Ordunun mənzərəsi: Müəmmalı şəraitdə öl(dürül)ən əsgərlər, yekunlaşmayan ölüm işləri, cəzasızlıq…

I Qarabağ müharibəsindən sonra Azərbaycanda yeni bir proses başladı. Orduda xidmət edən əsgərlərin ölümü respublikada böyük rezonans doğurdu. O vaxt düşünürdük ki, erməni səngəri ilə qarşı-qarşıya dayanmış Azərbaycan Ordusunun əsgərinin həlak olması qanunauyğundur. Axı Azərbaycan əsgəri işğalçı düşmənlə üz-üzədir. Erməni əsgəri atəş açırsa, Azərbaycan əsgəri niyə atəş açmasın ki...O tərəfdən əsgər ölürsə, yəqin ki bizim əsgərin də şəhidliyi hardasa qəbuledilən idi. Sonra isə əsgər ölümləri öz miqyasını və əhatəsini genişləndirdi. Artıq cəbhə xəttinə yaxın olmayan hərbi hissələrdə də əsgər ölümləri özünü biruzə verirdi. Təxmini deyə bilərik ki, ( bu mənim subyektiv fikrimdir) 1994-cü ildən üzü bəri qeyri –döyüş şəraitində həlak olan əsgərlərin sayı II Qarabağ müharibəsindəki şəhidlərimizin sayı ilə bəlkə də eynidir.
Əsgər ölümləri niyə artdı?
Əsgər ölümləri son 15 ildə elə bir həddə çatıbdır ki, o qədər artıb ki, artıq xalqı belə xəbərlər nəinki təccübləndirmir, hərra böyük əksəriyyət bunu adi hal kimi qəbul edir. Son iki ildə isə həm II Qarabağ müharibəsi iştirakçılarının intiharı, həm də hərbi hissədə həqiqi hərbi xidmət keçən əsgərlərin ölümü , xüsusən intiharı cəmiyyətdə formalaşmış bir sıra fikirləri təsdiq edir: Birinci səbəb cəmiyyətdəki sosial bərabərsizlik və sosial ədalətsizlik göstərilsə də əsgərlərin ölümündəki əsas səbəb ordu daxilində, hərbi hissələrdə nizam-intizam olmamasından xəbər verir. Çünki hər bir azərbaycanlının evindən Azərbaycan Ordusunda xidmət göstərmiş şəxs var və orduda “Dedovşina” nın ( SSRİ Silahlı Qüvvələrində və bəzi post-Sovet ölkərində, o cümlədən Azərbaycanda hərbi xidmətə başlayan və gənc çağırışçılar qarşı daimi zorbalığın tətbiqi və orduda nizamnamədənkənar davranışları özündə ehtiva edilməsi) olması heç kəsə gizli deyil. Hətta 2013-cü il yanvarın 12-də Bakının Fəvvarələr meydanında "Əsgər ölümlərinə SON!" aksiyası keçirildi Aksiya iştirakçıları Daşkəsəndə «N» saylı hərbi hissədə xidmət edən əsgər Ceyhun Qubatovun ölümünə etiraz ediblər.
Müstəqil Azərbaycan Ordusunda müəmmalı əsgər ölümləri hər zaman olub
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var. "Doktrina" JHAM direktoru Cəsur Sümərinli bəyan edir ki, aşağıda adları çəkilən hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir.
15 fevral. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib. Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il təvəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu - Müdafiə Nazirliyi bəyan edib ki, əsgər postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Valideynləri bildirir ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək qətlə yetirilib.
3 mart. Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından dünyasını dəyişib.
24 mart. Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O, Səbayıl Rayonundan hərbi xidmətə çağırılıb.
6 aprel. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
20 aprel. 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.
23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.
3 may. zabit, polkovnik-leytenant Mehman Musayevin itkin düşür. Mərhumun meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin qətlə yetirilməsi də istisna edilmir.
16 may. Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, R.Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.
29 iyul. Əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir. Əsgər Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb.
29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib. Nofəl Məmmədov Nofər oğlu 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində müddətli Goranboydan həqiqi hərbi xidmətə çağırılıb.
