28 Noyabr 2024 15:46
614
ƏDƏBİYYAT

Qacarlar ailəsindən alim qadın: Validə Tutayuq, nəsli, ailəsi

Azərbaycanın şərəfli ad daşıyan Qacarqlar soyundan general oğulları  ilə bərabər bu soyadı bir daha şərəfləndirən qadınları: Sürəyya Qacar, Güvarə xanım Nuriyeva, Kövkəb Səfərəliyeva kimi hakim şah ailəsinə mənsub Bəhmən Mirzə Qacarın nəvələrindən biri də məşhur bioloq alimimiz, Azərbaycanın maarifpərvər qadınlarından olan Validə Tutayuq olub.

Qızılbaş tayfa ittifaqının nüfuzlu qolu kimi tarixdə yer tutan Qacarlar ailəsinin  kişi nümayəndələri ilə yanaşı bu sülalənin qadın nümayəndələri də elmin-maarifin inkişafında imza qoyacaq qədər mühüm işlər görmüşdülər. Tiflisin adlı-sanlı Azərbaycanlı qadınları Mələksima Qacar, Gövhər Qacar Qafqaz canişini, general, qraf Voronsov-Daşkovun sərəncamı ilə yaradılan Xeyriyyə Cəmiyyətində (1906-1917) Sofiya (Səkinə) xanım Şahtaxtinskaya, Naxçıvan xanları nəslindən olan xanım Əlixanova-Avarskaya, Nigar xanım Şıxlinskaya, Məsumə xanım Talışinskaya, Mina xanım Talışinskaya, Həmidə xanım Cavanşir, Səltənət xanım Əhmədova ilə bir sırada coşqun fəaliyyət göstərmişdilər.  

Buna baxmayaraq yaxın zamanlaradək ziyalı qadınlarımızdan, xüsusən elmimizin inkişafında xüsusi yer tutan elm xadimlərindən, onların işıqlı, humanist məramlı fəaliyyətlərindən bəhs olunmamaqda idi. Ara-sıra bu mövzudan bəhs edildikdə belə  göz önündə olan bəzi tanınmış şəxsiyyətlərin həyat yoldaşları ilə kifafətlənməli olurduq. Lakin bunların içərisində elələri də vardır ki, hər biri haqqında ayrıca söz açılmasına xüsusən günümüzdə ehtiyac duyulmaqdadır.

O hakimiyyətdə olan Qacarlara ana tərəfindən mənsub idisə, atası Xasbulat (Kaspulat) bəy əslən Şimali Qafqazdan idi. Onun Azərbaycana yolu Peterburq Meşəçilik Akademiyasındakı təhsil illərindən başlamışdı. Xasbulat bəy Tutayuq (Tutayuk- soyu Kuban bulqarlarına aid soylardandır; mənaca “dəvə balası, köşək” anlamına gələn uğurlu addır. Hazırda Kuban boyunda, eləcə də çərkəzlər arasında rastlanır) ali məktəbi əla qiymətlərlə bitirdikdən sonra bir daha yetimçilik, xüsusən anasızlıq qəhrini çəkdiyi doğma ata yurduna dönmək istəməmiş, təhsil illərində yaxın olduğu əslində ata tərəfdən qohumu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Şuşaya gəlmişdi. Qohumluq bağları ilə gedib Xurşidbanu Cavanşirin(şair Natəvan) əri general Xasay xan Usmiyevlə bağlı olan Xasbulat bəy Tutayuq həvəslə işə başlamış, Qarabağ ormanlarına gözətçi - meşəbəyi təyin edilmişdi.

Xasbulat bəy gec ailə qurmuşdur: O 1903-cü ildə Şuşada Qızlar Gimnaziyasında müəllim işləyən, rus dilini mükəmməl bilən şəhərdəki savadlı qadınlardan biri sayılan Südabə adlı xanımla evlənmişdi. Südabə xanım Şuşanın Qacar soyuna mənsub kübar ailəsinə mənsub idi. Onların uşaqları - qızları Zinyət, Fatma, Ənbər, Validə və oğlu Murad bu izdivacdan doğulmuşdu. Xasbulat bəyin qayınatası Çar ordusu Kazak qoşunu polkovniki Rüstəm bəy Mirzəyev idi. ADR zamanı Bakının Şəhər polis rəisi işləyən Rüstəm bəy Mirzəyev Azərbaycanın işğalından sonra Bolşevik hökumətinin ilk 1 saylı hökmü ilə edam olunmuş 15 adamdan biri idi.

Validə Tutayuqun ana babası şahzadə Şahrux Mirzə Qacar(1843-1915) Çar ordusunun  Kazak qoşununda fəaliyyət göstərmiş, həmyerlisi Rüstəm bəylə demək olar ki, birgə xidmət aparmışdılar. Buna görə də hərbi qulluqla əlaqədar Vətəndən uzaqlarda olan və cəbhədən cəbhəyə adlayan Rüstəm bəy Qarabağa döndükdə yaxşı tanıdığı Qacar şahzadə ailəsi ilə qohum olur.

