17 Mart 2023 12:50
482
HADİSƏ

“Qardaşım uşağa görə xanımını boşadı, onlar da məni...”- “Qız-qıza”nın qurbanı olan qadın

Adalet.az “qadın taleyi” rubrikasında bu dəfə İnsiqənin (adı şərtidir) həyat hekayəsini təqdim edir. İnsiqə “qız-qıza”nın qurbanı olub, ailəsi dağılıb, üç uşaqla atasının evinə qayıdıb. O, olanları əməkdaşımıza belə nəql edib:

“Ailədə bir bacı və qardaşıq. Qardaşım məndən böyükdür. Atam və anam  isə hələ biz uşaq olanda ayrılıblar. Amma buna baxmayaraq atamla görüşürük. Atam da bizim kənddə yaşayır, amma evi-eşiyi ayrıdır, ailə də qurub, övladları var. Bir gün qardaşıma qohumlardan qız tapıb nişanladılar. Bir neçə ay sonra toyları oldu. Qardaşımın toyu gecəsi gəlinimizin qardaşının məndən xoşu gəldi və ona qoşulub qaçdım. Beləcə biz “qız-qıza” qohum olduq”.


“Bir müddət sonra söz-söhbətlər başladı...”

“Aradan beş ildən çox vaxt ötdü. Mənim üç uşağım dünyaya gəldi, amma qardaşımın övladı olmadı. Əslində müayinələr zamanı problemin gəlinimizdə olması müəyyən edilmişdi. Amma qardaşım da övlad istəyirdi, gəlinimiz də çox yaxşı insan idi. Bir müddət sonra söz-söhbətlər başladı, evdə anam da nəvə istədiyini dedi. Gəlinimiz bu söz-söhbətlərə son qoymaq üçün qardaşımdan ayrılıb ata evinə getdi. Sonra qardaşım başqa qadınla evləndi və övladı oldu”. 

“Dedi ki, qardaşın bacımı boşayıb, mən də səni...”

“Mənim isə qayınatamın evində qara günlərim başladı. Baldızım həm də mənim yaşadığım evə qayıtmışdı. Həyat yoldaşım da məni üç uşaqla boşadı. Dedi ki, “qardaşın bacımı boşayıb, mən də səni boşayıram”. Mən də gözü yaşlı ata evimə qayıtdım. Bir neçə il sonra isə kənddə ev tikib ayrıca yaşamağa başladım. İndi qızım ailəlidir, oğlanlarım əsgər gedib-gəliblər. Amma onu demək istəyirəm ki, qız-qızanın qurbanı oldum. Bu adət heç də yaxşı deyil. Bu cür qohumçuluq olanda tərəflər bir-birindən qisas alırlar”. 

Vasif Əlihüseyn