13 sentyabr. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
4 oktyabr. Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb.
Əsgər ölümlərinin artması ilə bağlı brifinq keçirildi?Səbəbkarlar ictimaiyyətə açıqlandı?
Hansı müəmmalı şəraitdə olan əsgərin ölüm səbəbi araşdırılaraq ictimaiyyət, media nümayəndələrinə açıqlandı? Nə vaxtsa bu tip bir brifinq yaxud konfrans keçirildimi? İctimaiyyət nümayəndəli ilə müzakirələr aparıldımı?Əsgər ölümlərinin səbəbkarları- cinayətkarlarının adı açıqlandımı? Həmin səbəbkarların adı “el qınağı”na verildimi? Şəxsən bir jurnalist olaraq, bunu eşitmədim.
Orduda elə bu “Dedovşina” nın olması Azərbaycan ordusunda özbaşınalığın, korrupsiyanın, ədalətsizliyin bərqərar olmasına sübutdur. O səbəbdəndə cəzasız qalan “öldürən”, qanı batırılan “ölənin” aqibəti orduda yeni-yeni ölümləri və intiharları çoxaldır. Bir misal deyək : 2021-ci il iyul ayının 19 -da əsgər Həsən Hikmət oğlu Məmmədovun özünü hərəkətdə olan hərbi maşından ataraq intihar etməsi Müdafiə Nazirliyi tərəfindən təsdiqləndi və hadisə ilə bağlı cinayət işinin açıldığı bəyan edildi.
Bir neçə gün əvvəl isə mərhumun ata-anası Kanal-13-ün efirində üsyan etdilər ki, oğlumuzun ölümündən bir il ötüb, amma cinayət işi hələ də açılmayıb. Ən pisi də odur ki, valideynlər oğlunun intihar etdiyini yox, qəsdən öldürüldüyünü deyir:”Oğlum özünü öldürəcək birisi deyildi. Hər dəfə deyirdi ki, ana burdan salamat çıxsam qurban kəsəcəm. İstintağın işi məqsədli şəkildə uzadılır. Tələb edirik onun qəbri açılsın, ölümü yenidən araşdırılsın” .
Bundan başqa 2021 –ci ilin 22 mart tarixində xidmət keçdiyi Kəlbəcər rayonunda güllə yarasından vəfat edən İlkin Zöhrabovun hansı şəraitdə, necə vəfat etməsi hələ də bilinmir. 1 il 6 ayın əsgəri olan İlkin Zöhrabov Vətən Müharibəsi iştirakçısı olub. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hərbi xidmətdən tərxis edilməsinə bir həftə qalmış ürəyinə dəyən güllə yarasından müəmmalı şəkildə vəfat edib. Anası oğlunun öldürüldüyünü iddia edir.
Müdafiə Nazirliyi 2021-ci il sentyabrında əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktını təsdiqlədi. Elə ilk gündən əsgərin ailəsi bunun intihar olmadığını iddia etdi. Cinayət işinin gedişi zamanı aydın oldu ki, hərbi hissəsinin baş çavuşu Fərəməz Abasov şübhəli şəxs kimi həbs olunub. Məhkəmənin son qərarı isə ictimaiyyətə gizli qaldı.
Həyatına qəsd ed( il)ən əsgərlər: Niyə intihar etdi, yaxud etdirildi?
Ötən ay -5 iyun hərbi qulluqçu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Bu həqiqətəndə intihardırmı? Bu ay- 2 iyuldan bu günə qədər əsgərlərin: Hüseyn Ruslan oğlu Bayramovun (avtomat silahdan açılmış atəş), Rəvan Zeynalabdin oğlu Tağıyevin ( avtomat silahdan açılmış atəş), Namizəd İsrayıl oğlu Bayramovun (suda çimərkən boğularaq ölüb) Nurlan Elşən oğlu Ağamalıyevin və evin tək oğlu Fazil Məmmədli (baş vermiş texniki qəza nəticəsində həlak olub) ölüm səbəbləri təkzibedilməz faktlarla ailəsinə çatdırılmır?
Müdafiə Nazirliyinin bu kimi hadisələrdə susqunluğu başadüşülən deyil! Niyə ictimaiyyəti, xalqı məlumatlandırmırsınız?Niyə ordumuza qarşı etibarsızlığın, şübhənin cücərməsinə səbəb olursunuz? Əks halda xalq elə başa düşəcək ki, əsgərlərin ölümü qəsdən, planlı şəkildə törədilir. Azərbaycan ordusunda xidmət edən, xidmət zamanı həlak olan əsgərlərin analarına-atalarına dürüstcəsinə cavab verilməlidir. Əks halda evdə oğul böyüdən analar ordunu əsgərsiz qoymaq məcburiyyətində qalacaq.
Hələ də anlamaq çətindir ki, əsgərlərimizin ölümü Müdafiə Nazirliyi umrunda deyil, ya xalqın bu məzmunda suallarına cavab verməyi özlərinə yaraşdırmırlar?
5 aydı Laçında iki itkin əsgəri tapa bilməyən hərbi polis, prokurorluq, nazirlik…
