adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2024 11:01
1366
ƏDƏBİYYAT

Oxucusunu heyrətləndirən şair

(Vahid Aslanın “Ürəyim söz yuvasıdı” adlı şeirlər kitabı haqqında  düşüncələrim)

 

            Həyatının kamillik dövrünü yaşayan, hal-hazırda yazıb yaradan və yaradıcılığından ilham alan Vahid müəllimin “Ürəyim söz yuvasıdı” şeirlər kitabı ülvi hislərlə dolu olan çox-çox saf, təmiz və pak ürəyinin məhsuludur.

            Kitabda onun havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi kənd həyatından tutmuş şəhər mühitinə qədər keçdiyi maraqlı və zəngin həyat yolundan söhbət açılır. Şairin keçdiyi bu həyat tərzi poeziyaya gətirilir, az sözlə dərin mənalar ifadə olunur. Onun istər heca vəznində, istərsə də sərbəst vəznində yazdığı şeirlərinin dili çox aydın, səlis və başa düşüləndir. Bu baxımdan onun şeirlərində yaxın keçmişlə müasirliyin vəhdəti gözəl ifadə olunur. Şeirlərinin əksəriyyətində lakoniklik, yığcamlılıq özünü daim göstərir. Müəllifin şeirlərində bədii ifadə və təsvir vasitələrindən geniş istifadəyə yer ayrılır. Bənzətmə, metafora, metanomiya, bədii sual, mübaliğə, litota, təkrir, təzad və s. onun oxucusunu heyrətləndirən şeirlərindəəks olunur.

            “Dəniz danışır”, “dəniz darıxır”, “sahil mürgülüdü”, “şəhər istidən qovrulanda”, “yağışı dənizə qısqanan külək”, “qapımın ağzında ağlayan külək”, “üşüyən dəniz”, “çəkilib komasına dərələr fağır-fağır”,”elə bil eynək taxıb şüşə göz gölməçələr”, “uğuldayır, tövşüyür külək, qapımı döyür külək”, “dəniz oxuduqca nəğmələrini”, “dəcəl ləpələr yatmaq istəmir”, “payız yorğun görünür”, “xatirələr ürkək-ürkək qısılıb qucağıma” və s. kimi bədii ifadə və təsvir vasitələri daha çox zənginlik təşkil edir.

            Şairin dialoq şəklində oğluna müaciətlə yazdığı “Bilirsənmi” şeirində küləyin, ürəyin nə zaman sevildiyindən söhbət açılır və şair özü bu iki suala tam tutarlı cavablar verir:

 

Bilirsənmi,

Külək nə zaman

Sevilir oğlum!

Bir yay günü

Şəhər istidən qovrulanda;

Bilirsənmi,

Ürək nə zaman

Sevilir oğlum!

Kiminsə

Qaranlıq taleyinə

İşıq olanda.

 

Sanki şeirin 3-cü bəndini yazmağı şair oxucuların ixtiyarına buraxır və onlardan belə bir bənd əlavə etməyi istəyir:

 

Bilirsənmi,

Bu an, bu zaman

Nələr düşünür atan?

De, nələr, oğlum?!

 

Yazmaqla və ya yazmalı olduğumuz halda artıq oxucu bu bənddəki suala cavablar axtarmalı olur. Görəsən, şairin istəyi, fikri, düşüncəsi, amalı, arzusu, əqidəsi nə ola bilər, İlahi?

            Bəli, bu fikir və xəyallar oxucunu bu bənd və sual qarşısında mat qoyur. Oğul da, oxucu da hey fikirləşir, düşünür cavab axtarırlar. Lakin sual tələb olunmayan bu suala yenə şairin özü kitabının 55-ci səhifəsində çox gözəl cavab verir. Şairin artıq nə istəyib nə istəmədiyi, onun amal və arzusunun nədən ibarət olduğu gün kimi aydın olur. Bitib tükənməyən arzuları sərhədləri aşır, dünyanı gəzir, dolaşır və hamının sevdiyi bir dünya ilə qovuşur. Bu isə onun sərhəd tanımayan ən böyük istəklərindən biridir:

 

İstəmirəm bu qədər sərhəd,

Bu qədər dövlət,

Bu qədər tikanlı məftil olsun!

