adalet.az header logo
  • Bakı -°C
07 Fevral 2026 09:43
80
DÜNYA
A- A+

"Oyun oynamağı dayandıraq" - Klinton Epşteyn işindən danışdı

1993-cü ildən 2001-ci ilə qədər dövlət başçısı vəzifəsində çalışmış keçmiş ABŞ prezidenti Bill Klinton maliyyəçi Ceffri Epşteynə qarşı işin tam şəkildə açıqlanmasına çağırıb və onunla əlaqələri barədə Konqresdəki ifadəsinin ictimaiyyət qarşısında dinlənilməsini tələb edib.

Adalet.az xəbər verir ki, bu  barədə "The Hill" qəzeti məlumat yayıb. 

Klinton bildirib ki, Konqresin qapalı ifadə formatı Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki respublikaçılar üçün qənaətbəxş deyil. O xatırladıb ki, Komitə sədri Ceyms Komer ifadələrin videoya çəkilməsi planlarını açıqlayıb, lakin bu, "yalnız qapalı qapılar arxasında" baş verib.

Keçmiş prezident bu yanaşmanın partiya maraqlarına xidmət etdiyini və faktları müəyyən etməyə yönəlmədiyini bildirib. Klinton vurğulayıb ki, o, "Respublikaçılar Partiyası tərəfindən təşkil edilən qapalı məhkəmədə rekvizit kimi istifadə edildiyi" vəziyyətə dözmək niyyətində deyil.

Klinton yekun olaraq bildirib ki, "Əgər onlar (Respublikaçılar - red.)  cavab istəyirlərsə, gəlin oyun oynamağı dayandıraq və bunu düzgün şəkildə, Amerika xalqının bunun əslində nə ilə bağlı olduğunu özləri görə biləcəyi ictimai dinləmələrdə edək".

30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı 3 milyon səhifədən çox materialın yayımlandığını elan edib.   

Ceffri Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızın  Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlərini təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər onların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən etdilər. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında ölü vəziyyətdə tapılıb.