Bir nüansın yanından da səssiz ötə bilmədim: Ağdam rayonu Baş Qərvənd kəndi ərazi nümayəndəliyinin Orta Qərvənd kəndində doğulub boya-başa çatan və elə oradan da 2021-cil də əsgərliyə gedən Fərid Məmmədov həmkəndlimdir.
Müdafiə Nazirliyi mart ayının 5-də mediaya:” Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar”xəbəri açıqladı və elə o gündən ovuc boyda Laçın “ələk-vələk edilib” “axtarırılır”, amma itkinlərin taleyindən bu günə qədər bir məlumat ortaya qoyulmayıb. Nəhayət,valideynlər Bakı- Qubadlı yollarında yorğun düşəndən sonra - may ayında Respublika Hərbi Prokurorluğu ailəyə bir bildiriş göndərdi. Bildirişdə deyilir ki, cinayət işində bəzi faktlar aşkarlanıb:” MAXE Təbriz Babayevin Fərid Məmmədova, Firdovsi Abdullayevə və Eldəniz Mustafazadəyə zor tətbiq etməsi və işgəncə verməsi aşkar edilidi.Əsgərlər də bu səbəbdən hərbi hissəni tərk etmək məcburiyyətində qalıb. Qubadlı hərbi prokurorluğunda bununla bağlı cinayət işi açılıb. İstintaq davam edir ”.
Maraqlıdır, əsgərin itkin düşdüyü gündən açılan cinayət işi niyə yekunlaşmadı? Niyə ailə məhkəmədə övladının qatilini görməyə gətirilmədi? Niyə valideynlər, T. Babayevin 3 əsgərin ölümünə səbəb olmasını etiraf edərək ata-anaya səbəbləri söyləmədi? Axı Niyə?
Cəmi 3 ay hərbi təlim keçmiş, kəndindən başqa heç yeri görməyən, hərbi kordinantlardan xəbəri olmayan 19 yaşlı uşağı Kürdhacı kimi strateji bir əraziyə gətirilməsi nə qədər qanuna uyğundur?Və hələ də təccüblüdür ki, 5 aydır Azərbaycan Ordusunun itkin düşmüş iki hərbçisini o ərazidə axtarmaq, tapmaq bu qədər müşküldür? Bəli, xəbərlərdə deyilir ki, axtarışlar gedir. Amma nəticəsi hanı?
İtkin əsgərin anası Elmira xanım deyir ki, həyat yoldaşımı da axtarışları izləmək üçün Laçına aparmışdılar. Bu axtarış forması Əjdər kişinin heç xoşuna gəlməyib:” Qışda anladıq ki, hava şəraiti əl vermir axtarışlara. 3 aydı Laçında qar yox, qiyamət yox!Bunlar nətər axtarış aparır ki, 5 aydı, iki əsgər haqqında xırda bir məlumat əldə edə bilməyiblər. Bəyəm əsgərlər iynə sancaqdı?”.
Bəs sonra? Dövlət və hökümət orqanları iki insanın taleyinə olan münasibəti bir kağızla “yola verdilər”?Bəs valideynlərin ah –naləsi, minbir əziyyətlə, “uşaq pulu” olmadan oğul böyütməsi, onu əsgər kimi vətənə xidmətə göndərməsi, onu dövlətə arxayın olması? Müdafiə Nazirliyi görəsən bilirmi ki, nə qədər valideyn əsgər balasının həyatına qəsd edənlərin həbs edilməsini, layiq olduğu cəzaya çatdırılmasını gözləyirlər?
Ordudakı özbaşnalığın, korrupsiya əməllərinin, ədalətsizliyin, başdansovdu qərarların müqabilində nə qədər insan orduya, vətənə, dövlətçiliyə olan hissləri ölür?Bilirsinizmi?
İtkin düşən əsgər Fəri Məmmədovun anası fəryad edir:”5 aydı bala yolu gözləyirəm , balamı verin! Həm də sizə necə sağ-salamat vermişəm, elə də sağ –salamat verin!Verə bilmirsinizsə, demək balamın qatili elə sizsiniz!” – deyir.
İki çıxış yolu var! Birini demirəm, zatən alınmayacaq! İkinci çıxış yolu isə Azərbaycan Ordusunda xidmət keçərkən həlak olan əsgərlərin istintaqı nəzarətə götürülməlidir!Bütün ölüm halları yenidən araşdırılmalı, dəqiq baxılmalı və inandırıcı dəllilərlə hadisənin hansı zəmində baş verdiyi təsbit edilməlidir. Unutmayın, ordu dövlətin bel sümüyüdür, sütunudur!
P.S. Əslində adi bir ölüm hadisəsi -Dondar Quşcu kəndində 2019-cu ilin noyabrında yandırılıb öldürülən 10 yaşlı Nərmin Quliyeva cinayətinin törədənlər indiyənə qədər tapılmayıbsa, Azərbaycan əsgərinin qapalı zonada necə öldüyünü aydınlatmaq çox çətin və mürəkkəb bir proses olduğunu da unutmaq olmaz...
Ümid qalıb Allaha!
Əntiqə Rəşid
Digər Xəbərlər

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib

Baş prokuror İraq Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR

Sabah çimərliyə gedənlərin NƏZƏRİNƏ!

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

Probleminlə bağlı polis rəisinə müraciət et - VİDEO
