Parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib

Milli Məclisdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüş çərçivəsində parlamentlə tanışlıq və Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupu ilə müzakirələr aparılıb.
Milli Məclisdə təşkil edilən görüşdən öncə əcnəbi jurnalistlər Şəhidlər xiyabanını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Parlamentdəki görüşdə çıxış edən Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, bu gün dünyada müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin olması təəssüfləndiricidir.
Deputatın sözlərinə görə, müstəmləkəçiliyə qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərilir.
“Buna baxmayaraq biz mövqeyimizdən çəkinməyəcək, bütün imkanlar vasitəsilə Dənizaşırı ada dövlətlərinin mübarizəsində yanınızda olacağıq”, - C. Feyziyev əlavə edib.
Dəstək Qrupunun digər üzvü Azər Kərimli isə qonaqlara Xocalı faciəsi haqqında məlumat verib, bu gün faciənin ildönümü olduğunu vurğulayıb:
“XXI əsrdə müstəmləkəçiliyin mövcudluğu ən ciddi problemlərdən biridir və Fransanın bu siyasəti insanlığa qarşı yönəlmiş addımdır. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın bu addımları, insanlıq əleyhinə törətdikləri haqqında faktlarla çıxış edib. Biz isə bir daha vurğulamaq istəyirik ki, Azərbaycan dənizaşırı ada dövlətlərinin mübarizəsini dəstəkləyir”.
Korsika Xalqına Dəstək Qrupunun daha bir üzvü Tural Gəncəliyev də çıxışında vurğulayıb ki, Azərbaycan və dənizaşırı ərazilər arasında əməkdaşlığa böyük önəm verilir:
“Fransa bu gün dənizaşırı ərazilərdə siyasi və iqtisadi təsirlərini qoruyub saxlayır. Fransanın rəsmi nağıllarına qarşı mübarizə aparmalıyıq”.
Yeni Kaledoniyanın “Radio Djiido” və “Radio Kanaky” radiolarının koordinatoru Andre Qaeze çıxışında Bakıya dəvət və dəstək üçün Azərbaycana təşəkkür edib.
“Bizdə hazırda bəzi səlahiyyətlərin Yeni Kaledoniyaya verilməsi üçün Fransa hökuməti ilə danışıqlar aparılır. Biz mətbuatın azadlığını və onun şaxələndirilməsini təmin etmək istiqamətində düşünürük”, - əlavə edib.
Qvadelupdakı “Nouvelles-Etincelles” qəzetinin redaktoru Paul Quelleri-Selbonne isə ölkəsindəki kommunikasiya və vasitələrinin, həmçinin bunun üçün istifadə edilən peyklərin Fransanın əlində olduğunu vurğulayıb:
“Fransa iqtisadi gücdür. Bizdə isə yalnız şəkər qamışı və banan istehsalı mövcuddur. Əhalinin 34 faizi işsizlikdən əziyyət çəkir. Sizə bizim əziyyətimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox güvənirik”.
Qvadelupun “CANAL10“ telekanalının jurnalisti Danik Zandronis isə Azərbaycan tərəfindən veb-sayt yaradılmasını, müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin problemlərinin ingilis və fransız dillərində həmin saytda işıqlandırılmasını təklif ediblər. O qeyd edib ki, saytda həm də Azərbaycanın bu məsələyə dəstəyi işıqlandırıla bilər.
C.Feyziyev isə əcnəbi media nümayəndəsinə cavabında bildirib ki, bu mümkündür:
“Siz Azərbaycan səfəriniz çərçivəsində aidiyyəti üzrə bu barədə müraciət edə və nail ola bilərsiniz”.
Milli Məclisin deputatları və Bakı Təşəbbüsü Qrupunun (BTQ) sədri Abbas Abbasov əcnəbi media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, əcnəbi media nümayəndələrinin Bakıya səfəri və görüşləri BTQ-nin təşkilatçılığı ilə baş tutub.
Digər Xəbərlər

PA-nın şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur" - Ədalət Vəliyev
