adalet.az header logo
  • Bakı -°C
30 Sentyabr 2026 18:22
83
SİYASƏT
A- A+

Özümüz güclü olmalıyıq - Səxavət Məmməd yazır

Bütün böyük dövlətlərin genetikasında var: özlərindən kiçik dövlətləri həmişə özlərinin əlaltısı, onun maraqlarından kənara çıxmayan kimi görmək. Azərbaycan da özünü Cənubi Qafqazın böyüyü kimi görür. Ona görə də bəzən Ermənistan və Gürcüstan fərqli istiqamət götürən kimi dərhal sərt reaksiyalar verir. Bəzən proses elə irəliləyir ki, cəmiyyət də nəyin niyə baş verdiyini belə anlaya bilmir. Necə ki, son zamanlar Ermənistanla Azərbaycan arasındakı kilsə toqquşması kimi.

Türkiyə ilə Azərbaycan arasında ilk dəfə deyil ki, gərginlik yaşanır. Zamanında "futbol diplomatiyası" baş verdi, Azərbaycan bayraqları zibilqablarına atıldı. Proses yenə səhmana düşəcək, yenə qardaşlıqdan dəm vurulacaq, yenə hansısa bir hadisədən sonra gərginlik yaşanacaq.

44 günlük müharibədən sonra yazdım ki, müharibə hələ indi başlayır. Bəziləri buna ağız büzdü. Yenə yazdım ki, dünya əvvəlki dünya olmayacaq, bütün dövlətlər cinahlara bölünəcək, artıq balanslaşdırılmış siyasət işləməyəcək. Bunları 5 il əvvəl yazmışdım. Ancaq yaxın zamanda yazmışdım ki, Türkiyə ilə İsrail arasında Azərbaycanda hibrit müharibə gedir, bu müharibə bir qədər sonra açıq müstəviyə keçəcək. Kor-kor, gör-gör.

Xatırlayırsınız, bizdə belə bir kampaniya aparılırdı ki, Azərbaycanda Türkiyə hərbi bazaları qurulmalıdır. Hələ Azərbaycanla Türkiyənin Konfederasiya halında birləşməsini tələb edənlər də vardı. Nə tez yaddan çıxdı. O vaxt açıq şəkildə yazırdım ki, baza, əvvəla, bizi xilas etməyəcək, ikincisi isə, bir ölkənin ərazisində başqa ölkənin hərbi bazası varsa, bu o deməkdir ki, ərazisində baza olan ölkə müstəqil siyasət yeridə bilməz. Onu da qeyd edirdim ki, Azərbaycan kiminlə olursa-olsun, bərabərhüquqlu müqavilələr imzalamalıdır. Azərbaycan, yeri gəlmişkən, həm Türkiyə ilə Şuşa, həm də Rusiya ilə Moskva bəyannamələri imzaladı və hər ikisi də bərabərhüquqludur. Moskva bəyannaməsi ilə bağlı Qərb ölkələrində də deyilirdi ki, Rusiya bəlkə tarixində ilk bərabərhüquqlu bəyannaməni imzalayır.

Bizim cəmiyyəti elə bir hala salıblar ki, insanlar ümumiyyətlə düşünmək, niyəsini araşdırmaq belə istəmir. İnsanları pafosla, yalanlarla, gerçəklik payı olmayan şeylərlə doyuzdurublar. Sosial şəbəkələr üzərindən gedən davaya gəlincə, məsələlərə dəqiq diaqnoz qoymaq üçün çox dəqiq sual vermək lazımdır: Azərbaycanla Türkiyə arasındakı yaxınlaşma xalqların, dövlətlərin, yoxsa hakimiyyətlərin yaxınlaşmasıdır? Bu üç amilin hər birini təhlil edən zaman məlum olur ki, dövlətlərin və hakimiyyətlərin yaxınlaşması xalqların yaxınlaşmasından daha öndədir. Ona görə də dövlətlərin maraqları üst-üstə düşməyən zaman cəmiyyətlərin toqquşması baş verir.