Tutayuq ailəsinin bərk-bərk gizlədikləri, yaxına belə qoymadıqları bu mənşə “sırr”i Validə xanımın, istərsə də bu şanlı-şöhrətli ailənin tərcümeyi-halında bir qırıqlıq, boşluq yaratmışdı. Yadımdadı bizim tələbəlik illərində məşhur “Qara Bəhram” adı ilə tanıdığımız savadlı, prinsipial bir adam olan fizika-riyaziyyat üzrə alimin həmin şöhrətli ailəyə mənsub olmasını da bilməzdik (O Validə Tutayuqun dayısı, Bakının AXC dövründə polis rəisi Rüstəm bəyin oğlu idi). Bəhram müəllimin deyimləri, cəsarətli zərbi-məsəlləri universitetimizdə məşhur idi.

Özünün çox ahıl yaşında günahkar kimi Ali İnqilab Tribunalı hökmü ilə güllənənən sabiq Bakı polismeyestri  Rüstəm bəy Mirzəyev Validə Tutayuqun babası-anası Südabə xanımın atası idi.

Həyatdan səhifələr: gülə-çiçəyə könül verən, “Xarı bülbül” çiçəyini kəşf edən bilgə qadın bu adda opera yazmaq istəyirdi.

Tutayuq ailəsinin sonbeşiyi olan Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Qarabağın ürəyi sayılan Şuşada I Dünya müharibəsi başladıqdan az sonra anadan olmuşdur.

Atasının peşəsinə böyük sayqı ilə yanaşan Validə xanım onun yolunu seçir. Tutayuqun namizədlik dissertasiyası “Şəbbügülündə çoxləçəkliliyin təbiəti” adlanırdı. Bir bioloq idi çəmənin, çölün dilini bildikcə ana təbiətə Vətən deyib yaxınlaşırdı. Görüb tanımadığı həsrətli nağıllardan xəyalların gücü ilə uçub bağlandığı ata- baba yurdu Noqay çöllərinin səfasını, cazibəsini yaşayırdı əməllicə. O, 1930-cu ildə Şuşa şəhər 9 illik orta məktəbini bitirərək Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Bağçılıq və bostançılıq” fakültəsinə daxil olur. 1932-ci ildə həmin institutun Bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən V.Tutayuq bu vaxtdan etibarən institutda axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur Validə Tutayuq. 1939-cu ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Botanika kafedrasına başçılıq etməyə başlayır. Eyni zamanda, o, SSRİ-nin müxtəlif zonalarında örtülü toxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Bu işi həyat idealına çevirən və daha geniş miqyasda irəlilədən bılgın, eynı zamanda mərd, mübariz bir qadın olmuşdur.  Azərbaycan elminin inkişafında müstəsna əhəmiyyəti olan bu alim qadını məhz Azərbaycan təbiətinə aid bitkilər məşğul edirdi: tarixi relik bitki olan dəmirağacı, şabalıt, nar... bunlar üzərində sitogenetik təhlillər aparır, nəinki Sovet İttifaqı ölkələri, habelə Qərb dövlətlərindəki elm aləminə yeni töhvələr bəxş edirdi. Şuşanın Cıdır düzündə yetişən “Xarı bülbül” çiçəyinin bio-ekoloji xüsusiyyətlərini də ilk dəfə Validə Tutayuq öyrənmiş, elmi şərhini vermişdi. Bununla bu nadir bitkinin məhz Şuşa təbiətinə aid olduğunu bütün dünya botaniklərinə çatdırmışdı. Çox keçmir ki o, çiçəklərin elmi şəkildə tədqiqi üzrə fəaliyyətini doktorluq dissertasiyası ilə nəticələndirir. Beləliklə, Validə Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur. Bu onun uğuru idi. Bu yorulmaq bilməyən zəhmətkeş alimin elmi uğurları onun şöhrətini vətəndən uzaqlara yaymış, onu dünyanın məşhur alimlərin sırasına çıxarmışdır.

Sevdiyi təbiəti, poeziyanı, musiqini birləşdirmək istəyirdi və bəstəkar Fikrət Əmirovla birgə “Xarı bulbul” operasına başlamağa niyyətli idilər. Xarı bulbul sevdasını Gəncədə həm qonşusu, həm dostu olan bəstəkrın da başına Xarı bülbül əfsanəsini danışa-danışa o yerləşdirmişdi. Dönə-dönə olduğu Cıdır düzündə gülü-çiçəyi az müşahidə etməmişdi. Həm də müşahidəsində o da maraqlı idi ki, gül- çiçəyə aşiq idisə də bu aşiqliyin kökündə onun bioloq ixtisası dayanırdı. İxtisasının ustadı olan Validə xanımdan ətrafındakıları heyrətə salan “göydəndüşmə” xəbərlər eşitmək olardı. Deyirdi ki, həmişə çal-çağırlı, tar kamanlı Çıdır düzündə çiçəklər qalan yerlərdəkilərdən tez açırdı. Onları həvəsə gətirib düymələnmiş qönçələrindən ləçək-ləçək açdıran muğam avazı olub. Bu sözü ölkənn ilk qadın bir akademikinin, şair ürəkli bioloqun ağzından sözün əsil mənasında qəbul etməli olursan.

...“Xarı bülbül” elə nağıl olaraq qaldı. Vaxtsız-vədəsiz gələn ölüm bu işi onların əlindən aldı: Validə xanım 1980-ci il dekabrın 12-də əbədiyyətə qovuşdu. Ondan üç il sonra isə Fikrət Əmirov. “Xarı bulbul” əfsanəsi operası yazılmadan həmişəlik əfsanə olaraq qaldı.

Prof. Minaxanim Nuriyeva Təkəli                                                                     

   Azərbaycan Dövlət Pedaqo Universiteti