adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyun 2021 12:50
40278
ƏDƏBİYYAT

Qarabağ mədəni mühitinin vəsfi - Zemfira Məhərrəmli yazır

Zaman-zaman apardığımız azadlıq mübarizəsi tarixmizin qılıncla, sözlə yazılan səhifələridir. “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!” deyirdi unudulmaz Xalq şairimiz Xəlil Rza Ulutürk. Azadlıq istəyi xalqımızın damarlarına illərdir axan, canında dövr edən, qan yaddaşına həkk olunan həyat qaynağıdır, dürüst yaşamağa sövq edən vicdanın səsidir. Yurdumuzun ayrılmaz tərkib hissəsi olan Qarabağımız da tariximizin ayrı-ayrı mərhələlərində ağrı-acılı olaylar məngənəsində sıxılıb, nəfəsi təngiyib. Başı olmazın müsibətlər çəkib.

Şahanə gözəlliyi, saf iqlimi göz qamaşdıran Qarabağa qənim olanlar bu yağlı tikəni ələ keçirmək, tariximizi təhrif etmək üçün dəridən-qabıqdan çıxıblar. Bu yurd yerimiz fars, rus və erməni millətçilərinin işğalları, qanlı hərb qovğaları ilə üz-üzə qalıb. Təbiətinə, fauna və florasına zərər vurulub, yurddaşlarımız ev-eşiyindən perik düşüb, memarlıq inciləri, bənzərsiz tarixi abidələrimiz amansızcasına dağıdılıb, mədəniyyətimizə rəxnələr vurulub. Bunlar ötən əsrin əvvəllərində, həm də XX yüzilliyin sonlarında erməni canilərin və Qafqazda daim münaqişələr yaradan rus imperiyasının qanlı əməlləri idi. Bütün ağrı-acılı olaylara, yaşanan üzüntülərə baxmayaraq, əsrarəngiz təbii gözəllikləri, Xarıbülbülü ürəkləri ovsunlayan, füsunkar mənzərəli Qarabağ diyarı dəyərli əsərlər yaradan söz adamlarının, fırçasının qüdrətiylə möhtəşəm tablolara həyat verən rəssamlarımızın həmişə İlham mənbəyi olub. Qarabağ həm də Azərbaycanın mədəniyyət beşiyi, klassik musiqimizin pərvəriş tapdığı məkandır. Bu əzəli-əbədi yurd yerimizdə Vətəni vəsf edən, musiqitək axıb ruha qida verən gözəl şeirlər yazılıb, məmləkətimizin tərənnümünə çevrilmiş nəğmələr pərvazlanıb. Hələ xalq mahnılarımızı, muğamlarımızı məharətlə ifa edən, ilahi səsi könülləri ehtizaza gətirən xanəndələri, müğənniləri demirik.

Zəngin bədii irsin, unikal musiqi nümunələrimizin qorunması, nəsildən-nəslə ötürülməsi tarixi zərurət, həm də bir vicdan, mənəviyyat məsələsidir. Görkəmli yazıçı-dramaturq, şair, tərcüməçi Seyran Səxavətin qələmə aldığı “Bəhanə” romanı məhz bu məqsəd və amalla hasilə gəlib. Əsər ustad xanəndə Süleyman Abdullayevin həyat və sənət yoluna həsr edilib.

Romanı oxuduqca Qarabağ ədəbi-mədəni mühitində bu yurdun sehrli səs sahiblərinin, xanəndələrin də öz yeri və nəfəsi olması qənaətimiz bir daha təsdiqini tapır. İstedad – uca Yaradanın insan övladına lütfü, əta etdiyi qiymətli bəxşişdir. Dərin təxəyyülü, dünyagörüşü, gözəlliyə vurğun ürəyi və sələflərinin miras qoyduğu mədəni irsə malik olanlar böyük mədəniyyət hasilə gətirə və tarixdə iz qoya bilərlər. Əsər bizə bu məramları, mənəvi dəyərlərimizi öyrənməyi, irsi yaddaşımızı göz bəbəyi kimi qorumağı diktə edir.

Axı, insanları həm də mədəniyyət, mənəvi bağlar birləşdirir. Zamanın çarxı fırlandıqca, illər, qərinələr bir-birini əvəz etdikcə mədəniyyət tarixmizə neçə-neçə azman sənətkarın adı həkk olunur. Sənət sərrafı, muğam ustası Süleyman Abdullayev kimi. Bu sənədli romanın “Bəhanə” adlandırılması da şərtidir, daha doğrusu, elə bir bəhanədir. Müəllif bununla demək istəyir ki, baş qəhrəmanım barədə danışsam da, digər korifey xanəndələrimizi – Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Segah İslam, Məşədi Məhəmməd Fərzəliyev, Xan Şuşinski, Seyid Şuşinskini... də unutmadım. Bu əsər son yüz il ərzində yurdumuzun muğam mənzərəsini gözlərimiz qarşısında canlandırır, dərin milli məzmunu ilə yanaşı, ümumbəşəriliyi ilə seçilir. Haqqında söz açdığımız roman konkret bir regionun – Qarabağ torpağının yetişdirdiyi sənətkar oğullarımıza ucaldılan abidədir. Görkəmli Xalq şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desək, “Mahnımızda yaşar bizim babaların addım səsi.”

