“Oxuma tar, səni sevmir proletar”
Adalet.az Kulis.az-a istinadən Həmid Piriyevin "Tar – oxusun, yoxsa oxumasın?" adlı yeni məqaləsini təqdim edir.
Bu yazıda tarın mədəniyyətimizdəki yeri və rolu haqqında yox, sırf bir hadisə ilə bağlı məqamları yazmaq istəyirəm – tarın qadağan olunması məsələsi.
XX əsrin əvvəllərindən milli musiqidəki savadsızlığa qarşı mübarizə başlayır. Xüsusən, Üzeyir Hacıbəyov tez-tez dövrü mətbuatda məqalələrlə çıxış edir.
1920-ci ildə Üzeyir Hacıbəyovun və o vaxtkı Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin təklifi və səyi ilə, Xalq Maarif Komissarlığı və Şəhər Maarif Şöbəsinin birgə qərarı ilə Bakıda Xalq Konservatoriyası təşkil edilir və tezliklə onun nəzdində Şərq musiqisi üzrə “Qısamüddətli pedaqoji kurslar” yaradılır. Pianoçu Xədicə Qayıbova kurslara rəhbərlik edir. Sonralar Şərq şöbəsi ayrılıb müstəqil Türk Musiqi Texnikumu kimi fəaliyyət göstərir.
1922-1928-ci illərdə Xalq Maarif Komissarı vəzifəsində çalışan ədəbiyyatşünas və tənqidçi Mustafa Zəkəriyyə oğlu Quliyevin tövsiyəsi və göstərişi ilə isə tar alətinin konservatoriyada tədrisi qadağan edilir.
Bu barədə “İnqilab və Mədəniyyət” jurnalında məlumat verilir: “Azərbaycan Dövlət Konservatoriyasının qüvvətləndirmək məqsədi ilə AXMK (Azərbaycan Xalıq Maarif Komissarlığı) bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiriləcəkdir”. (“İnqilab və Mədəniyyət” jurnalı. Bakı. 1929 № 2 səh. 39)
Mədəniyyət sahəsində çalışan incəsənət xadimləri iki cəbhəyə bölünür: tarın təəssübkeşləri və əleyhdarları.
O vaxtlar artıq Xalq Torpaq komissarı işləyən Dadaş Bünyadzadə 30 tarzəndən ibarət orkestr yaradılmasını təklif edir və buna nail olur. O, məqalələrindən birində yazır: “Tarçılar öz “Segah”larını çalarkən, bizim fəhlələr Şərq musiqisinin gözəl məziyyətlərindən mütəəssir olur. Lakin təkcə Şərq orkestri yaratmaqla bizim bu sahədəki işimiz bitmir. Biz incəsənəti və incəsənət elmini, Avropa musiqisi ilə yanaşı olaraq, bütün Azərbaycana yaymalıyıq”.
Bəstəkar Əfrasiyab Bədəlbəyli “Tar üzərində mühakimə münasibətilə” məqaləsində yazır: “Tar Azərbaycan xalqının musiqi instrumentidir. Tarın nota ilə çalınması işində böyük müvəffəqiyyətlər vardır. Tarı muzeyə göndərmək təşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli.
Beynəlxalq musiqi alətlərindən başqa, hər xalqın özünəməxsus bir çox musiqi aləti dəxi vardır. Bunların bəzisi öz qayrılışı, səsi və dəyərinə görə geniş intişar tapdığından (ingilis tütəyi gibi) beynəlxalq musiqi instrumentləri sırasına daxil olur. Bəziləri isə tərəqqi etmir, öz ibtidai halında qalırlar (saz gibi).
İnqilabdan sonra Şuralar İttifaqında xalq musiqi instrumentləri geniş intişar tapmışlardır. İşçi klubları, kəndli guşələri, qızıl ordu hissələrində xalq musiqi instrumentləri təşkil olunmuşdur.
Avropa və Amerika ölkələrində də hər xalq öz musiqi instrumentinə “mülki hüquq” verməyə, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil etməyə çalışır.
Bizim xalq musiqi instrumentlərindən ən çox tərəqqi və intişar edəni tardır.
Bir çoxları tarın musiqi instrumenti olmadığını və rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də, xalis İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru deyildir.
Əgər tar, Azərbaycana İrandan gəlmişsə, hər halda, tarın İranda icad edildiyi dəxi doğru deyildir. Miladdan 2000 il qabaq misirlilərin “Nabia” adlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey deyildir. Misirlilərin nabiası İranda Əbu Nəsr Fərabi tərəfindən təkamül edilmiş, İran tarı halına salınmışsa, Azərbaycanda da İran tarı məşhur tarçalan Sadıq tərəfindən büsbütün dəyişdirilmiş, azərbaycanlaşdırılmışdır...” (“Kommunist” qəzeti, 11 yanvar 1929-cu il № 9 (2515)
Həmin nömrədə “Tarın məhkəməsi” adlı bir elan da çap olunur: “Şənbə günü, yanvar ayının 12-də, axşam saat 7-də Bünyadzadə adına Dövlət Türk teatrosu binasında tarın bir musiqi aləti olmaq üzrə lazım olub-olmadığı haqqında müzakirə və mübahisə məclisi çağrılır”.
