27 Iyun 2024 13:42
413
ƏDƏBİYYAT

Şəlalə Camal: Allah, sənə nəylə gəlim?

Nə qədər göydələnlər var?
Az qalır buluda dəyə.
Qalxmaq istəyirəm göyə
Bir Allahı görüm deyə.

Təyyarələr göylə gedir,
Allah, sənə nəylə gəlim?
Almırsan da canımı ki,
Cismən deyil, ruhən gəlim...

Allah, arzumu çin elə,
Gəlim, görüm, söhbət edim.
Nə geyinim, nə keçinim?
Bir məni görəsən deyə?

Milyonların içində mən,
Nə kimi görünürəm görən?
Tanıyarsan görən məni?
Başıma sığal çəkərsən?

Səndən başqa kimim var ki?
Səni də görə bilmirəm.
Danışıram hey səninlə,
Cavabın ala bilmirəm.

Sənə nə qədər sözüm var,
Bilirəm ki, eşidirsən.
Səni göydə axtarıram,
Sənsə mənim içimdəsən.