Hər bir sənətkara “Dədə” demirlər. Dədə Şəmşir, Dədə Süleyman kimi. Ustad xanəndə S.Abdullayev isə sənətdə təkrarsızlığına görə dəyərləndirilib, bu adla çağırılır. Onun muğam yaradıcılığı nəhayətsiz bir ümmandır. Ona görə “ümman” deyirəm ki, sənətkarın ruhunun tərcümanı, özü ilə ilahi söhbəti, mükaliməsi olan, büllur bulaqtək çağlayan bu yaradıcılıq insanı mənən təzələyir, saflaşdırır, onu yaşamağa səsləyir.

Əslən qarabağlı olan, Füzuli bölgəmizin Yağlıvənd kəndində dünyaya göz açmış Seyran Səxavət özü də, dostlarının, doğmalarının dediyinə görə, erkən gəncliyindən gözəl səsə malik olub. Gənc şairin ədəbiyyata lirik şeirlərlə qədəm basması hər şeyi üstələyib. Söz adamı ölməz xalq mahnılarımızın, muğamlarımızın aşiqidir. Bəlkə elə bu sevgi, vurğunluq onu Qarabağ mədəni mühitinin aparıcı simaları barədə bu əsəri yazmağa sövq edib.

Yazıçı ünlü sənətçilərin yaradıcılığına özünəməxsus yanaşma sərgiləyir, necə deyərlər, öz prizmasından baxır. Seyran Səxavət Qarabağ mədəni cameəsinin keçdiyi yolun ayrı-ayrı dönəmlərinin mənzərəsini də nəql edir, sənət adamları ilə canlı dialoqlar bu mətləbləri açmaqda yazıçıya kömək edir. Müəllif musiqi məclislərinin mədəni mühitin inkişafına müsbət təsirindən, klassik musiqi ənənələrinin davam və inkişaf etdirilməsi zərurətindən də söz açır. Belə bir fikir təlqin edilir ki, sələflərin sənətkarlığı onların yetirmələri üçün möhkəm bünövrə, təməldir. Xələflər ustadlarına sıx, qırılmaz tellərlə bağlı olsalar da, sənətdə öz cığırları – rizləri var. Yazıçı öz qəhrəmanlarının, yüksəlişini izləyir, canlı, duzlu-məzəli söhbətlərlə onların keçdiyi həyat yoluna işıq salır.

Muğamın çeşidli, məxsusi cəhətlərindən söz açan müəllifin ulu xalq sənətinin incəliklərinə bələdliyinə, fəhm etdiyi bilgilərə, zaman axarının mədəni hadisələrindən baş çıxarmasına heyran qalırsan. Bu xanəndələr, yurd, millət təəssübkeşliyini öz sənət dünyasında hər şeydən üstün tuturlar. “Bəhanə” romanına ön söz yazan Babək Aruslunun bir fikrinə diqqət yetirək: “Muğam öz ifaçısını doğur. Günəş səhəri doğan kimi... Muğam, zamanlar arasında sərhəddi... Zaman yalnız muğamın pərdələri arasında öz ölçüsünü itirir. Əslində bu elə zamanın öz ölçüləridir... Muğam zamanı sərhədsiz qoyduğu kimi, zaman da onun sirli səsinə çevrilərək əbədiyyət qazanır... Cabbar Qaryağdıoğlu formaca Seyid Şuşinskiyə, Seyid Şuşinski Xan Şuşinskiyə, Xan Şuşinski Yaqub Məmmədova, Yaqub Məmmədov Arif Babayevə, Süleyman Abdullayevə və Sabir Mirzəyevə çevrilsə də, əvəzində o ilahi səs məzmun etibarı ilə dəyişməmişdir.”

Bədii ümumiləşdirmə imkanları geniş olan müəllifin bu romanının məqsəd və məramı da oxucunu ilahi səsin yaratdığı muğam dünyasına aparmaqdır. Adamın özü ilə sözü, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayanda bütövlük, tamlıq yaranır. Seyran Səxavət belə bütöv insanlardandır. Həqiqətə inanan, səcdə edən ziyalıdır, yaradıcılığı ilə gerçəkliyə, haqq-ədalətə tapınır. Mərhum Xalq şairimiz Musa Yaqubun fikrincə, “dövrün içində yaşaya-yaşaya prosesləri ümumiləşdirib bədiiləşdirmək olduqca çətin məsələdir.Zaman keçəndən sonra həmin prosesləri təhlil etmək, hardasa asanlaşır.Seyran hər şeyi zamanında qələməalan, amma zamanla, vaxtla, dövranla əlbəyaxa olan sənətkardır... Bu əsər həm istedadlı yazıçı − şair qələmi ilə, həm də cəsarətli jurnalist qələmi ilə yazılıb.Həm də burda Seyran dövrü, zamanı təhlil edən bir filosof qələmi ilə məsələlərə münasibət bildirir... Seyran yaradıcılığı qiymətlidir. Adı kimi ürəyi də səxavətlidir. Yəqin Səxavət təxəllüsünü də ona görə götürüb.”

