adalet.az header logo
  • Bakı -°C

QARABAĞ HAVALI İLLƏR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
70 | 2025-12-04 10:14
A- A+

Akademik, Xalq yazıçısı Kamal Abdullanın doğum gününə

Boynuma məsuliyyətli bir iş götürmüşəm. Amma könüllü. Necə deyərlər, ürəyimin hökmü ilə. Bunu ona görə xüsusi vurğulayıram ki, Azərbaycanda və bütövlükdə onun sərhədlərindən kənarda oxucunun tanıdığı bir imza sahibi barəsində düşüncələrimi ifadə etmək istəyirəm. Bu istək də elə-belə yaranmayıb. Hələ tələbəlik illərindən tanıdığım və daha çox ədəbi tənqidi yazılarını izlədiyim müəllifin şeirlərinə rast gələndə daxilən öz-özümə belə bir açıqlama verdim. Yəni özümə dedim ki, ədəbiyyatın hər üzünü bilən, onu tənqid və təbliğ edən bir ədəbiyyatşünasın şeirə könül verməsi – bu, mənə görə İlahi bir pıçıltıdır. O pıçıltı gəlib dilin ucuna çatanda şeirə çevrilir. Zaman şəxsən mənə sübut etdi ki, “Kədərli seçmələr”dəki şeirlərlə müəllif oxucu duyğularını necə də ələ almağı bacarır, onlarla necə həmsöhbət olur və öz hisslərini həmin hisslərin fonunda kədər donundan çıxarıb ümid, istək, vüsal biçimində ortaya qoyur.

İllər mənə fürsət verdi ki, barəsində yazdığım bu müəllifin bir-birindən sanballı hekayə, povest və romanlarını da oxuyum. Elə buradaca xüsusi vurğulamalıyam ki, mən “Sehrbazlar dərəsi”, eləcə də “Nar  çiçəkləri” kitablarını özümə yol yoldaşı da etdim. O kitablarla uzaq səfərə də çıxdım. Çünki ayrıla bilmirdim, sözün həqiqi mənasında, “Sehrbazlar dərəsi” məni sehrləmişdi. “Nar  çiçəkləri” məni otuz il həsrətini çəkdiyim kəndimə çəkib aparmışdı. Və günlərin birində də böyük Füzuli barəsində esselərdən ibarət kitab çıxdı qarşıma. Təvazökarlıqdan uzaq olsa da vurğulamalıyam ki, bu esselər məni təkcə Füzuli ilə yox, həm də bu esselərin müəllifi ilə həmsöhbət etdi. Esseləri oxuduqca Füzulini yenidən tanıdım, yenidən öyrəndim, öncə görmədiyim tərəflərini gördüm. Tanıdığım Füzulini filologiya elmləri doktoru, professor, akademik, Xalq yazıçısı Kamal Abdulla mənə yeni bir dünyanın seyrangahında təqdim etdi. O təqdimatı oxuya-oxuya mən də qələmə sarıldım, mən də içimdə pıçıldadım.

Bəlkə də sizə qəribə gələcək. Hardasa məni qınayanlar da olacaq. Amma necə deyərlər, vecimə də deyil. Çünki mən ilk dəfə "Deyildim mən sənə mail..." fəlsəfəsini Kamal Abdullanın yozumunda bütünlüklə həzm elədim. Anladım ki, mənim, yəni Füzulinin "sənə mail deyiləm" etirafı adi şeir misrası deyil, adi qəzəl misrası kimi yaddaşa yazılmır. Burda neçə qat dərinlik var... burda neçə qat əlçatmazlıq var... Və mail olmayanın yerlə göy arasında, nəhayət ki, tapdığı bir nöqtə var. Ona görə də o, Füzuli fövqüylə, Füzuli hayqırtısıyla çox rahat şəkildə pıçıldayır. Siz o pıçıltıya fikir verin...

...Deyildim mən sənə mail...

Eşidə bildinizmi? Əgər eşitdinizsə, onda akademik Kamal Abdullayla, daha doğrusu, onun şərhiylə həmfikir olacaqsınız. Necə ki, mən bu pıçıltıdan doğulan, boy göstərən Füzulini bütöv halda gördüm, dinlədim. Həmin o işığın içində bir ağ yol da var idi. Orada hər kəsin getmək istədiyi, amma gedə bilmədiyi, hər kəsin olmaq istədiyi, amma ola bilmədiyi ilahi bir aşiqlik var. O aşiqlik akademik Kamal Abdullanın şərhindən sonra mənə Füzulini ruh kimi göstərdi. Hamıya nüfuz edə bilən, özü də hamıda zərrələri olan ruh kimi. Düşündüm və inandım ki, akademik Kamal Abdullanın Füzulini Allah bəndəsi - insan kimi deyil, yerlə göyün arasındakı ruh kimi görməsi ən böyük tapıntıdı.

