adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2022 17:36
759
SİYASƏT

PREZİDENTİN MÜSAHİBƏSİ ERMƏNİLƏRƏ AŞILANAN BOŞ ÜMİDLƏRƏ BİRMƏNALI CAVABDIR

Avqustun 3-də Ermənistanın törətdiyi hərbi təxribata cavab olaraq Silahlı Qüvvələrimizin keçirdiyi “Qisas” əməliyyatı Ermənistanın siyasi-hərbi rəhbərliyinə əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan hakimiyyətinin təmkinli mövqeyindən sui-istifadə cəhdi zərərlidir və onun istənilən təxribatına ən sərt şəkildə cavab veriləcək. Ordumuzun cəmi bir neçə saat davam edən bu əməliyyatı Ermənistan rəhbərliyinə və cəmiyyətinə onu da göstərdi ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindəkindən də güclü və qətiyyətlidir, öz Ali Baş Komandanının istənilən hərbi tapşırığını uğurla yerinə yetirmək iqtidarındadır. Cavab əməliyyatının ibrətamiz nəticələrindən biri də budur ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərindən müxtəlif bəhanələr altında yayınmaq cəhdlərinə bundan sonra göz yumulmayacaq və belə cəhdlərin sonsuza qədər davam etdirilməsinə imkan verilməyəcək. “Qisas” əməliyyatından sonra Ermənistan rəhbərliyi yəqin əmin oldu ki, ərazilərimizin 20 faizini işğal altında saxladıqları üç onillik ərzində alışdıqları imitasiya oyunlarını, siyasi oyunbazlığı artıq davam etdirə bilməyəcəklər. Ordumuzun bu əməliyyatı həm də onu sübut etdi ki, 10 noyabr tarixli Bəyanatın ziddinə olaraq Qarabağda hələ də məqsədli şəkildə saxlanılan erməni silahlı birləşmələrinin mənəvi-psixoloji durumu və hərbi hazırlığı zənn etdiyimizdən də aşağı səviyyədədir. Əvvəla ona görə ki, erməni silahlı birləşmələri Azərbaycan ərazisində haqsız məqsədlər naminə və qanunsuz şəkildə saxlanılır. Haqsızın, haqqa xidmət etməyən hərbçinin döyüş ruhu və motivasiyası isə heç vaxt güclü ola bilməz. Eyni zamanda, Ordumuzun cavab əməliyyatı göstərdi ki, 44 gün ərzində hər gün davamlı şəkildə məğlub edilən erməni əsgərinin canından bu məğlubiyyətin acısı və xofu hələ də çıxmayıb. Ermənistanda bunun əksini düşünənlər, az qala hərbi test naminə öz əsgərini ağılsız, taktiki və strateji baxımdan məntiqsiz hərbi təxribatlara cəlb edənlər yəqin ona da əmin oldular ki, növbəti, daha faciəvi məğlubiyyəti yaşamamaq üçün ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik əl çəkməli və hərbi birləşmələrini ərazilərimizdən çıxarmalıdırlar. Elə bütün bu nəticələrə görə, ordumuzun “Qisas” əməliyyatı Ermənistan cəmiyyətində növbəti ciddi məyusluğa səbəb olub və geniş ictimai müzakirələrə yol açıb. İnternet məkanının erməni seqmenti də nümayiş etdirir ki, “Qisas” əməliyyatından sonra Ermənistandakı siyasi düşərgələr arasında qarşılıqlı təhqir və ittihamlar səngimək bilmir.

Ordumuzun həyata keçirdiyi və keçirməli olduğu cavab əməliyyatının əks-sədası səngiməmiş, Prezident İlham Əliyevin avqustun 12-də Azərbaycan Televiziyasına verdiyi müsahibə Ermənistanın hakim və müxalif siyasi qanadları arasında növbəti qarşılıqlı ittihamlara yol açıb. Çünki Ermənistan ictimaiyyəti və Qarabağda yaşayan ermənilər həqiqətləri bu dəfə də Ermənistan siyasətçilərindən deyil, məhz Azərbaycan Prezidentinin dilindən eşitdilər. Məlum olduğu kimi, Ordumuzun cavab əməliyyatından dərhal sonra Ermənistanın baş naziri bir neçə dövlət başçısına zəng edərək onlardan kömək ummuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistan rəhbərinin imdad dolu müraciətləri ilə bağlı bunları dedi: “Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı... Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi cəzalandırdıq... “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”.