Müzakirədə həmin vaxt “İnqilab və mədəniyyət” jurnalının məsul redaktoru olan Mustafa Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəkdilər. Müasirlərin xatirələrinə görə, məclisdə Müşfiq də varmış. Və o, Mustafa Quliyevin etiraz və fitlərlə müşayiət olunan çıxışından sonra durub, sonralar “Tar” şeirinə salacağı bir neçə misranı bədahətən deyibmiş:
“Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti, -
Alovlu sənəti...”
Bu hadisədən üç ay sonar – 1929-cu ilin 29 aprelində Türk Akademik Teatrında tarzən Qurban Primovun yaradıcılığının 25 illiyi qeyd olunur. Tədbirdə “Leyli və Məcnun”dan, “Əsli və Kərəm”dən parçalar oynanılır, tar partiyalarını isə Primov özü ifa edir.
Bəzi ədəbiyyat adamları da bu hərəkata qoşulmuşdu. Həmin dövrdə yazılmış bəzi şeirləri təqdim edirəm.
Mikayıl Rəfili
“Dəmir şair sazı”
(şeirdən bir parça)
Ey qızıl tellərin içində titrəyən sazımın milli teli
Bir az da sən çal!
Sən qırılmaq istəməsən əgər mənim əlimdə
Bax bu coşan qəlbimin aləmini xəyal et
Bir çan səsi!
Bıqdıq artıq incə səsdən
Bizi yormuş kar qulaqları qıdıqlayan
Keçi səsi
Sədəf tarın
Mələməsi...
Ucal sən ey əsrim gibi nər şairin ər səsi!
(“Pəncərə” kitabı. 1929)
***
Məmməd Rahim
“Tar”
(şeirdən bir parça)
Toxunduqca qəmli mizrab,
Fəqan dolu dərdli simə,
Könlüm gibi bağlı gördüm,
Çoxlarını bir tilsimə.
Nədir o boşluğu burur,
Yüksəldikcə pərdə-pərdə.
Gah ağlar, gahi öskürür,
Nədir orda düşən dərdə?
İçindəki inləyəni,
Deyirlər Şərqə məxsusdur.
Madam sıxır dinləyəni –
Ağlatma, gəl onu susdur.
(“Arzular” kitabı. 1930)
***
Süleyman Rüstəm
“Tar səsə qoyulur”
Kəs səsini, ötmə dedim. Ötmə dedim, ötmə, tar!
İstəməyir proletar səndə çalınsın Qatar.
Qaldıraraq qabar çalmış əlindəki çəkici,
Çəlik zindanlara vuran meşin döşlüklü işçi,
Deyir: “Yetər Yetim Segah, yetər Qatar, şikəstə,
Çünki deyil bizim həyat, mühit yetim və xəstə”.
İstəməyir səni bizim yeni həyat, dinlə tar;
Get şahların, get xanların məzarında inlə, tar.
Sənin səsin canlandırır önümüzdə hər zaman
Hərəmxana və meyxana... Eyşi-işrət məclisi.
Səhnəmizdə yaşamaqda hala səsinlə inan:
Ərəbistan çöllərinin Məcnunu və Leylisi.
Sən bizimlə ötəməzsin, bəlli bizdən deyilsən,
Səndən uzaq yeni həyat, səndən uzaq inqilab
Yeni coşqun nəğmələrə sən etməzsən əsla tab.
Bir zövq almaz bu cəmiyyət ölgün ağlar səsindən.
Bir atırız səni ömrün ancaq bu son dəqiqə
Simlərini qırıb səni muzeylərə atmasaq
Sosializmə gecikəriz bəlkə beş-on dəqiqə
Mərd deyiliz o mənzilə vaxtından tez çatmasaq.
Bu həyatla danışamaz tar bu işdə lal gibi,
O, bu saat bizim üçün qurumuş bir dal gibi.
Sosializmin təranəsi əsla tarda çalınmaz,
Tarda vermək olmaz bizim zavodların səsini.
Qavrayamaz bu ölkənin ahəngini dərdli tar,
Tarla bizim inqilablar ola bilməz həmavaz.
Biz eşitmək istəməriz dərdli tarın səsini
Sənə ölüm, sənə ölüm! Budur bizim son qərar.
Ey tar çalan komsomolçu öncə bu ilk addımı
Biz atalım, biz olalım bu axının önündə.
Təzə nəğmə oxuyalım onun öldüyü gündə
Əgər tar lal olmasa mən dəyişərəm adımı.
***
Müğənninin ilk sözü bu: dalay dalay dalay lay!
Mənimsə ilk və son sözüm, daloy bu tar və ah-vay!
Hamı bilir gecə-gündüz sən ağlarsan, o ağlar,
Xırıldayan səsinizdə şərqin göz yaşı çağlar.