"Mənim Füzulim"in bir nüansı da yaxamı buraxmır. O da akademik Kamal Abdullanın məni inandırdığı daha bir gerçəkdir. O gerçəyin adı Füzulinin Səyyah olmasıdır. Elə bir Səyyah ki, hər yerə gedə bilir... hər məqamı dəyərləndirməyi bacarır... hər mənzərəni özünə və özünü də ona köçürməyi diqqətindən yayındırmır... Eyni zamanda, bu Səyyah dayanmır, yatmır, dincəlmir. Həyatın özünü də özündə görür. Ona "tən eyləyən" qafili də, onun"əqlini zair" edəni də tanıyır. Bunların heç birinə isə iynə ucu boyda da olsun təpki gəlmir, acı münasibət göstərmir. Çünki o, Füzulidi! İnsan kimi, bəndə kimi çoxdan Yer üzündən köçmüş, amma şeyx kimi, ruh kimi, ŞAİR kimi bütün zamanları keçib gələn və keçib getməkdə də davam edən Füzuli!

***

"Tifl həm cövlan edər, amma ağacdan atı var..."

Misraya fikir verin. Onda müəllifin Füzuli qəsidəsindən götürdüyü bu misranın nəyə istinad nöqtəsi olduğunu yavaş-yavaş duymağa, anlamağa başlayacaqsınız. Ona görə yavaş-yavaş deyirəm ki, bu misranın tutumu, həcmi və bir də onun insanın duyğularına olan təsiri o qədər böyükdür ki, onu dərhal həzm etmək, dərhal özününküləşdirmək mümkün deyil. Bunun üçün mütləq Füzulinin bir zərrəsinə çevrilməlisən. Müəllifin dediyi kimi, öncə özünü xatırlayacaqsan, öz xatirələrinə baş vuracaqsan... Və bir də baxıb görəcəksən ki, uşaqlığın düz orta göbəyində dayanmısan.

***

Mən Məcnundan artıq aşiqliyi olan Füzulinin dünyalarca dərdi çəkmək gücünə qadir olduğuna bütün varlığımla artıq birmənalı inanıram. Və bir də akademik Kamal Abdullanın bu essesinin işığında görürəm ki, Füzulinin təəssüfünün özü də hardasa bir tərənnümdü, bir səmimi etirafdı. Yaşamın Füzuli kimi, Füzuli adlı etirafı!..

***

Hər kəs fərd olduğu kimi, onun fikirləri də fərdidir və fərqlidir. Yəni demək istəyirəm ki, mənim "Bir dərdli macəra imiş eşq...” essesinə baxışım da özümünküdür. Ona görə də elə fikirlərimi bir növü öz macəram kimi şərh etmək niyyətindəyəm. Demək istəyirəm ki, qəlbində sevgi adlanan duyğunun hansı ölçüdə olmasından asılı olmayaraq, onun özəl macərası da var. Çünki sevgi, eşq bir aşiqin yaşamıdı. Və bu yaşamın da adı macəradı. Ona görə ki, burda həqiqətən MACƏRA var. Macəra həm gerçəklikdi, həm də xəyal... həm olmuşdu, həm olan və hətta olacaq... həm yuxudu, həm reallıq... Deməli, bütün bunlar bir ömürdü – Eşq adlanan ömür. Füzulinin də dərdli macəra adlandırdığı eşq, hörmətli Kamal Abdullanın vurğuladığı kimi, həm də yaşamın tarixidi. Axı, həqiqətən eşq yaşanır. Yaşanılan isə ömrə, günə çevrilir. Ömür-gün də öz növbəsində bir insan həyatıdır. Və bu həyat da elə tarix deməkdir. Onu biz xatırlayırıqsa, onu biz yaddaşımızda təzələyiriksə, onun acısını, şirinini unuda bilmiriksə, buna "Tarix”dən başqa bir ad vermək mümkündürmü?

***

Kamal müəllim deyir ki, "Füzuli başdan-başa Səsdi”. Mənim də eşitdiyim səs Füzulinin səsidi. O qədər doğmadır ki, canımdan artıq sevdiyim insanın səsinə bənzəyir, ruhumu oxşayır - anamın laylası kimi... sevdiyimin pıçıltısı kimi... nəvəmin qığıltısı kimi... və bir az da Tanrı sədası kimi... Bu bənzətmələrim söz xatirinə deyil. Əksinə, bu bənzətmələr Göy üzündən gələn, şimşəkləri, buludları çəkib yerə gətirən, ulduzları axmağa məcbur edən, Ayı bədirləndirən səsdi... Və bu səs həm də Məcnunun səsidi... Leylinin hıçqırtısıdı... Və nəhayət, elə bu səs, Kamal müəllim dediyi kimi, Füzulinin özüdü...

***

Deməli, sevginin, vüsalın evi olan ürəyimiz bu nöqtədə səsin işıqlandırdığı saray qədər möhtəşəmdir. Bu möhtəşəm saraydan gələn səs Məcnundan artıq aşiqliyi olan bir şairin, yəni Füzulinin əl çatmayan ucalığıdır. Sadəcə olaraq, biz o ucalığı görür, dinləyirik. Məndən və bir çoxlarımızdan fərqli olaraq, müəllif o ucalığa neçə köynək yaxın, neçə qat doğmadır.