Bu da bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan cəmiyyəti faktiki olaraq parçalanmış vəziyyətdədir. Onların içərisində ağır məğlubiyyətdən adekvat nəticə çıxaran, mənasız itkilərdən cana doyan bir təbəqə formalaşıb. Amma orada revanş hissi ilə yaşayan və əsasən kənardan idarə olunan siyasi kəsim də mövcuddur. Bununla yanaşı, real vəziyyətlə barışaraq ondan düzgün nəticə çıxaran adekvat təbəqənin özü belə, onilliklər boyunca onlara aşılanan saxta erməni miflərindən hələ də azad olmayıb. Yalançı məğlubedilməzlik mifi onları da sərbəst buraxmır. Bəzilərinin az qala “demokrat obrazı” qismində dünyaya sırımağa çalışdıqları N.Paşinyan hökumətinin özü də yalançı miflərdən və sərsəm xülyalardan hələ də əl çəkməyib. Əgər belə olmasaydı, Paşinyan hökuməti 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliyə dərhal əməl edər və erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən birdəfəlik çıxarardı. Bu birləşmələrin Qarabağda saxlanılması açıq-aydın o deməkdir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməyib. Əgər bəzi dairələr tərəfindən bu cür zehniyyətlə demokratik təfəkkür arasında bərabərlik işarəsi qoyulursa, deməli, o dairələr həqiqəti təhrif etmək və beynəlxalq hüququ öz maraqlarına qurban vermək siyasətindən əl çəkməyiblər. Dövlətimizin başçısı məhz bunları nəzərə alaraq, müsahibədə incə şəkildə ona da işarə vurdu ki, Ermənistanın siyasi elitası erməni xalqından daha çox xarici faktorlara qarşı həssasdır və onların təsiri altında fəaliyyət göstərməyə məhkumdur: “Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Dövlətimizin başçısı tərəfindən verilən bu açıqlama Ermənistanda aparılan və əsasən kənardan idarə olunan siyasi manipulyasiyalara, erməni cəmiyyətinə aşılanan boş ümüdlərə birmənalı cavab idi. Prezident İlham Əliyev həm Ermənistanın siyasi-hərbi rəhbərliyinə, həm də bu ölkənin himayədarlarına bu mesajı verdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında həqiqətən maraqlı olanlar və bölgəmizdə dayanıqlı sülhü doğrudan da görmək istəyənlər statusla bağlı zərərli və boş ümidləri erməni cəmiyyətinə aşılamaqdan əl çəkməlidirlər. Həmin dairələr niyyətlərində səmimidirlərsə və beynəlxalq hüququ heçə saymırlarsa, BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli, hər bir ölkənin yalnız daxili işi hesab olunan inzibati-ərazi idarəçiliyi məsələlərinə müdaxilə etməməlidirlər. O da həqiqətdir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmayan dairələrin uzun illər ərzində sui-istifadə etdikləri arqumentlərdən biri də azərbaycanlılarla ermənilərin bir yerdə dinc birgəyaşayışının mümkünsüzlüyü ilə bağlı olub. Dövlətimizin başçısı müsahibədə yeni Laçın yolunun inşasından bəhs edərkən bu məqama da çox incə şəkildə toxundu: “Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik”.

Prezident İlham Əliyev bu açıqlaması ilə Ermənistan hakimiyyətinə və məlum xarici dairələrə açıq şəkildə bu mesajı verdi ki, Qarabağda yaşayan erməniləri azərbaycanlılardan deyil, onların şüurunu zərərli və boş ümidlərlə zəhərləyənlərdən, dinc birgəyaşayışa mane olanlardan qorumaq lazımdır. Dövlətimizin başçısı məhz buna görə bu həssas mövzunu davam etdirərək, həm öz cəmiyyətimizə, həm də Ermənistan ictimaiyyətinə bu mesajı da verdi: “Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”.

Prezident İlham Əliyev bununla erməni lobbi təşkilatlarına və Ermənistanı öz təsir dairəsində saxlamağa cəhd edən fərqli dairələrə o mesajı da verdi ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizlik məsələsini önə çəkənlər və əksər hallarda bunun üzərində manipulyasiya edənlər dinc birgəyaşayışın mümkünsüzlüyü ilə bağlı saxta arqumentlərindən əl çəkməlidirlər. Bölgəmizə həqiqətən də əmin-amanlıq arzu edirlərsə, bu işə heç olmazsa, təbliği baxımdan informasiya dəstəyi verməlidirlər, ya da Azərbaycan iqtidarının təbliğ etdiyi dinc birgəyaşayış siyasətinə mane olmamalıdırlar. Dövlətimizin başçısının növbəti və birmənalı ismarıcı onunla bağlı oldu ki, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırılan, əsasən Suriyadan və Livandan olan ermənilər o ərazilərdən çıxarılacaq və azərbaycanlılar qısa müddətdə öz doğma yurdlarında yaşamağa başlayacaqlar.

