29 Avqust 2023 13:37
1591
MƏDƏNİYYƏT

Qarabağın sənətkarlar nəsli: Aşıq Valehin nəticəsi tarzən Qurban və Asim - II Yazı

"Qarabağın sənətkarlar nəsli: Tarzən Asimin ulu babası Aşıq Valeh" məqaləsinin davamına elə qaldığımız yerdən başlayırıq .



Aşıq Valehin nəticəsi: Qurban



Günlərin bir günü -  1880-ci ilin oktyabrında Abdal-Gülablıya xəbər yayılır ki, bəs, Aşıq Valehin nəvəsi  Aşıq Baxşəlinin bir oğlu olur. Adını da Qurban qoyurlar. Qurban gözünü açandan evlərindəki saz onun ən böyük maraq dairəsinə çevrilir. Qurban hələ balaca vaxtından anlayır ki, el məclislərində, bayram şənliklərində atasının   hər zaman yuxarı başa çəkilməsinin səbəbi,   hörmətini birə-beş artıran onun mükəmməl saz aşığı olmasıdır.


11 və ya 13 yaşında özünü tarda ifaçılığa həsr etmək üçün Qurban ibtidai məktəbi atdı. O, Aşıq Abbasqulu ilə birlikdə Şuşaya getdi və Şuşanın bazarında özünün doğma kəndindən gətirdiyi iki səbət armudu sataraq özünün ilk tarını aldı. Daha sonra o, Qurban Pirimovun tarzən kimi formalaşmasında mühüm rol oynamış azərbaycanlı tarzən Sadıqcanın şagirdi olur. Kənd sakinləri danışırmış ki, məşhur tarzən Sadıqcandan dərs alan bu gənc n hər gün kilometrlərlə yol qət edib Abdal Gülablıdan Şuşaya Sadıqcanın yanına gedərmiş. Elə ona görə də Pirimov artıq 15 yaşında bütün Qarabağda məşhur olan tarzən oldu.

Qurban eyni zamanda, azərbaycanlı xanəndə Əkbər Xamuş oğlunu toy şənliklərində müşayiət edirdi.1901-ci ildə Qurban Pirimov Şuşada “Şərq konserti” ndə, 1907-ci ildə isə Bakıda eyniadlı konsertdə iştirak edib.

Sadıqcanın vəfatından sonra (1902), 1903-1905-ci illərdə Pirimov azərbaycanlı xanəndə İslam Abdullayevi Qarabağ, Gəncə, Şirvan və Şəkidə keçirilən konsertlərdə müşayiət edirdi. Onunla birlikdə Qurban Pirimov Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin sözlərinə 1905-1911- ci illərdə İranda Konstitusiya inqilabının liderlərindən biri olan Səttar xana həsr olunmuş mahnı yaratdı. Mahnı onların ifasında vallara yazıldı və İrana göndərildi. Daha dəqiq Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olan sənətkarın  ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılır.



Yeri gəlmişkən, tədqiqatçılar yazır ki, 1905-ci ildə Gəncədə toy şənliklərindən birində Qurban İslam Abdullayevin vasitəsilə azərbaycanlı xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.Xanəndənin özü sonralar xatırlayırdı: “Qurban İslam ilə bizim görüşümüzə gəlmişdi. Mən Qurbana bir qədər tar çaldırdım. Qurbanın gözəl çaldığını görüb onu İslamın razılığı ilə özümlə Bakıya gətirdim”. 1905-ci ildən tarzən Qurban Pirimov Cabbar Qaryağdıoğlu və gürcü kamança ifaçısı Saşa Oqanezaşvili ilə birlikdə 20 il ərzində Zaqafqaziya, Orta Asiya və Yaxın Şərqin şəhərlərində çıxış edir.

I Qarabağ müharibəsindən çox əvvəl Qurban Primovun Ağdamda yaradılan mənzil muzeyində bir qəfəs olub. Qəfəs muzeyi izləyənlərin həmişə diqqətini çəkirmiş. "Tarzən hara, qəfəs hara" deyə maraqlanırmışlar.  Sən demə, Qurban müəllim evində bir cüt bülübül saxlayarmış. Hər səhər məşq edərkən qəfəsdəki bülbüllər onun ifasına oxuyarmış. Sonralar sənətkarın bülbüllərinin qəfəsi eksponat kimi muzeyə qoyulub.



 Oxu, tar, oxu, tar!…

Səsindən ən lətif şe’rlər dinləyim.

Oxu, tar, bir qadar!…

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütləmin şirini, şərbəti,

Alovlu sənəti!..


 Sevimli və poeziyası ilə qəlbləri fəht etmiş Mikayıl Müşfiqin bu şeirini Qurban Pirimova həsr etdiyini necə, bilirdiniz?



İstedad və bacarığına görə, həmişə seçilən Pirimov  Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin yaxın dostu olub. Beləki, 1908-ci ildə "Leyli və Məcnun" operasının premyerasında bütün tarzənlər gedir, yalnız Qurban Pirimov qalır və çalır. Daha sonralar bu dostluq həm də işbirliyinə çevrilib . 1925-ci ildə Qurban Pirimov Üzeyir Hacıbəyovun rəhbərliyi altında muğam üzrə ilk proqramın hazırlanmasında iştirak edib. Hətta o  özünün yaxın dostu, sovet bəstəkarı Reynhold Qlierə, ona bir çox musiqi materialları təqdim etməklə, “Şahsənəm” operasının yazılması prosesində kömək etmişdi. Bununla əlaqədar, Qlier Pirimovu Azərbaycan xalq musiqisinin öyrənilməsində öz müəllimlərindən biri hesab edirdi. O, yazırdı: “Xalq poeziyasının tükənməz çeşməsini mənim qarşımda açmış müəllimlərim qocaman xalq müğənnisi Cabbar Qaryağdı və gözəl musiqiçi-tarzən Qurban Pirimov idi”.

Müasirləri yazır ki, 50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis, yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib.

Qurban Primov, Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub. Sənətkarın qızı Saraxanım Azərbaycanda ilk pianoçu qadın kimi tanınıb. Məşhur yazıçı Mirzə İbrahimovla ailəli olub.

 Yeri gəlmişkən, ustad tarzən "Neft və milyonlar səltənətində" , "Bakılılar",  "Üzeyir ömrü" , "Qızıl fonddan seçmələr" filmində çəkilib.

1965-cı ildə ömrünün ahıl çağına  məşhur tarzəni ürəkdən sevindirən bir hadisə olur. 10 avqustda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə “Rahab” muğamını necə ifa edibsə, tamaşaçıların alqış sədaları altında sənətkar üç dəfə səhnəyə qayıtmalı olub.

 Qurban Pirimov 29 avqust 1965-ci ildə - 84 yaşında Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

P.S. Hə, tarzən Qurban Pirimovun tarzən nəticəsi Asim Pirimovla müsahibəmizi də gözləyin, amma bir neçə aydan sonra... Yəni, nəticə tarzənin ad günündə...

 Əntiqə Rəşid