20 Avqust 2025 10:38
132
LAYİHƏ

“Ozan Dünyası”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin həyata keçirdiyi “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanan eyniadlı kitab üzərində iş uğurla davam etdirilir. Günümüzdə aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədi ilə hazırlanmış bu kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb.  

Bu barədə məlumat verən layihənin rəhbəri, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki,  ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi; bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması; tarixi yer-yurd adları ilə zəngin olması; ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri; erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü  və s. 

Bu şeirlərdə biz XIX-XX əsrlərin ictimai-siyasi həyatı, əhalinin dolanışığı barədə də məlumat alır, Sovet dövründə çoxlarına qaçaq damğası vurulan, bəziləri öz dədə-baba yurdundan sürgün olunan, əzab-əziyyətlərlə qarşılaşan el qəhrəmanlarımızı daha yaxından tanıyırıq. Hələ XIX əsrdə erməni və rus zülmünə qarşı mübarizə, zaman-zaman Ermənistandan soydaşlarımızın deportasiyası öz əksini tapır. Hər şeir tarixin bir məqamına ayna tutur, işıq salır. Hər şeirdə faciələrlə dolu tariximizin bir məqamı, bir səhifəsi yaşayır.  Qərbi Azərbaycanla bağlı mənzərə göz önündə daha aydın şəkildə canlanır. Şeirlərdən görünür ki, təkcə XX əsrdə yox, ondan əvvəllər də ermənilər xalqımıza qarşı çox qəddarlıqlar ediblər. 

Kitaba daxil edilən şeirlər Qərbi Azərbaycanın  aşıq sənətinin ilk beşiklərindən biri olmasına diqqət yönəltməklə yanaşı, həm də bu tarixi torpaqlarımızdakı yer-yurd adlarımızın öyrənilməsi baxımından da əhəmiyyətlidir.  

Bu layihə eyni zamanda Qərbi Azərbaycandakı qeyri-maddi mədəni irsimizin mühüm hissəsi olan aşıq sənəti və bu bölgədəki aşıq mühitlərini təmsil edən çağdaş aşıqlarımızın tanıdılması, onların poetik yaradıcılığının mövzu rəngarəngliyinə və məzmun zənginliyinə diqqətin yönəldilməsi və eləcə də əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarına və müqəddəs sazımızın yenidən bu yerlərdə dillənəcəyinə inam ifadə etmək baxımından da əhəmiyyətlidir.  Kitabda şeirləri yer alan hər aşıq haqqında ayrıca qısa avtobioqrafik məlumatın verilməsi, təbii ki, bu sənətkarların daha yaxından tanıdılmasına xidmət edir.  

Musa Nəbioğlu onu da bildirib ki, kitabın tərtibat, redaktə və korrektura işləri başa çatdırılıb, mütəxəssis rəyi alınıb və artıq mətbəədə çap işlərinə başlanılıb. Kitabın sentyabrın əvvəllərində işıq üzü görməsi nəzərdə tutulur. 

Emil Faiqoğlu