adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 10:16
55
GÜNDƏM
A- A+

Paytaxtın rayonlarında müşavirə keçirildi

Paytaxtın bir neçə rayonunda qarlı və şaxtalı hava şəraitinə hazırlıq istiqamətində növbəti müşavirələr keçirilib.

Adalet.az bu barədə BŞİH-dən məlumat əldə edib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq təşkil olunan iclaslarda kommunal və təsərrüfat xidmətləri, dövlət qurumları, təhsil müəssisələri və özəl sektor nümayəndələri iştirak ediblər.

Məlumata görə, müşavirələrin əsas məqsədi qış aylarında, xüsusilə də güclü qar yağacağı təqdirdə görüləcək işlərin koordinasiyası və mövcud hazırlıq vəziyyətinin qiymətləndirilməsi olub.

Qeyd edilib ki, bu dəfəki toplantılar Xəzər, Pirallahı və Qaradağ rayonlarında baş tutub. Rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılmış qərargahların fəaliyyəti müzakirə edilib, kommunal və təsərrüfat xidmətlərinə qarlı günlərdə üzərlərinə düşən vəzifələrin tam icrasına hazır olmaları tapşırılıb.

Diqqətə çatdırılıb ki, qurumlara qarın təmizlənməsi üçün kifayət qədər inventar – bel, kürək, ling və digər alətlərin təmin edilməsi, duz ehtiyatının yaradılması, xüsusi texnikaların sazlığının yoxlanılması ilə bağlı göstərişlər verilib. Küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb. Prosesə kommunal texnika ilə yanaşı, idarə, müəssisə, bələdiyyə və özəl qurumların mövcud texnikasının da cəlb edilməsi qərara alınıb.

Bundan əlavə, rayonlarda fəaliyyət göstərən idarə və təşkilatlara, bələdiyyələrə, eləcə də ictimai iaşə obyektlərinin rəhbərlərinə özlərinə məxsus ərazilərin təmizlənməsində fəal iştirak etmələri tövsiyə olunub.