adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyun 2022 17:06
990
ELM VƏ TƏHSİL

Onlar bizim fəxrimizdi...

Bu gün dünyanın dörd bir yanında həmvətənlərimiz yaşayır. Onların müxtəlif ölkələrdəki uğurlu fəaliyyəti həm də doğma Azərbaycan adına görülən işlərdi. Beləliklə istərdim ki, ölkəmizdən kənarda yaşayan bir neşə həmyerlimizin uğurlarından danışaq. Belə insanlardan biri,dizayner Rüfət İsmayıldır. O, 1981-ci ildə Bakıda dünyaya gəlib. 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil alıb. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir. O, 2014-cü ildə öz brendini yaradıb və Milanda Afffair.fff kişi kolleksiyasını hazırlayıb. Hazırda İstanbulda yaşayan Rüfət İsmayıl 2021-ci ilin oktyabrında Azərbaycan xalçalarına və İkinci Qarabağ müharibəsində qələbəmizə həsr etdiyi “Sumax” adlanan kolleksiyasını Parisdə təqdim edib. Soydaşımızın geyimlərinə müraciət edənlər arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande kimi dünya ulduzları var. Rüfət İsmayıl, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva üçün geyimlər dizayn etmişdir. Tezliklə AFFFAIR brendinin “Xarıbülbül” adlı kolleksiyası da işıq üzü görəcək.

Azərbaycanın ilk peşəkar avtomobil dizayneri Samir Sadıxov 1990-ci il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, İtaliyanın “Istituto Europeo di Design” və Almaniyanın “Pforzheim” təhsil müəssisələrində oxuyub. Samir Sadıxov 2011-ci ildə “Ferrari World Design Contest”-də “Xəzri” adı ilə dizayn etdiyi avtomobillə 2-ci yerə çıxıb. O, “Lamborghini”, “Aston Martin” kimi şirkətlərlə əməkdaşlıq edib. Hal-hazırda o, Cənubi Koreyanın “Hyundai” markasını istehsal edən “Genesis Motors”da çalışır.

2007-ci ildə Amerikanın Photo District News jurnalının dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil etdiyi Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. O, 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, “Oqonek”, “Ekspert” və “Bolşoy Qorod” jurnallarında dərc edilib.

Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev 21 oktyabr 1953-cü ildə Zaqatalada anadan olub. Riyaziyyatçı Almaniyada yaşayır və Azərbaycan Respublikasının əməkdar elm xadimidir. Məsud Əfəndiyev “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktoru və bir sıra xarici ölkələrdə nəşr olunan 7 kitabın müəllifidir. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

 “Montrö Caz Festivalı”nın qalibi olan pianoçumuz İsfar Aydın oğlu Rzayev-Sarabski Azərbaycan opera müğənnisi Hüseynqulu Sarabskinin nəticəsidir. O, hal-hazırda “Berklee Music College”də təhsil alır. İsfar Sarabski “Royal Albert Hall”, “Queen Elizabeth Hall”, “Miles Davis Hall” kimi nüfuzlu konsert salonlarında çıxış edib. İsfar Sarabski “Novruz”, “G-Man”, “In Memory of Vaqif Mustafazade” kimi əsərlərin müəllifidir. 2019-cu ildə “Warner Music Group”la müqavilə imzalayıb.

 Heç şübhəsiz ki, belə həmvətənlərimizlə hər zaman qürur duymalıyıq. Çünki hər xalqa da belə istedadlı adamlar nəsib olmur. Onlar bizim fəxrimizdi. Uğur olsun Azərbaycan!

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