“Bəhanə” romanı maraqlı müsahibələr üzərində qurulduğu üçün bir qədər fərqlidir. Bu müsahibələrsiz əsərdə sanki nəsə çatışmayacaqdı. Danışıq dilinin canlılığı və saflığı da əsərin özəlliyi, özünəməxsusluğudur. Yazıçının inancının canı, özəyi səmimiyyətdir.

Əsərdə Birinci Qarabağ savaşının həyatımıza gətirdiyi məşəqqətləri, itirilmiş torpaqlarımızın ağrı-acısını, isti ocağını tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın çətin güzəranını xatırladan həyat səhnələri ilə də qarşılaşırıq. Doğmaları ilə Dədə Süleymanın arasında belə bir söhbət olur:

− Dədə, Qarabağsız Azərbaycanı necə görürsən?

− Qarabağsız Azərbaycanı var-dövlətli, boy-buxunlu, enlikürəkli, axtalanmış bir kişiyə oxşadıram... Yüz dəfə soruşsalar, cavab elə budu, vəssalam!”

Yaxud belə bir səhnə ilə də qarşılaşırıq: “Adlara fikir ver – Stepanakert, Martuni, Hadrut, Mardakert... Bax bunların ümumi orta yaş səviyyəsini hesablasaq, yüz iyirmi il ancaq eləyər. Onda belə çıxır ki, Azərbaycan xalqı gəlmədir, özü də yüz iyirmi il bundan qabaq gəlib çıxıb, yazıq, əzabkeş erməni xalqı düz deyirmiş də... Belə şeylər var, dədə. – Sən dediyin rayonların adını yaxşı ki, dəyişdilər, öz adlarını qaytardılar, yoxsa tariximiz dolaşıq düşərdi.”

Əsərdə belə bir fikir də yazıçının məramına xidmət edir: “Səsini erməni gülləsi yarıb keçə bilməyən Güllü Muradova oxuduğu “Segah”la bilirsiniz nə deyirdi? O deyirdi ki, cənab Azərbaycan xalqı, gəlin Qarabağı azad eliyək, vallah, Qarabağ erməni xörəyi deyil.”

Romandan misal çəkdiyimiz bu parçalar olduqca düşündürücüdür. Dünyanın hər üzünü görmüş Dədə Süleymanın ürək ağrısı ilə söylədikləri elə yazıçının da qəlbini söküb dağlayan, ağrıdan fikirlər idi. Dərd əlindən ən gözəl hissləri korşalanlara, çarəsiz, mümkünsüz bir qayıdışın əzabını yaşayanlara, məğlubiyyətin acısını anlamayanlara, sanki ömrünü-gününü daşlayıb yuxuya dalanlara, biganələrə deyilirdi həmin sözlər. Bu, özünü ağlayanlara bir ismarış idi.

Əsərdə yazıçının qələm dostlarının səsi-avazı möcüzə olan sənətkarlarımız barədə fikirləri də yer alıb. Bir dəfə Süleymandan söz düşəndə şair Vaqif Bəhmənli deyib ki, “oturasan, dizlərini qucaqlayıb Süleymanın səsini dinləyəsən, hönkür-hönkür ağlayasan... Yerdən “Mənsuriyyə”nin “Ağ segah”ına qədər boy verəsən, dünyanın hər yerindən görünəsən – dünya da sənə baxıb, təmizlənə, paklaşa.” Şair Dədə Süleymana belə bir qəzəl də yazıb – Oxusun” rədifli:

 

Qarabağ ellərinin bəxti bəyaz günlərini,

Köndələndən su içən bir qara oğlan oxusun.

 

Dədənin dərdi qədim, dillənə dillər dirənər,

Ən dərin dərdləri qoy tüstüsü qəlyan oxusun.

 

Ulu bir səs atasız qaldı, ey Allah, de niyə?

Cabbar bəy, Seyid ağa, Şah Şuşadan Xan oxusun.

 

Dədənin öz səsidi, şanlı Süleyman Dədənin,

O mübarək səsinə Bəhmənli qurban, oxusun.

 

Səfalı Qarabağımızı xatırladan, cəh-cəh vurub cövlan edən, dağı-daşı belə isidən o ilahi səslərin hərarətindən ürəyimiz heç vaxt soyumayacaq. Təzə-tər, təravətli səslərin.

 

Zemfira Məhərrəmli

yazıçı-publisist