sonra kənd adamları onları tapıb və kəndə gətirmək mümkün olmadığına görə, elə həmin yerdə dəfn ediblər.
Mən bu hadisə haqqında 1988-ci ildə yazdığım məqaləni Azərbaycanın mətbuat orqanlarından çoxuna apardım. Hər yerdə mənə dedilər ki, sən nə yazmısan? Azərbaycan Kommunist Partiyası mikrorayonun kruqunda 11-ci Qırmızı ordunun şərəfinə abidə ucaldıb, sən də yazırsan ki, onlar qatil və soyğunçu olublar. Beləliklə yazını heç yerdə qəbul etmədilər. Sonra mən Ramiz Əskərlə görüşdüm. Əhvalatı ona danışdım. O, məni diqqətlə dinlədi və ciddi şəkildə soruşdu. Bu faktı təsdiq eləyən insanlar varmı? Mən dedim, kənd adamları və nəvəsi. Bu məlumatı mənə onlar veriblər. Bir qədər fikirləşdikdən sonra dedi: - Məqaləni ver mənə, baxım görüm nə edə bilərəm. Bir müddət sonra – 1989-cu ildə mənim həmin məqaləm heç bir düzəliş edilmədən Ramiz Əskərin baş redaktoru olduğu “Odlar yurdu” qəzetində çap edildi. Bundan sonra Ramiz Əskərin də, mənim də başım çox bəlalar çəkdi. Amma Ramiz Əskər bir dəfə də olsun bu barədə şikayətlənmədi.
Həmin dövrdə ondan populyar qəzet yox idi. “Odlar yurdu”nun səhifələrində Azərbaycan Demokratik Respublikaının qurulması, gerbi, himni, bayraı, dövlət qurumları, parlamenti, siyasi və hərbi xadimləri, pulları və s. haqqında çox maraqlı yazılar verilirdi. Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, dərnək, cəmiyyət və birliklər, mətbu orqanlar, tanınmış elm və mədəniyyət xadimləri, görkəmli azərbaycanşünas alimlər haqqında materiallar dərc olunurdu. Qətiyyətlə deyə bilərəm ki, milli şüurun oyanmasında və milli azadlıq hərəkatının formalaşmasında bu qəzetin və onun baş redaktoru Ramiz Əskərin müstəsna rolu vardı. Yaşlı nəsil bunu gözəl bilir.
Ramiz yeddi il “Odlar yurdu”nda işlədikdən sonra istanbulda çıxan məşhur “Hürriyyet” qəzetinin Qafqaz üzrə xüsusi müxbiri oldu, bir müddət isə “XXI əsr” adlı qəzeti redaktə etdi, Azərbaycan Jurnalistlər Birliyində baş katib vəzifəsində çalışdı, “Azərbaycan mətbuatı bu gün” adlı jurnal, əyalət mətbuatına kömək üçün xüsusi bülletenlər buraxdı, jurnalistlər üçün treninqlər təşkil etdi. O, Beynəlxalq Mətbuat İnstitutunun (Vyana) və Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvü olub və orada çox səmərəli fəaliyyət göstərib.
Elə bir məqam gəldi ki ... Ramiz Əskər bu barədə belə deyirdi: “Jurnalistika çox ağır sənətdir. Qəzetçilik çox çətin peşədir. Məni düzgün başa düşün. Allahın hər günü, sabahı, həftəsi bitmir. Qəzet daim çıxmalıdır. Jurnalistin beyni bir an belə yatmır, dincəlmir, daim axtarır. Nəticədə beyin yorulur, sovrulur, gücdən düşür. Məsələn, gedib aspirant olursan, bir il minimumları verirsən, bir il materialları toplayırsan, bir il dissertasiya yazırsan, bir il də müdafiə gözləyirsənb. Nəticədə elmi ad alıb elmlər namizədi (fəlsəfə doktoru) olursan. Halbuki jurnalistikada hər həftə olmasa da, hər ay əlindən bir dissertasiya həcmində yazı gəlib keçir və bu iş illərlə təkrar olunur, sən isə yerində sayırsan. Bir də görürsən yaşının üstünə yaş gəlir, sən hər mitinqə, hər olaya, hər tədbirə yetişə bilmirsən. Bunları nəzərə alıb bir az mürəkkəb , bir az oturaq iş olan elmi seçdim. “
Ramiz Əskər 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasında əvəzçi-müəllim kimi işlədi, rus və Azərbaycan bölmələrində “Qədim türk yazılı abidələri”, “Orta türk dövrü abidələri”, “Türkologiyaya giriş”, “Türk mədəniyyət tarixi” fənlərindən dərs dedi, xüsusi kurslar apardı. Elmlər namizədi və elmlər doktoru dissertasiyaları yazdı, müdafiə elədi. 2007-2012-ci illərdə mühacirət ədəbiyyat və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiri oldu. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçildi.
