12 Sentyabr 2025 22:42
238
MEDİA

“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Mətbuat Şurasında “Ədalət” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Adalet.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb və bildirib ki, “Ədalət” qəzeti Vətənimiz üçün taleyüklü bir vaxtda fəaliyyətə başladı. 1990-cı il iyulun 1-də keçmiş SSRİ-nin hələ mövcud olduğu bir dövrdə Mərkəzi Komitə nəşrin fəaliyyətinə icazə verdi, onun ilk nömrəsi isə iyulun 26-da işıq üzü gördü.

MŞ sədri eyni zamanda bildirib ki, Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi fəaliyyətə başlamış “Ədalət” həm də o dövrün Sovetlər Birliyindəki, bir növ, hüquqçuluq ab-habasının məhsulu kimi meydana çıxdı. Amma bu ab-havanı sabiq imperiyanın heç də hər yerində konkret ideyaya və reallığa çevirmək mümkün olmadı. Qarışıya qoyulmuş məqsəd yalnız Baltikyanı ölkələrdə və “Ədalət” qəzetinin timsalında Azərbaycanda gerçəkləşdi ki, bu, yazıçı, publisist, istedadlı qələm sahibi Aqil Abbasın və tanınmış hüquqşünas Adil Minbaşının əməyinin, inadkarlığının bəhrəsi idi.  

Məlumdur ki, yubilyar qəzetin ilk adı “Hüquq” olub. Sonradan nəşrin “Ədalət” adlandırılması da bilavasitə A.Abbasın xidmətidir. Bu barədə söz açan R.Məcid onu da bildirib ki, yubilyar nəşr ötən 35 ildə cəmiyyətin maraq və mənafeləri naminə mübarizə apardı, ədalətli cəmiyyət, hüquqi dövlət  quruculuğu yolunda xidmətlər göstərdi. “Ədalət” ötən müddətdə peşəkar jurnalistika məktəbi kimi də özünü təsdiqləməyi bacardı, neçə-neçə tanınmış jurnalist, eləcə də ictimai xadim ilk addımlarını məhz bu qəzetdə atdı.

MŞ sədri çıxışında “Ədalət” qəzetinin Azərbaycan jurnalistikasında özünəməxsus missiya daşıdığını da vurğulayıb. R.Məcid nəşrin hadisə və proseslərə yanaşmasının, ayrı-ayrı təqdimatlarının onu cəmiyyətdə xeyli populyarlaşdırdığını diqqətə çatdırıb və əlavə edib ki, “Ədalət”in nüfuz qazanmasının başlıca səbəbi qəzetin klassik mətbuatımızın ənənələrini canlandırması ilə paralel surətdə gələcək naminə mübarizə aparması idi. Bu xətt maarifçilik xətti idi və cəmiyyətin mənafeləri ilə dövlətimizin maraqlarının uzlaşdırılmasını rəhbər tuturdu. Bu günün “Ədalət” qəzeti də ənənələrə sadiqlik kursunu qoruyur, müasir dövrlə ayaqlaşaraq fəaliyyət göstərir.

Qeyd edək ki, “Ədalət” qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib. R.Məcid diplomu nəşrin təsisçisi Aqil Abbasa təqdim edib. Qəzetin əməkdaşlarının bir qrupu isə Şuranın təşəkkürnamələri ilə təltif olunub.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, vaxtilə qəzetdə çalışmış əməkdar jurnalistlər Aydın Ağazadə və Rəşid Faxralı, yubilyar nəşrin əməkdaşları Əbülfət Mədətoğlu, Nicar Rüstəmov, Asif Talıboğlu, Mətbuat Şurasının icraçı katibinin müavini İlqar Tağıyev və başqaları  hazırda tanınmış publisist və yazar İradə Tuncayın baş redaktorluğu ilə fəaliyyət göstərən “Ədalət”in yarandığı dövrə ekskurs edərək, nəşrin çətinliklərə və məhrumiyyətlərə sinə gərmək nümunəsi olduğunu vurğulayıblar. Onlar, həmçinin, mətbuatın ədalətli cəmiyyət quruculuğu naminə əzmlə çalışmasının örnəyi kimi meydana atılmış qəzetin ölkəmizdə ictimai fikrin formalaşmasında əvəzsiz rol oynadığını vurğulayaraq, onun bütöv bir jurnalist nəslinin yetişməsinə də layiqli töhfələr verməsindən söz açıb, xatirələrini bölüşüblər.

Natiqlər, eyni zamanda, intellektual yüklü, düşündücürü məqalələrlə oxucularının görüşünə gələn, səmimiyyəti və istedadı ilə fərqlənən qələm sahiblərini bir araya gətirən “Ədalət” qəzetini kəskin rəqabət şəraitində ayaqda qalmağın nümunəsi kimi də səciyyələndirib, nəşrin gələcəkdə eyni dəst-xətti və statusu qoruyacağına, daha böyük rəqəmli yubileylərini qeyd edəcəyinə inandıqlarını vurğulayıblar.

“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas çıxışında yubilyar media orqanının keçdiyi yolu bütövlükdə müstəqil Azərbaycanın inkişaf yolu olaraq səciyyələndirib, nəşrə verilən yüksək dəyərə və qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.