Bunun səbəbi nədədir? Ayrılan pulların vəhşicəsinə talanmasındadır. Azərbaycanın QHT-ləri gedib Türkiyədə qardaşlıqdan dəm vurur. Türkiyənin QHT-ləri də hər ilin sonunda Azərbaycana axın edir, tədbirlər keçirirlər, qardaşlıqdan danışırlar. Mətbuatı araşdırın, görün, Türkiyənin QHT-ləri ən çox ilin hansı ayları Azərbaycana gəlir? Onu tapandan sonra səbəbini tapmaq da çətin deyil. Səbəbi tapanda məsələnin qardaşlıqdan daha çox pulla bağlı olduğunu biləcəksiniz. O tərəfdən də, bu tərəfdən də qışqıranlar o tədbirlərdə yeyib qardaşlığa sağlıq deyənlərdir. Təkcə onlardımı? Qətiyyən! Azərbaycanda insanların ən çox unutduğu iki şey var: dünyada ən böyük erməni diasporu təkcə Fransa və ABŞ-də değil, eyni zamanda Türkiyədədir; dünyanın ən təsirli yəhudi lobbisi təkcə ABŞ-də yox, həm də Türkiyədədir. Türkiyənin ən böyük şirkətlərinin sahiblərinin kimliyinə baxmağınız kifayət edə bilər.

Türkiyə böyük dövlətdir. Türkiyənin müxtəlif istiqamətlərdə hədəfləri var: Yaxın Şərq, Şərqi Avropa, Şərqi Aralıq dənizi, Afrika, Cənubi Qafqaz və Orta Asiya da Türkiyənin maraq dairəsindədir. Türkiyə bu hədəflərin hamısı uğrunda eyni güclə mübarizə apara bilər? Mümkün deyil! Bu regionları müəyyənləşdirdikdən sonra gəlirik əsas suala: Türkiyə üçün strateji əhəmiyyət kəsb edən, olmazsa-olmaz region hansıdır? Birmənalı olaraq Yaxın Şərq və Şərqi Aralıq dənizidir. Yəni Orta Asiya (türk dövlətlərinin olduğu coğrafiya) və Cənubi Qafqaz strateji yox, taktiki hədəfdir. Götürək Cənubi Qafqazı, Türkiyə İran və Rusiyanın zəiflədiyi, təsiri azaldığı vaxtlarda təsirini artırır, bu iki dövlət aqressivliyini artıranda isə Türkiyə təsirini azaldır. Yəni Türkiyənin Cənubi Qafqazla bağlı maraqları Rusiya və İrandan asılıdır. Bu, dünən də belə idi, bu gün də, sabah da belə olacaq.

Türkiyənin Azərbaycanla bağlı hədəfi taktikidirsə, Azərbaycanın Türkiyə ilə bağlı hədəfi stratejidir. Azərbaycanın əsas hədəflərindən biri ondan ibarətdir ki, Türkiyəni özünə elə bağlasın ki, Türkiyə istəsə də Azərbaycandan qopa bilməsin. Bunun üçün Azərbaycan Türkiyəyə milyardlarla dollarlıq yatırımlar edib. Azərbaycan gözəl bilir ki, Rusiya və İran əbədi təhdiddir. Burada həmin dövlətlərdə hakimiyyətdə kimin olması da önəm kəsb etmir, mən də olsam, bu dəyişməyəcək, sən də olsan. ABŞ, Avropa İttifaqı, İsrail Azərbaycanın suverenliyinə qarant dura bilərmi? Qlobal aləmdə baş verən müharibələr göstərdi ki, söz verə bilərlər, ancaq qarant dura bilməzlər! Türkiyə qarant dura bilərmi? Bu da mümkün deyil. Ancaq Türkiyə İran və Rusiyadan gələcək təhdidləri müəyyən mənada kənarlaşdıra bilər.

Bunu da yazım: Türkiyə ilə Azərbaycan arasında gərginlik olanda Azərbaycanda bir çoxları deyir ki, Kəlbəcər ermənilər tərəfindən işğal olunan zaman humanitar böhranı aradan qaldırmaq üçün Azərbaycan Türkiyədən helikopter istəyib, ancaq Türkiyə verməyib. Dünən hərbi ekspert Tərlan Eyvazovla söhbət edən zaman dedi ki, o fikir də kontekstdən çıxarılıb. Videonu tapıb, baxdım. Əbülfəz Elçibəy müsahibəsində (videonu şərhə qoyacağam), açıq şəkildə deyir ki, humanitar böhrandan çıxmaq üçün Rusiya, İran və Türkiyədən helikopter istəyib, ancaq heç biri kömək etməyib. Ancaq Türkiyənin hərbi təlimatçıları Azərbaycan ordusunda olub? Əlbəttə! Türkiyədə kursda olanda Polis Akademiyasının rəis müavini dedi: "Sizdə ilk xüsusi təyinatlıları mən hazırlamışam". Şəkil çəkdirib dayıma göndərdim. Dayım görən kimi tanıdı və dedi ki, bizə təlimi keçən əsas komandir o idi.