İstəmirəm bu qədər din,

Bu qədər hakimiyyət,

Bu qədər dil olsun!

İstəmirəm

Bir yanda insanlar ac,

Bir yanda tox olsun!

İstəyirəm

Ayrıseçkiliklər yox olsun!

Nə insanlığa qurulan hiylə,

Nə də dünyanı yeyəcək tamah olsun;

İstəyirəm

Hamının sevdiyi bir DÜNYA,

Bir İNSANLIQ, bir də ALLAH olsun!

 

Bəli, hamının sevdiyi bir dünya, bir insanlıq və hamının inandığı bir Allah, bir inanc yeri. Çox böyük düşünülmüş fəlsəfi bir fikirdir.

            Şairin şeirlərindən gətirdiyi bu nümunələrin özündə bədii ifadə vasitələrindən həm təkrir, həm bədii sual, həm də təzad işlədilmişdir. Bu kimi ifadələr isə şeirin ahəndarlığını qat-qat artırır. Nümunədə 3 dəfə, “bilirsənmi”, 3 dəfə “istəmir”, 2 dəfə “istəyirəm”, 4 dəfə “bu qədər” deməklə şair təkrirlərdən və təzadlardan istiadə etmişdir. Belə misalların sayını qat-qat artırmaq olar. Məsələn: “Özüm qarışqayam, dərdimsə böyük” (litota), “Dünya balacadı, sözüm böyükdü” və s.

Bədii sual: “Nəfəs tükənəndə, ömür bitəndə

                    Görəsən həyatdan doymaq olarmı?” və s.

            Hər fəslin öz gözəlliyi olduğu kimi şairi də bu fəsillərdə duyğulandıran təbiət onun dilində poeziyaya çevrilir. Bəzən öz füsunkar gözəlliyi ilə, bəzən sərtliyi ilə və bəzən də sakit pıçıltısı ilə ürəkləri oxşayır, ona sığal çəkir, insanları qurub yaratmağa, həyatı sevməyə, ondan kam almağa, yaşamağa səsləyir. Vətəni sevmək, vətənpərvər olmaq onun əsas devizlərindən biridir.

            Yağan yağışlar, qıvrıla-qıvrıla axan çaylara saralıb tökülən sarı yarpaqlar, narın-narın yağan qar dənəcikləri, qarı və pəncərələri döyən küləklər, hərdən bir kükrəyib şahə qalxan dəniz ləpələri Vahid Aslan poeziyasında çox gözəl təsvir və tərənnüm edilir.

            Onun böyüyüb boya-başa çatdığı kənd həyatı, uşaqlıq çağları, gənclik illəri heç vaxt yaddan çıxmır, unudulmur. Kəndinə, elinə, obasına döndükcə keçmiş xatirələr, görüş yerləri yada düşür. Ülvi, pak və təmiz məhəbbət hisləri şairin qəlbini titrədir. Məhəbbətdən aldığı həzz və zövq poeziyaya gətirilir, insanları və oxucuları duyğulandırır. Şairin bu ruhda yazdığı, qələmə aldığı şeirləri hədsiz qədər çoxdur. “Kənd uşaqları” adlı şeirində olduğu kimi:

 

Sizə söhbət açım bildiklərimdən,

Görün, necə olur kənd uşaqları;

Bizim Gədəbəydə gördüklərimdən

Bir az pay göndərim, şəhərə sarı...

Dağların qoynunda doğulur onlar.

Beləcə, ruhuna məğrurluq hopur.

Əvvəl cığır olur,

Sonra onlardan

Böyük şəhərlərə yollar doğulur.

Əvvəl dağ çayına könül verirlər,

Sonra bulaqların nəğmələrinə;

At yəhərləyirlər babalarına,

Quzu otarırlar nənələrinə;

Hərdən də qayalar döşünə çəkir,

Dərələr gizləyir quzularını;

Torpaqda cücərdir ümidlərini,

Göylərə açırlar arzulalarını;

Köksünə sığmayır uşaq sevgisi,

Anlasan görərsən qanadlarını;

Könlünə toxunma!

Qəlbinə dəymə!

Asta ol! Qırarsan qanadlarını.