***

Mən bir oxucu olaraq Kamal Abdullanın təqdimatında dərk etdim ki, Füzuli son məqama qədər Məcnunla ya yanaşı dayanır, ya özü Məcnunu kənardan izləyir. Yalnız Məcnun Leylinin anası vasitəsilə göndərdiyi məktubu oxuyub ona qovuşmaq üçün Ölümü seçib qəbul edəndən sonra Füzuli bir şair kimi sanki silkələnir. Hiss edir ki, Məcnun onu üstələdi, özünü sevgisinə qurban verdi. Leyliyə qovuşmaq üçün ölüm ona vüsal yolu oldu. Bax, burda Füzuli dözmür. Özünü artıq Məcnunu yaradan, idarə edən, təqdim edən müəllif hüququndan istifadə edərək vurğulayır ki, "Məndə Məcnundan füzun aşiqlik istedadı var”! Və ardınca da vurğulayır ki, aşiq elə mən özüməm, Məcnunun isə adı var. Deməli, Füzuli bu etirafıyla həm müəllif hüququnu qorumuş olur, həm də özünün bir sevdalı qısqanclığını dilə gətirir. Oxucunun Məcnuna olan sevgisini özünə yönəldir, diqqəti özünə çəkir.

***

Müəyyən hissələrini təqdim etdiyim və ürəyimdə yaranıb yazılmasına “Mənim Füzulim” esselərinin səbəb olduğu silsilə yazılarımı həyatımın həm Füzuli ilə, həm böyük sevgi ilə, həm də buna vəsilə olan müəlliflə doğmalıq müstəvisində yaşadım. Özümü onların çevrəsində gördüm. Bu da mənə inam, ümid verdi ki, işığa doğru, dərinliklərə doğru getmək nə qədər çətin olsa da, amma iradə nümayiş etdirmək, məqsəd ortaya qoymaq nə faciə deyil, nə də tərki-dünyalıq. Bu, ən pis halda özünü pərvanə kimi şamın çevrəsində görməkdir. Deməli, söhbət NURdan gedir. O NURu da mən oxucuya “Mənim Füzulim”in müəllifi nişan verdi.

Burda bir haşiyə çıxmaq istəyirəm. Bir mətbuat işçisi olaraq dəfələrlə akademik Kamal Abdulla ilə görüşmüşəm, müsahibə də almışam, fikirlərini də öyrənmişəm, məsləhətlərini də dinləmişəm. Onun səmimiyyətini, həmsöhbətinə necə açıq olduğunu, fikrilərini zərgər dəqiqliyi ilə ifadə etməsini də çox izləmişəm. Bunlar ola bilsin ki, digər həmkarlarım üçün də bu və ya digər formada olub. Amma mənim həyatımda elə bir an, elə bir məqam var ki, onu qiymətləndirməyə bəzən ifadə tapmıram. Bu da yaradıcılığımla bağlı Kamal müəllimin mətbuatda oxuculara təqdim etdiyi fikirlərdir. Doğrusunu deyim ki, həyatımın bir yazı adamı kimi ilk böyük mükafatını Xalq şairi Bəxtiyar Vahabzadədən və Xalq yazıçısı Elçin Əfəndiyevdən almışdım. Bu unudulmaz simaların, söz xiridarlarının verdiyi mükafatı Kamal müəllim “Qarabağ havası” adlı yazı ilə daha da şərəfləndirdi, daha da möhtəşəm etdi. Heç vaxt ağlıma gətirmədiyim bu mükafat mənim üçün yaradıcılığıma böyük ədəbiyyat adamının baxışı idi

Oxuculardan üzr istəyirəm ki, gündəmə gətirdim, amma yazmaya bilməzdim. Çünki bu, Kamal Abdullanın sadəliyinin, səmimiyyətinin, qələm adamlarına sayqı və diqqətinin göstəricisidir. Mən bu diqqəti öz həyatımda unudulmaz bir an kimi yaşadım və yaşayıram. Və…

Bu gün ömrünün 75-ci ilini tamamlayan, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, yaradıcılığı geniş tədqiqat mövzusu olan, fəaliyyəti nümunə göstərilən Kamal müəllimin yubileyi ilə bağlı zaman-zaman içimdə yazıb hazırladığım fikirləri, diləkləri bu gün elə içimdə də saxladım. Çünki mən özümü onları yaşadığım kimi, yazdığım kimi təqdim etməyə tam hazır görmədim, tərəddüd etdim. Biraz da düşündüm ki, mənim içimdə olanları ifadə etməyim nə qədər doğru ola bilər?..

Bəli, elə bu düşüncə ilə Kamal müəllimə Qarabağ havalı günlər arzumu, yaradıcılıq uğurlarının tükənməzliyini kağıza köçürürəm. Düşünür və inanıram ki, Kamal Abdulla qazandığı öz zirvəsindən üzü Qarabağa baxanda mənim ürəyimdəkiləri görəcək. Yubileyiniz mübarək, Kamal müəllim!

TƏQVİM / ARXİV