29 Iyun 2024 14:25
379
ƏDƏBİYYAT

Qarı və dəniz - Tərlanə Yaqubqızı yazır

Dünən şeytanın qıçını sındırıb, daha doğrusu, işdən, sonu görünməyən  məişət qayğılarından bir neçə saatlıq özümüzü azad edib dənizə getmişdik. Adətim üzrə neçə vaxtın ayrılığından sonra dənizə yaxınlaşıb  salam verdim.(Etiraf edim ki, mən həmişə dənizə canlı varlıq kimi baxmışam.)Özümü dalğaların qoynuna atıb gözəl Xəzərimlə qol- boyun olmaq istədim. Amma  yalan nə deyim, eləcə qumlu sahildə dayanıb qollarımı geniş açdım və Allaha şükür etdim ki, bu il də gözəlim dənizi görmək mənə qismət oldu. Məni pessimist zənn etməyin, deyilənlərə görə çox nikbin, deyib- gülməyi sevən birisiyəm. Amma əgər yaş 55-i haqlayıbsa, artıq istər- istəməz həyatın faniliyi haqqında düşünməli olursan və yaşadığın hər gün üçün, aldığın hər nəfəs üçün ulu Tanrıya şükür edirsən.  Bir tərəfdən də xatirələr adama rahatlıq vermir. Hardansa eşitmişdim axı, " Gənclik xəyallarla, qocalıq xatirələrlə yaşayır".

Uşaq vaxtlarında yay tətilində hər bazar günü atamın yeni aldığı " Jiquli" maşınında dənizə yollanardıq. O gün dörd bacı elə xoşbəxt  olardıq ki... Yolboyu  gözəl müğənnimiz Zeynəb Xanlarovanın mahnılarını dinləyərdik.

Yığdım bu dünyanın malın- dövlətin,
Əllini aşırdın, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

İndi fikirləşirəm ki, o vaxt 7- 8 yaşlarında olanda bu mahnının yəqin ki, ancaq musiqisi, ritmi xoşuma gəlib. Heç Aşıq Alının sözlərindəki mənanın dərinliyinə varmamışam. Heç sükan arxasında olan atamın, onun yanında əyləşən anamın niyə kədərləndiyinin fərqində də olmamışam.

Mahnının sözlərini xatırlayıb kövrəlirəm. Dənizə yaxınlaşdıqca gözlərim dolur. Dəniz həmin dənizdir, amma mən o uşaq deyiləm. Uşaqlığımızın  qumlu sahillərdə qalan ayaq izlərini  dalğalar neçə illərdir ki, amansızcasına yuyub aparıb.  Ancaq nə hikmətdirsə, dənizə gələn kimi uşaqlaşırsan. Heç bir kompleksin olmadan dəcəl uşaqlara qoşulub oynamaq istəyirsən.

Elə bunu fikirləşirdim ki, indi də Aşıq Ələsgərin sözü olmasın, "sındı qol- qanadım, yanıma düşdü".

Ləpədöyənə lap yaxın yerdə tənha bir qarı əyləşmişdi. Ayaqları yerdə, baxışları dənizin lap uzaq dərinliklərində. İlahi, görəsən nə fikirləşir? O da mənim kimi ömrünün bəxtəvər çağlarınımı düşünür?

Ürəkləri oxumaq mümkün deyjl ki. Bəlkə də belə yaxşıdı. Yoxsa üzə gülüb, arxanca kölgəni qılınclayanlar o saat ifşa olunardı. Bəlkə də Yer üzündə ikicə dost da qalmaz, bəşər öz- özünə düşmən kəsilərdi.

Bu qoca, əldən düşmüş qarının da yəqin çal- çağırlı günləri çox olub. Bəlkə elə zamanında, elə  bu yerdə o, öz valideynləri ilə, sonra başqa əzizləri ilə vaxt keçirib əylənib? Həyatda heç kəs heç nədən sığortalanmayıb. Əgər bu gün o, bura tək- tənha gəlibsə, ya könlü belə istəyib, ya da qoşulub yanında gəlməyə bir könül həmdəmi yoxdur. Hər iki halda o, tənhadır.

Birdən nəzərlərimi ayaqlarını sürüyə- sürüyə çəkən daha  bir yaşlı xanım  və onun qolundan tutub kömək edən yeniyetmə bir qız cəlb edir. Çox təsirli mənzərədir. Deyəsən, nəvəsidir. Nənəsinin nazıyla bir oynayır ki... Addımlarını onun addımları ilə uyğunlaşdırmağa çalışır. Arada əyilib nənəsinin əynindəki enli şalvarın ətəyini səbirlə çırmalayır. Əlindəki butulkadan stəkana su doldurub nəvazişlə ona içirdir. Görünür ləpədöyənə qədər yerimək nənəyə çətin gəlib, bir az  təngnəfəs olub.  Amma nəvə ona elə qayğı göstərir ki, adam o qızı az qala qucaqlayıb öpmək istəyir. Sonra deyirlər indiki nəsil robot kimidir, hissi- düşüncəsi yoxdur. Deməli, dünya hələ yaxşılardan xali deyil. 

Təsadüfə bax, gəlib düz bayaqkı tənha qarının yaxınlığında dayandılar. O tənha qarı hələ öz xəyallarındadır. Adama elə gəlir ki, iraq olsun, bomba da atsalar, heç xəbəri olmaz. Amma yanılmışam. Birdən yaxınlığında olan nənə- nəvənin varlığından xəbər tutub onlara baxır. Kaş o baxışları təsvir etmək mümkün olardı. O baxışlarda nələr var idi: həsəd,  təəccüb, təəssüf, giley, peşmançılıq, həsrət... Birdən qarı qəfil ayağa durub oradan uzaqlaşdı. Qumlu sahillərdə yerimək çətin olsa da, mümkün qədər sürətlə addımlamağa çalışırdı. Hərdən gözlərini ovuşdururdu, bilmirəm ya ağlayırdı, ya xəfif küləyin gətirdiyi qum gözlərinə dolmuşdu.

Bir azdan nənə- bala gəldiyi kimi çıxıb getdilər. Mən də dənizlə sağollaşıb onların arxasınca getdim. Qumlu sahillərdə qalmış qoşa ayaq izləri elə gözəl görünürdü ki... Onlara ayaq basmaga ürək eləmirdim. Elə bilirdim ki, bu izlər hələ də dünyamızda yaşayan və  bizi yaşadan  məhəbbətin, dostluğun, mərhəmətin, xeyirxahlığın, ən başlıcasl, insanlığın izləridir. 

Bu izləri tapdalasam, günaha batardım.

Heyif ki, sahildən balıqqulağı yığmağı unutdum.