... Səhərlər günəşdən əvvəl oyanar,

Belədən-beləyə ölçər yolları.

Gecə yuxuda da futbol oynayar,

Bax, belə böyüyər, kənd uşaqları.

 

Və yaxud da “Kənd adamları” adlı şeirini nümunə göstərmək olar:

 

Bir az geniş atar addımlarını,

Bir az da başını torpağa əyər;

Əlləri belində çarpaz dayanar,

Nimdaş pencəyini külək yelləyər,..

Cığırlar tən gələr ayaqlarına,

Düşər arxasınca şəkil kölgəsi.

Bulaq nəğməsi tək süzülüb gedər,

Hərdən dodağında pıçıltı səsi.

Hərdən papağını başından alar,

Pencəyin ucuyla silər tərini;

Arada daş üstdə bir az oturar,

Yollarla bölüşər dərdi-sərini.

Hərdən də boylanar lap uzaqlara,

Dağları görüncə gözü sevinər.

Dərd nədi,.. hamısı çıxar yadından,

Daha nə sıxılar, nə də deyinər;

Dağları görüncə inamı artar,

Daha da sərt atar addımlarını;

Mən belə görmüşəm kəndi bir zaman,

Belə tanımışam adamlarını.

 

            Şairin təbiət və məhəbbət mövzusunda yazdığı şeirlərlə yanaşı, onun istər ictimai siyasi hadisələrlə bağlı, istərsə də I və II Qarabağ müharibəsi illərində qələmə aldığı şeirləri xüsusi bir əhəmiyyət kəsb edir. Onun şəhidlərə, qazilərə həsr etdiyi şeirləri, şəhid ata və anaları ilə görüşləri, müsahibələri, şəhidlərin qəhrəmanlıqlarından söz açması, hər birinin acısına, dərdinə, kədərinə şərik olması, çətin də olsa bu qəm və qüssəni bölüşmək yaradıcı bir şair qəlbi üçün nə qədər ağırdır. Bu baxımdan şairin “Şəhid atası” şeiri daha çox diqqəti cəlb edir:

 

İstəyirəm söz deyəm,

Sənə təsəlli olsun!

Qarşında əyilirəm,

İstəyim bəlli olsun!

Arxanda gizləyirsən,

Qıymırsan əllərini

Öpəm, oxşayam bir az;

Sən bir az dağdan uca,

Bir az qayadan sərtsən!

Tarixim kimi qoca,

Babalar kimi mərdsən!

Sabahlara uzanan

İşıq var baxışında,

“Zəfər” sözü yazılıb,

Alnının qırışında.

Sən ey Şəhid atası!

Hələ də gözlərimi

Çəkənmirəm gözündən,

İcazə ver bir damla

İşıq alım üzündən.

Sən geniş ürəyinlə,

Sən enli kürəyinlə

Torpaqsan vətən boyda.

Sənin Şəhid oğlun da

Sənə öxşayıb boyda.

Şəhid kimdi? – Vətəndi,

Ana torpaqdı Şəhid!

Vətənin göylərində

Üzən bayraqdı Şəhid!

Sən ey Şəhid atası!

Sərtlik var duruşunda.

“Zəfər” sözü yazılıb,

Alnının qırışında.

 

            Bu görüş anlarını bu ağrılı-acılı günləri bir daha yada salmaq, qaysaq bağlamış yaraları yenidən göynətmək həm şair üçün həm də şəhid ata anaları üçün çox-çox ağır və dözülməzdir.

            Şairin qələmə aldığı “And”, “Şəhid anası”, “Şəhid ömrü”, “Qəhrəman əsgər”, “Şəhid qadını”, “İgid əsgərim”, “Evin tək uşağı – Şəhid”, “Şəhidlə ananın söhbəti” və s. şeirləri də bu qəbildəndir.

            Qeyd etməliyəm ki, istər bir jurnalist kimi, istərsə də bir şair kimi Vahid Aslan yaradıcılığı gənc nəslin qəhrəmanlıq, vətənpərvərlik ruhunda böyüməsində və bir şəxsiyyət kimi formalaşmasında əvəzsiz rola malikdir.

Məmməd Mustafayev, Ədəbiyyatşünas