Qızarmadan soxulmuşsan hətta bizim vuzlara
O yer sənin yerin deyil, haydı ordan bayıra.
Mən qoyuram tarı səsə. Kim lehinə? Sayıram:
Bir, iki, üç daha yoxmu?!
- Lehinə budur ancaq...
- Əl qaldırsın kim bu tarın əleyhinə sayıram
- Bir, iki, üç, on, yüz, bu on min
Olmayır heç saymaq!
- Yox mən buna dözə bilməm, mən bu dərddən partlaram
Mən əməkdar bir alətəm, bir söz, əməkdar taram.
Yoldaş şair! Məni səsə qoymaq neçin? Bu nədir?!
- Vətəndaş tar, mən nə edim sənin əleyhinədir
Fabrikalar və zavodlar, bu vışkalar, bu həyat,
Yorulmuşsan bir az da get uzan muzeylərdə yat.
Moskva
18 aprel 1930
(“Atəş” kitabı. 1932)
Tarın ən coşğun müdafiəçisi isə Mikayıl Müşfiq idi. Müşfiq tarı müdafiə etdiyi “Tarın cavabı” adlı ilk şeirini 1929-cu ildə yazır (çox güman ki, yuxarıda qeyd etdiyim iclasdan sonra). Müşfiqin “Mənim dostum” və “Azadlıq dastanı” poemalarında, “Əbədiyyət nəğməsi”, “Tərtərhes nəğmələri”, “Üç sağlıq”, “Duyğu yarpaqları” və “Yeddi aşıq” şeirlərində də tar musiqi aləti kimi rastımıza çıxır. Amma onun tara həsr etdiyi iki ən əsas şeiri var ki, onları burda təqdim etməsəm, olmaz. Birincisi, uşaqdan-böyüyə hamımızın bütöv də olmasa, bir hissəsini əzbərə bildiyimiz “Tar” şeiridir (iclasda bədahətən dediyi misraları sonradan inkişaf etdirib bu şeiri yazmışdı Müşfiq).
Oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti -
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq çargahın divardan-divara
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlk bahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün segahın danışır
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bəzən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!...
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xəlçələr
Xəlçələr üstündə uzanmış -
Dodağı qönçələr
"- Hey, saqi, mədəd qıl soğudu şərabın,
İncitmə könlünü bu xanə-xərabın!" -
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan aç gözlü şairlər:
Nadimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Həp səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unutar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa «gül!» dedin,
«Ey qüssə, öl!» dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə,
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq.
Oxu, tar! Dəyişdi zamana,
Bax, indi radio səsini
Dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə aba, nə qəba, nə sarıq.
Oxu, tar! Alovlu izlərin
Əcəba, neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakımın,
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti.
Alovlu sənəti!
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti -
Alovlu sənəti!..
İkinci şeir isə 1936-cı ildə yazdığı “Nə deməkdir?” şeiridir.
Çoхdandır çalınmayır divardan aslı tarın,
Tutqun bir ürək kimi tеlləri paslı tarın,
Еy mеhriban sеvdiyim, gurlayacaq, yoхsa yoх?!
Mən bilirəm, sənin ki, bir qəlbin var sədəfdən,
İçindəki incilər saçılıb hər tərəfdən,
Dodağında şərqilər parlayacaq, yoхsa yoх?!
Sən iclasdan gəlirsən, məni də yormuş kitab,
Nə dayanmaq vaхtıdır, iştə tar, iştə mizrab,
Nə gözəldir nəğmələr qanadında ucalmaq!..
Həyat işdir, döyüşdür, səadətdir, əməkdir,
Bilə-bilə bunları dayanmaq nə dеməkdir?!
Nə dеməkdir dünyada tеz qarıyıb qocalmaq?!
Az qala on il davam edən mübahisələr nəhayət ki, 1934-cü ildə bitir. Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında “Tarın və kamançanın perspektivləri” mövzusunda mühazirə oxuyur, tələbəsi Səid Rüstəmov isə 1935-ci ildə “Tar məktəbi” dərsliyini yazır.
Maraqlı burasıdır ki, təxminən qırx ildən sonra tarı yenə də “sıradan çıxarmağa” çalışırlar. Amma bu dəfə ideoloji başbilənlər yox, musiqiçilər özləri. Yetmişinci illərdə gitara yavaş-yavaş tarın yerini tutmağa meyllənir. Bir çox toylarda muğamlar tarın yox, gitaranın müşayiəti ilə oxunur. Doxsanıncı illərdə isə tar yenə də öz yerinə qayıdır. Bu dövrü tarın üçüncü doğuluşu da adlandıra bilərik.
Son onillikdə isə kamança tarın taleyini yaşamaqdadır. Fikir vermisinizsə, artıq əksər ansambllarda kamança əvəzinə skripka olur. Elə əksər toylarda da muğam partiyalarını skripka ilə ifa edirlər.
Əlbəttə, bu da müvəqqətidir. Ən azı, mən buna inanıram.