adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 11:53
1411
ƏDƏBİYYAT

OTUZ GÜNLÜK MÜSAFİR - Fidan Abdurəhmanova yazır

Bu  il ramazan ayında mən də oruc tutacam. Artıq 7 yaşım var, məktəbə gedirəm.Ramazan ayının son günlərini həmişə rayona nənəmgilə gedirik. Bayramı keçirib, şəhərə qayıdırıq. Bu bayram vaxtı nənəmi həmişə bikef görürdüm. Nənəm hər ramazan ayı bitəndə darıxır. Sorusanda: necə darıxmayım, ən əziz qonağımı yola salmışam, deyir. O, saatlarla bu müsafir ayın fəzilətindən, bərəkətindən və insan orqanizminə xeyrindən danışırdı.

Allahın rızası ilə mən də axşamdan bu qonağı qarşılamaq üçün ailəmlə birlikdə niyyət etdim. Səhər yuxudan ayılan kimi tez anamın yanına qaçdım. Elə bildim qonağımız gəlib, mən isə yatıb qalmışam. Çaylar süzülüb, yeməklər düzülmüşdü. Amma süfrənin ətrafında ailə üzvlərimizdən başqa heç kim yox idi.

Bu gün mənim həyatımın ilk orucu olacaqdı. Anam mənim üçün meyvəli keks, yumurtalı çörək, və südlü kakao hazırlamışdı. Xoşladığım hər şey vardı,bəhanə tapmadığım üçün mızıldana-mızıldana yedim. Hamı saata baxa-baxa yeyirdi, yəqin qonağın gəlişini gözləyirdi. Mən isə tez-tez qapıya baxırdım, təəssüf ki, yenə də gələn yox idi. Anam dönə-dönə tapşırdı: günəş batana kimi yemək-içmək, yalan danışmaq, haqsızlıq etmək olmaz. Mən bütün bu tapşırıqları dilucu təkrarlayaraq məktəbə getdim. Məktəbdə hər tənəffüs zamanı bufetə qaçdığımdan dərslərimi təkrarlaya bilmirdim. İndi sinifdə oturub kitab-dəftərimi açıb, müəllimin gəlişini gözləyirdim. Dərsarası uşaqlar şirniyyatlar yeyir, rəngli şirin sular içirdi.Mən ilk dəfə idi sinifdə oruc tutmayan, bufetə getmək üçün pulu olmayan və evdən yemək gətirə bilməyən sinif yoldaşlarımın fərqinə varırdım. Düşündükcə öz əməlimdən utanırdım. Hətta uşaqların pəncərənin kənarına qoyduqları sirniyyat kağızlarını yığıb zibil qutularına atırdım ki, oruc tutan, yeməyi olmayan uşaqların gözünə görünməsin. Dərsin bitməsinə az qalmışdı, yaman acımışdım. Fikirləşdim ki, evə çatan kimi orucumu pozum, yeməyimi yeyim. Axı mən hələ uşağam?!

Evə çatanda anasının bişirdiyi plovun qoxusu onu daha da bihuş etdi. Anası onu köməyə çağırdı: kömək etsən daha tez bişirərəm, sən də daha tez yeyərsən. Bu fikri çox bəyəndim.Aramla ət maşınına anamın doğradığı xırda ətləri əlavə edirdim. Birlikdə çəkilmiş ətləri yarpağa, kələmə büküb, səbirsizliklə bu yeməklərin bişməsini gözlədim.Bu arada tez-tez qonağı soruşurdum: bəs bu qonaq nə vaxt gələcək? Səhər də süfrə açdıq, gəlmədi.

Beləcə, saatlar yavaş-yavaş irəliləyirdi. Atam bacımı bağçadan gətirmişdi. Günəşin batmasına hələ bir saatdan çox qalmışdı.Susuzluğumbütün vücuduma od vurub yandırırdı. Fikirləşdim ki, heç olmasa su içim. Orucumu pozmaq məqsədi ilə əlimi suya uzatdım. Atam həmişəki kimi süfrəyə oturar-oturmaz öz əsgər yoldaşlarını xatırlayıbqəhərləndi.O Aprel döyüşçülərindən biri idi. Aprel döyüşləri Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasında 2016-cı il, aprel ayının 1-5 arasında hərbi münaqişə zamanı baş vermiş əks hücum əməliyyatı idi. Dostlarının çoxu qəhrəmancasına şəhid olmuşdu. Atam qəhrəman döyüşçülərimizin keçdiyi yoldan, yağışın suyunu duruldub əsgər yoldaşının yaralarını yuyub təmizləməsindən, yarpağın üzərindəki şeh damcılarını su əvəzinə içdiyi günləri xatırladı. Hər ramazan ayında oruc tutmuş, mühasirədə əsgər yoldaşlarını ələ verməmək üçün susundan yanaraq səsini çıxarmadan can verən şəhid dostundan danışdı.Mən utandığımdan əlimi sudan çəkdim. Gözlərimi saata dikib iftar vaxtını və bir ay bizdə müsafir olacaq ən əziz qonağın yolunu gözlədim.Azan səsləri bir-birinə qarışdı.

Xoş gəldin Ramazan!Bu mübarək qonağın gəlişi hər il bir tarixə düşür. Bir ay bütün evlərin sevimli sakininə çevrilən müsafir gündə iki dəfə ailəni ətrafına toplayır. Gün cıxandan gün batana kimi insan ac-susuz qalmaqla yanaşı, həm də yoxsul insanların dərdinə şərik olur: İldə bir ay bütün uşaqlar eyni saatda yemək yeyir.Ürəyimdə bir dua vardı: dünyada heç bir uşaq ac qalmasın!

 Fidan Abdurəhmanova  filologiya üzrə fəlsəfə doktoru, dosent