Azərbaycan Prezidenti başqa bir həqiqəti də növbəti dəfə dünya birliyinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, yeni Laçın yolunun inşası ilə bağlı müddəa 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın mətninə məhz onun təşəbbüsü və təkidi sayəsində salınıb. Bu müddəa Bəyanata imza atan və üzərinə konkret öhdəliklər götürən Ermənistan rəhbərliyi üçün nə o zaman, nə də indi sirr olmayıb. Müharibədən dərhal sonra yeni Laçın yolunun marşrutu rəsmi təmaslar əsnasında razılaşdırılaraq təsdiqlənib və Azərbaycan 32 kilometrlik yolun tikintisini daxili imkanları hesabına artıq yekunlaşdırıb. Ermənistan rəhbərliyi isə bütün bunlardan xəbərdar ola-ola, öz ərazisində cəmi 8-9 kilometr uzunluğundakı yolun inşasına nəinki başlamayıb, heç onun iqtisadi-texniki cəhətdən layihələndirilməsini belə həyata keçirməyib. Heç şübhəsiz ki, bu cür yanaşma Ermənistanın indiki hakimiyyətinin öz sələfləri kimi qeyri-konstruktiv mövqeyindən, öhdəliklərindən yayınma cəhdindən və yalnız vaxt qazanmaq istəyindən, başqa sözlə, məkrli niyyətlərdən xəbər verir. Prezidentimiz müsahibədə bu niyyətlə yaşayan hər kəsə birmənalı, fərqli yozumlara yer qoymayan mesajını göndərdi: “Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır”.

Yaxın həftələrdə işə düşəcək yeni Laçın yolunun əhəmiyyətli cəhətlərindən biri də onunla bağlıdır ki, Laçın şəhəri sülhməramlıların müvəqqəti nəzarət zonasından kənara çıxarılacaq. Dövlətimizin başçısı bu layihəni gerçəkləşdirməklə beynəlxalq birliyə nümayiş etdirdi ki, inzibati-ərazi idarəçiliyi məsələlərində olduğu kimi, kommunikasiyaların dəyişdirilməsi və yenilərinin müəyyən edilməsi ölkəmizin suveren hüquqlarına aiddir. Bu yolun digər əhəmiyyətli cəhəti isə odur ki, Ermənistanın uzun illər ərzində dəyişməz və az qala əbədi hesab etdiyi, “elə belə də olmalıdır” düşüncəsi ilə vərdiş və substansiya halına gətirdiyi keçmiş reallıqların artıq bir heçə çevrildiyi, tarixin keçmişinə gömüldüyü təsdiqini tapdı. Bundan sonra, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan dövlətinin qanunlarına istisnasız tabe olmalı və üstün imtiyaz axtarışına çıxmamalıdır.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikir və mesajlar o qədər konkret və birmənalıdır ki, bu müsahibənin Ermənistanda doğurduğu əks-sədaya təəccüblənməyə dəyməz. Çünki dövlətimizin başçısı uzun onilliklər ərzində yalançı miflərlə bəslənilən erməni cəmiyyətinə, Ermənistanın indiki və əvvəlki hakimiyyətlərindən fərqli olaraq, yalnız həqiqətləri söylədi. Kimlərinsə yalançı vədlərinə inanıb boş ümidlərlə yaşamağın mənasız, faydasız, ən başlıcası, ziyanlı olduğunu açıq şəkildə izah etdi. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti mesajı da Ermənistanın siyasi-hərbi rəhbərliyini və erməni cəmiyyətini, eləcə də onlara xam xəyallardan qurtulmağa imkan verməyən dairələri soyuq başla düşünməyə vadar edəcək: “Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik”.

Azərbaycan Prezidentinin bu ədalətli xəbərdarlığından və dinc birgəyaşayışa növbəti dəvətindən düzgün nəticə çıxarmaq, öz millətinə daha ağır faciələri yaşadıb-yaşatmamaq bundan sonra Ermənistan hakimiyyətinin şüurlu seçimi olacaq.

Ülvi Quliyev

Milli Məclisin deputatı