Bizdə bəziləri Türkiyənin islamı əsas gətirməsindən bərk əsəbləşir. Bunu o adamlar edir ki, guya Türkiyəni dərindən tanıyırlar. Türkiyə tarixində millətçilik yalnız bir dönəm olub. Bu da özlərindən Amerika kəşf etmək deyildi: Atatürk zamanında bütün dünyada millətçilik ön plana çıxmışdı. Daha sonra bütün dünyada millətçiliyi arxa plana atdılar, Türkiyədə də həmçinin. Osmanlıda millətçilik olub? Bizi burada aldadıblar. Bizim bəzi şair, yazıçı, siyasi alverçilər elə bir ab-hava yaratdılar ki, sanki Türkiyə demək, türk deməkdir. Türkiyənin özündə millətçilər deyir ki, biz türklüyü sizdə, Orta Asiyada gördük; bizim alverçilər, dəllallar deyir ki, yox, Türkiyədir. Qazaxlar, özbəklər açıq şəkildə deyirlər ki, Türkiyənin gəlib bizə türkçülük öyrətmək istəməyi qanımıza toxunur. Türkiyədən türkçülük öyrənmək dünyanın ən komik şeyidir. Türkiyənin strateji hədəfi türkçülükdür, yoxsa xilafət? Türkiyənin Yeni Osmanlı ideyası millətçiliyə söykənirdi, yoxsa islama? Osmanlı o boyda imperiyanı islam bayrağı altında qurub, millətçiliklə yox!

Futbol üzrə Avropa çempionatı zamanı hərbi hissələrin birində böyük ekran qurub Türkiyənin oyunun verirdilər. Yazdım ki, bəz nizamnamə, bəs yat, bəs qalx komandası? Hər şey qaldı kənarda, mənə hücum etdilər. Bəxtiyar Ersay Azərbaycandan gedəndə, pis heç nə yazmamışdım, sadəcə yazdım ki, getməyi çox yaxşı oldu. Üstümə bir yığın adam hücum etdi ki, türk düşmənisən. Tayfasının adın bilməyənlər mənim milli kimliyimi sorğulayırdı. İndiki davada ön sırada olanlar da eyni adamlardı.

44 günlük müharibə zamanı Türkiyə qalsın bir kənara, bizimkilər at kimi üzümüzə dururdular ki, müharibəni Bayraktarın hesabına udmuşuq. Çəkmədiyimiz əziyyət qalmadı, bir jurnalistimizi ön plana çıxaran olmadı. Öz zabitin, öz əsgərin, öz jurnalistin olanda pisdi? Bunları edənlər indi türkiyəlilərlə dava edir. Demirəm ki, dava etmə, səni təhqir edəni sən də et. Ancaq bunu yaradan həm də özünsən axı. Bizdə bəziləri var, özümüzdən birinin uğurun görəndə elə bil xalasının oynaşın görür.

Yaxşı, bizim hədəfimiz nə olmalıdır? Ümumiyyətlə, "ora parçalanacaq, böyüyəcəyik", "bura dağılacaq, yekələcəyik" anlayışı ilə yaşamaq zəiflik, cılızlıq əlamətidir. Bunu deyənlər də özlərinə "bozqurd" zad deyirlər. Qurd özü parçalayar, leşə isə çaqqal darışar. Əslində, bütöv Azərbaycan düşüncəsini önə atıb İrana və Rusiyaya özünü düşmən göstərənlər mənə qeyri-səmimi gəlir. Azərbaycanın birinci hədəfi Ermənistanı və Gürcüstanı özündən asılı, vassal bir dövlətə çevirmək olmalıdır. Əgər hədəfin böyüməkdirsə, Rusiyanın, İranın dağılmağını niyə gözləyirsən? "Ölmə, eşşəyim, ölmə" deməkdənsə, hazır Borçalı var da. Gül kimi hədəfdir. Hədəf qoyub düzgün konsepsiya ilə işləsən, o gürcülərin də indi dili çıxmazdı. Bir dəfə yazmışam, təkrar edirəm və subyektiv fikrimdir: Cənubi Qafqaza üç dövlət çoxdur!

Bütün bu yazılanlardan çıxarılacaq bir nəticə var: özümüz güclü olmalıyıq, özümüz güc olmalıyq – ordu, iqtisadiyyat, siyasət, rifah, gələcəyə ümid, sözün hər mənasında!