Əziz oxucularımız, bu günlərdə baş tutan Baş Qərvənd -Xaçındərbənd-Əlağalı- Əlimədədli- Ağdam- Xramort- Xankəndi səfərim həyatımın ikinci ən böyük hədiyyəsi oldu. Bu hədiyyənin müəllifi şəhidlərimiz, qazilərimiz olsa da, təqdimat şəhid anası Maya xanım Quluyeva tərəfindən mənə bəxş edildi. Əvvəlcə, hüzurlarınızda şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, Maya xanıma təşəkkür edir və Qarabağa etdiyim turu silsilə şəklində sizinlə paylaşmaq istəyirəm.
Proloq:
Səni şövqi-bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğu, bənövşə!
Baxmayaraq ki, doğma kəndim - Ağdam rayon Baş Qərvənd kəndi 2020-ci ilin 20 noyabrında düşmənlərimizdən azad edilib, amma bu günə qədər evimizə tərəf ayaq basmamışdım. Əslində kəndimizin kənarında yerləşən “Bayramlar” para kənddə 2020-ci ilin noyabrın 22-də olmuşdum. Hətta orada ilk addımımıı doğma kəndimizə 26 ildən sonra atmağım məni elə təsirləndirmişdi ki, o hissləri məqalə çevirib dostlarımı da, oxucularımı da təsirləndirmişdim. (Evimizin astanısındakı duyğularım - Kəhrizin bir udum suyu....)
Amma təəssüf ki, 26 il həsrət qaldığım məhləni, evimizi, məktəbimizi, kəhrizlərimizi, kəhriz quyularını yaxından görə, onlarla söhbət edə bilməmişdim. Portalsız getmək istəyirdim, çəkilən yeni yola düşüb məcnun kimi ayaqyalın, başıaçıq getmək istəyirdim. Təmas xəttində yerləşən Təzəkənddən ora 6-7 km ola, olmaya, o yerlərə getmək üçün portal istəmirdim. İncidim. Portalsız getmək istəyimin qarşısındakı əngəllər məni incitdi. Dəfələrlə bu haqda məqalələrlə çıxış etdimsə də , maneələri aşa bilmədim. Artıq kəndimin azadlığa çıxdığı gündən 4 il, 4 ay , 16 gün keçdikdən sonra da necə deyərlər, kəndimə gəldim.Ruhən küsdüyüm yrduma gəldim.
Elə bilirəm, elə Xurşid Banu Nətəvan qədər yurdumdan küsmüşəm. Elə Ağdamda - İmarətdə Qarabağın XAN qızının büstünün ruhunda da bir küskünlük hiss etmişdim. Bilmirəm səhv duymuşdum, yoxsa, gerçək duymuşdum, amma duymuşdum ki, Natəvan çox küskündür.
Niyə?
Xurşidbanu Natəvan da eynən Molla Pənah Vaqif kimi zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri olub, poeziyası, mərhəməti, savadı, ağlı, vətənpərvərliyi ilə təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada tanınıb. Xeyirxahlığı və mesenatlığı dillərə dastan olub. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirib. Çölqala məhəlləsində Xan qızı bulağı tikilir. Bulaq ağ mərmərdən , 12 gözdən və 8 guşəli çarhovuzdan ibarət həmin bulağın tikintisinə 100 min manat qızıl pul xərcləyir. Suyun çəkilişində iştirak edənlərə puldan əlavə, 180 qoyun və 20 dəst bahalı xələt bağışlayır.
Amma Qarabağda vəzirlik vəzifəsində çalışan Molla Pənah Vaqifə işğaldan azad olmuş Şuşada 2021-ci il avqustunda, 2022-ci il iyulunda, 2023-cü il iyulunda, Şuşada, 2024-cü ilin İyulunda isə Qazaxda Vaqif Poeziya Günləri keçirilib.Axı , M.P.Vaqif şeirlərindən əlavə Qarabağ camaatının yaddaşında vəzirlikdən başqa heç nə ilə qalmadı. Nə bir bulaq çəkdirdi, nə bir arx qazdırdı.
İndi Natəvan küsməsin neyləsin!
Xan qızının büstünə baxa-baxa da düşünürdüm ki, elə hər ikimiz küskünük... 25 illik jurnalist fəaliyyətim dövründə işğalda olan vətən torpaqlarının hər bir bucağının həsrətinə yana- yana yazmışam, oxucularımı da yandırmışam, vətən üçün canını qurban vermiş hər şəhidi gənc və nakam qardaşımı ağladığım kimi ağlamışam, Bakıdan vurub, heç vaxt getmədiyim, İsmayıllı rayonunda çətin vəziyyətdə mərkəzdən kömək uman köçkünlərin dərdini dinləməyə, yazmağa “yuxarılara” çatdırmağa getmişəm. Həm də meşənin içi ilə kənddən çox aralı olan Qalınçaq fermasına... tək... ağlıma da gəlməyib ki, bu meşələr çaqqal, canavarla doludur. Adı, sanı tanınmayan şəhidlərimiz, qazilərimiz haqqında yazmaq üçün Azərbaycanın getmədiyim kəndi-şəhəri qalmamışdı. Sonra 44 günlük müharibə də yeganə qadın jurnalist olaraq fəaliyyətim xalqımızn gözünün qarşısında oldu. Ölümlə göz-gözə , nəfəs-nəfəsə dayandığım 44 gün , raket yağışı, dron həyəcanı, bombardman... Nə isəki, ölmədim. Xankəndi- Laçın yolunda ekoetirazçılara 4 gün dəstək olmaq, o buzun üstündə qarın-yağışın altında da könüllü qalmağı da özümə borc bildim.
Amma fəxri fərmanlar, təşəkkürnamələr, "Böyük Zəfər" medalı elələrinə verildi ki, necə deyərlər əlim üzümdə qaldı: Bakıdan çıxmayanlara!Məsələn , müğənni Natavan Həbibi "Hərbi vətənpərvərlik tədbirlərində fəal iştirak etdiyinə görə" Fəxri Fərmanla təltif ediləndə küsdüm. Aşıq Ələsgər demiş sındı, qol-qanadım yanıma düşdü.
Xülasə, küskünlüyümü - 26 il + 4 il, 4 ay , 16 gün həsrət qaldığım yurdumdan hazırladığım reportajı növbəti məqaləmdə diqqətinizə çatdırmağı özümə borc bilirəm! Ümid edirəm, ən gözəl qiyməti məmurlar yox, xalq verir. Elə olmasaydı Azərbaycanın xalq qəhrəmanları yüz illər boyu yaddaşlarda yaşamazdı, sevilməzdi. Allah qədirbilən xalqımızı qorusun deyib, sizi mənimlə bərabər, mənim gözlərimlə Qarabağı, Baş Qərvənd -Xaçındərbənd-Əlağalı- Əlimədədli- Ağdam- Xramort- Xankəndini gəzməyə, o yerlərə bir də mənim gözümlə baxmağa çağırıram!
Məni izləyin!
Əntiqə Rəşid