29 Iyun 2024 21:25
450
ƏDƏBİYYAT

“Xoş-qoş” -  Pərvanə Bayramqızı yazır
 

Avtobusda qulağıma mahnı sədası gəldi, aranjimanı bir ovuc düymənin yerə tökülməsini xatırlatdı. Mahnı bitənədək yeganə yaxşı şey bu oldu. Sinirlərimi çəkib beynimdən çıxaran, mənasız sözlərlə yüklənmiş qulaqbatırıcı musiqlərə pərçimlənmiş mahnılar başladı.

"Mən nə edim gəlsin ona xoş?
Dedilər, bir musiqi qoş".

Uzun yol boyunca avtobusda bu cür musiqi kitab oxumağıma mane olur. Bu qalsın bir yana, "müasir musiqi" deyə bir avtobus adam bunları dinləyir, düşüb evlərinə gedəndə də, məncə, qulaqlarını "təmizləmək üçün" başqasını dinləməyəcəklər. "Qrımlarından" anladım. Artıq öyrəşib, alışıblar. Elə bilirlər, nəğmə budur.

“Xoş-qoş”dan sonra alış-veriş mahnısı başladı:

"Getməyəcəm eşq satılan bazarlara,
Minməyəcəm eşqə gedən qatarlara..
." 

Bir anlıq çaşdım. Ətrafa diqqətlə baxdım. Dedim Allah göstərməsin, birdən mindiyim qatar olar, bazara-zada gedərəm. Gördüm ki, yox, düzünə gedirəm. 

Son dövrlərin mahnılarnı dinləmirəm, bu öz yerində, yeri gəlmişkən, ədalət naminə deyim ki, xalq mahnılarında da mənasız fikirlər olur. 

"İsdəkanın qırılsın, çayın yerə tökülsün" misrasında bədniyyətlikdən başqa nə var? Bununla könül alacağını düşünən kimmiş, görəsən?

"Sizin bağın meyvəsi, bizim bağa tökülsün" də başqasına məxsus olanlara göz dikməkdən başqa bir şey deyil.

Bir söz soruşum: "Meyvələrdən üç meyvə var", bəs tərəvəzlərdən neçə tərəvəz var?

İndi belə sözlər yazanları tənqid edirik, amma o vaxtlar da olub.

Adətən, videolara baxan deyiləm. Bu dəfə adətimin əleyhinə getdim. Müğənninin ətrafında üç-dörd nəfər qız uşağı rəqs etdiyinə görə baxdım ki, bunları səhnəyə çıxmağa nəyin məcbur etdiyini öyrənim. Səsi açanda görürəm, (eşidirəm) müğənni: "Qızılgülümün rəngi niyə saraldı, cavan arzularım ürəyimdə qaldı" misrasını yeni aranjimanla, şən əhval-ruhiyyə ilə oxuyur. Üzündəki sevincin, şux rəqsin təsirindən adam oxuduğu mahnını "qızılgülümün rəngi-zadı saralmayıb, cavan arzularımın hamısı həyata keçib" kimi eşidir.

Bir ağbirçək digərinə deyir: "göyçəh qızdarın hamısını telvizerə dolduruflar", o biri birçəyi ağ da düzəliş edir: "yox, oları telvizerə dolduracaxlar deyə göyçəhləşdiriflər".

Bu anda mən də düşündüm: Gözəl qızlar müğənni olurlar, yoxsa müğənni olandan sonra gözəlləşirlər? 

Onların geyim tərzinə öyrəşən qadınlar bizim geyimimizi bəyənmirlər. Elə bilirlər "televizora çıxan" bütün qadınlar müğənnisayağı geyinməlidirlər. 

Avtobusdakı o günüm getsin gəlməsin. Rayona çatanda nevrozun bir addımlığından döndüm. Mahnı adamı necə əsəbiləşdirərmiş…

Peşələr qarışdırılıb. Müğənni yazır, yazan da oxuyub-oynayır.

Beynim şou xəbərlərini qəbul etmir, gözlərim də beynimə "işləyir". Peşə xəstəliyi söhbəti də var.

Saytda gözümə belə bir başlıq sataşdı: "Zülfiyyənin kitabı bağlandı".

Məəttəl qaldım, görəsən, Zülfiyyə yazıçıdırmı, kitabı necə bağlanıb?

Təzədən baxanda Aşıq Zülfiyyənin şəklini gördüm. Səhv oxuyubmuşam, "Zülfiyyənin restoranı bağlandı" yazılıbmış.

Sonda bir sualım, bir də təklifim var.

Sual: Pencəyi şalvarsız geyinmək dəbini müğənnilər salıb, ya sərxoş adamlar?

Təklif: Müğənnilər kitab oxumur, kitab sərgisinə gəlmirlər, barı kitab haqqında mahnı oxusunlar.