Ramiz Əskərin qələmindən indiyədək 16 monoqrafiya, kitab və tədris vəsaiti, 260-yə yaxın elmi məqalə çıxıb. Onun yazdığı irihəcmli “Qutadğu bilig”, “Mahmud Kaşğari” və onun “Divanü lüğat-it-türk” əsəri, “Orxon abidələri” , “Türk xalqları ədəbiyyatı oçerkləri”, “Bağımsızlık dönemi Azerbaycan Edebiyyatı” monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin tərtib etdiyi biblioqrafiyalar da çox məşhurdur. Məsələn, o, “Divanü lüğat-it-türk” əsəri üzrə 22 dildə 1.500, “Qutadğu Bilig” üzrə 22 dildə 3.000, “Kitabi-Dədə Qorqud” üzrə 43 dildə 8.841 məxəzin (kitab, monoqrafiya, məqalə, dissertasiya, tezis) topladığı bir neçə biblioqrafiya hazırlayıb.
Türk dünyasında yaxşı tanınan Ramiz onlarca beynəlxalq konfransa, foruma və simpoziuma qatılıb, maraqlı məruzələrlə çıxış edib. O, Orxon-Yenisey abidələrini öz gözü ilə görən , bünun üçün Monqolustana, Xakasiyaya, Altaya, Tuvaya gedən yeganə Azərbaycan alimidir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Türkiyə onun tez-tez ziyarət etdiyi məkanlardır.
Bu fədakar elm adamını başqalarından fərqləndirən digər mühüm cəhət onun tərcüməçilik fəaliyyətidir. İndiyə qədər Ramiz Əskər türk, özbək, uyğur, qazax, qırğız, türkmən, tatar, qaqauz dillərindən 60-dək kitab tərcümə edib. Bunların arasında Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögəlin “Türk mifologiyası”, Yusif Balasağunlunun “Qutadğu bilig”, “Monqolların gizli tarixi” kimi mühüm əsərlər vardır. Dahi dilçi Mahmud Kaşğarinin 4 cildlik fundamental “Divanü lüğat-it-türk” əsərini ana dilimizə tərcümə etməsi isə alimin milli mədəniyyətimiz və elmimiz qarşısında ən böyük xidməti sayıla bilər.
Ramiz Əskər son dövrlərdə türk xalqları arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfələr verib, türk xalqları ədəbiyyatının parlaq simalarından Babur, Mehri Xatun, Əndəlib, Azadi, Məxdumqulu, Molla Nəfəs, Toktoqul, Çobanzadə, Tukay və digər ədiblərin kitablarını ana dilimizə çevirib, onlara ön söz, qeyd və şərhlər yazıb, özbək və tükmən şeiri antologiyalarını hazırlayıb.
Bu sahədəki böyük uğurlarına görə Türkiyənin “Tük dünyasına xidmət” və “Qızıl alma” mükafatları, Azərbaycanın “Rəsul Rza” mükafatına, Özbəkistanın beynəlxalq “Babur” mükafatı, Qazaxıstanın Qasım Amanjolov və Mağcan medalları, Türkmənistanın “Altın əsr” mükafatı və Məxdumqlu medalı, Ukraynanın Bəkir Çobanzadə medalı, Qırğızıstanın Toktoqul medalı, Tatarıstanın “Mədəniyyətə xidmət” medalı, Rusiyanın Qaysın Quliyev medalı, Beynəlxalq Türk Akademiyasının Wilhelm Tomsen mükafatı, TürkSOY-un xüsusi mükafatı və yubiley medalları ilə təltif edilib.
Ramiz Əskərin əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2010-cu ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Gözəl jurnalist, tanınmış alim və mahir tərcüməçi Ramiz Əskər bu il anadan olmasın 70 illiyi münasibətilə “Vətənə xidmətə görə” ordeni və Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” medalına layiq görülmüşdür.
Ramiz Əskər bir insan kimi də yüksək mənəvi dəyərlərə malik idi. O, ailəsinə sədaqətli, səmimi və mehriban ailə başçısı idi. Yüksək əxlaqlı və savadlı iki qız və bir oğul böyüdüb. Ömür-gün yoldaşı Solmaz xanım 4 il qabaq dünyasını dəyişəndən sonra o, çox pessimist olmuşdu
Mən bir neçə gün idi əziz dostum, qardaşım Ramiz Əskər haqqında ardıcıl düşünürdüm və bir yazı yazmaq üçün fikirlərimi toplayırdım. Təsadüfən internetdə Bakı milyonçusu, xeyirxah insan, indiyə qədər adı dillərdə gəzən Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın babası haqqında verdiyi məlumatları oxudum. Orda bir rəqəm diqqətimi cəlb etdi. Ağamusa Nağıyev Bakıda öz vəsaiti hesabına 98 möhtəşəm bina tikdirib. Bir anda məndə müqayisə yarandı. Ramiz Əskər də bütün yaradıcılıq illərində irili-xırdalı 98 kitab yazıb. Hələ minlərlə qəzet məqalələrini hesaba almasaq, o, 98 kitabı ilə türk dünyasının tarixində ən görkəmli yerlərdən birini fəth edib və bu zirvədən Ramiz Əskər dühası min illər görünəcəkdir. Allah sənə rəhmət eləsin, əziz qardaşım!
Çingiz Ənvəroğlu,
“Qızıl qələm” mükafatı lauretatı
Şəki