14 Iyun 2024 11:37
1979
HÜQUQ

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Xəbər verildiyi kimi,  Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır.

Bununla bağlı mərhum Böyükağa Şükürovun qardaşı Qabil Şükürov Prezidentə müraciət edib.

Bunlarla bağlı Qabil Şükürov QAZİLƏR.AZ saytına açıqlama verib.

“Qardaşımın ölümü ilə bağlı Nərimanov rayon prokurorluğunda noyabr ayından iş üzrə araşdırma aparılır. Böyükağa Böyükkişi oğlu Şükürovun ölüm faktının araşdırılması ilə bağlı üç dəfə ekspertiza təyin olunub.

Birinci ekspertiza Səhiyyə Nazirliyinin tabeliyindəki tibb idarəsinə həvalə olunmuşdu. İdarədən ekspertiza qarşısında belə bir sual qoyulmuşdu: Böyükağa Böyükkişi oğlu Şükürovun müalicəsi ilə ölümü arasında səbəbli əlaqə varmı, ona düzgün müalicə yazılıbmı və dinamik həkim nəzarəti olubmu?

Səhiyyə Nazirliyinin tibb idarəsi bu suala cavab olaraq bildirmişdi ki, ona düzgün müalicə təyin olunmuşdu. Rəy üç ekspertin imzası ilə verilmişdi. Digər suallar isə cavablandırılmamış, rəy əsaslandırılmamışdı”, - deyə Q.Şükürov bildirdi.

Onun tələbi  əsasında yenidən ekspertiza təyin olunduğunu söyləyən mərhumun qardaşı bunları  dedi:

“Sözügedən ekspertiza eyni müəssisəyə həvalə oluna bilməzdi, həkim səhlənkarlığının araşdırılmasına dair təcrübə də bunu göstərir.

Buna görə ikinci dəfə ekspertiza Müdafiə Nazirliyinin tibb idarəsinə həvalə olundu. Bu tibb idarəsi geniş rəy verdi ki, Şükürov Böyükağa Böyükkişi oğluna müalicə düzgün təyin olunmayıb, cərrahi müdaxilə həyati göstəriş olmuşdu, lakin cərrahi müdaxilə həyata keçirilməyib və bu da onun vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb.

Müdafiə Nazirliyinin tibb idarəsinin verdiyi bu rəy kifayət qədər əsaslandırılmışdı. Buna baxmayaraq yenidən ekspertiza təyin olunub və yenə də Səhiyyə Nazirliyinin tibb idarəsinə göndərilib. Orada həmin o ilk ekspertiza təhqiqatını aparan, rəyi imzalayan üç ekspert rəy tərtib edib. Bu dəfə ekspertiza qarşısında bir sual qoyulur: Şükürov Böyükağa Böyükkişi oğlunun yaşı, onda böyrək çatışmazlığının olması, nə vaxtsa keçirdiyi açıq ürək əməliyyatı və dinamik həkim nəzarəti cərrahi müdaxilə ilə əks göstəriş idimi?

Əslində bu sual özü hüquqi məntiqli sual deyildi, çünki insanın yaşı onun cərrahi müdaxiləsi üçün əks göstəriş hesab oluna bilməz.  Bu, Ümumdünya Səhiyyə Təşkilatının heç bir protokolunda, sənədində yoxdur”.

Qardaşı Şükürov Böyükağa Böyükkişi oğlunun 2014-cü ildə açıq ürək əməliyyatı keçirdiyini vurğulayan Q.Şükürov:  “Üstündən 10 il vaxt keçib və eyni zamanda ürək fəaliyyəti normal olub. “İstanbul NS”nin verdiyi tibbi sənədlərdən də görünür ki, ürəyin fəaliyyəti normal olub”, - dedi.

“Qardaşımda böyrək çatışmazlığının olduğunu bildiriblər. Halbuki onda böyrək çatızmazlığı olmayıb.  “İstanbul NS”nin verdiyi sənədlərdən də görünür ki, onun böyrəkləri normal işləyib. Belə olan halda istintaq bu sualı niyə qoyub? Bu sual özü də sual doğurur.  Bu suallara cavab olaraq bildiriblər ki, göstərilən səbəblər əks-göstəriş idi. 

Əvvəla, üçüncü dəfə ekspertiza təyin olunmasına heç bir lüzum yox idi.  İkincisi, təyin olunurdusa, birinci dəfə qeyri-obyektiv, səthi rəy verən müəssisəyə və ən azından eyni ekspertlərə həvalə olunmamalı idi. Çünki i ekspertlər  birinci rəydə müalicənin düzgün təyin olunduğunu, axırıncı rəydə isə düzgün təyin OLUNMADIĞINI yazıblar. Sonuncu rəydə ekspertlər təsdiq edir ki, müalicə düzgün təyin olunmamış, cərrahi müdaxilə edilməmiş, dinamik həkim nəzarəti olmayıb. Belə çıxır ki, eyni ekspertlər birinci rəydə bir söz, sonuncu rəydə isə tamam başqa söz deyirlər. Deməli, bu ekspertlərin iki fikrindən biri  yalandır. Ekspert  bilə-bilə verdiyi yalan rəyə görə isə məsuliyyətə cəlb olunmalıdır. İstintaq buna da diqqət yetirmir”, - deyən Qabil Şükürov bildirib ki, qardaşının ölümündə günahkar olanların cəzalanması üçün  şikayətçi olaraq Prezident Administrasiyasında olduğunu söylədi: “Orada mənə şikayətimin  qeydə alındığını və nəzarətə götürüldüyünü  dedilər. Yəni qəbulda mənə bildirilib ki, şikayətimnəzarətə götürülüb və müvafiq araşdırma aparılacaq”.

Eyni zamanda, Nərimanov prokurorluğunda prokuror Hidayət Nurəlibəyovun  qəbulunda olduğunu bildirən mərhumun qardaşı bu qəbuldan da narazılıq ifadə etdi: “Yuxarıda sadalanan məsələlər prokurorla da müzakirə olundu. Nərimanov rayon prokuroru birmənalı olaraq bildirdi ki, məsələ ilə bağlı cinayət işinin başlanması üçün mütləq eskumasiya olunmalıdır. Mərhumun yaxınlar – oğlu və həyat yoldaşı eskumasiyaya razılıq vermədiklərinə görə eskumasiya keçirilə bilməz. Amma qanunvericilikdə belə bir tələb olmadığı prokurorun diqqətinə çatdırıldı. O, isə dedi ki, qanunvericilikdə belə bir tələb olmasa da bu, onun  şəxsi düşüncəsidir.

Prokuror bu məsələ üzrə cinayət işinin başlanmayacağını, araşdırmanın sonlandırıldığını bildirib.  Baxmayaraq ki, bu qədər tutarlı arqumentlər var və baxmayaraq ki, ekspertlər, hətta istintaqın mötəbər kimi qəbul etdiyi sonuncu ekspert Şükürov Böyükağa Böyükkişi oğlunun müalicəsinin düzgün aparılmadığına, cərrahi əməliyyatın vaxtında həyata keçirilmədiyinə, bunun da onun vəziyyətinin ağırlaşmasına səbəb olduğuna dair rəy verib.

Əhalinin sağlamlığının qorunmasına ilə bağlı qanunun 26-cı maddəsinə əsasən  göstərilən hallar onun olduğu klinikanın və müalicə həkiminin səhlənkarlığı deməkdir.

P.S. Məqalədə adı çəkilən tərəflərin mövqeyini də dərc etməyə hazırıq.