14 Avqust 2024 10:50
77
İDMAN

“Qarabağ”ın prezidenti: “Sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür”

“Bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stressli, çox gərgin keçdi”.

Adalet.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel komandasının Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lüdoqorets” üzərində Bolqarıstandakı inamlı qələbəsindən (7:2) deyib.

O, Azərbaycan çempionunun uğurlarının davamlı olacağına inamını ifadə edərək, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib: “Başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür. Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm iradəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümunəsi idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm”.

O bildirib ki, qarşıda “Qarabağ”ı daha çətin və məsuliyyətli oyunlar gözləyir: “Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.

Gözelin sözlərinə görə, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda cənab prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən “Lüdoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar bizi gözləyir!”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə oynayacaq./idmanbiz