27 Avqust 2024 19:05
142
GÜNDƏM

 Qazanmaq xatirinə məhsulunu məhv edənlər - Kasıbların qənimi  

Ötən ilin elə bu vaxtları idi. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62,1 ton süd məhsullarını məhv etdiyini elan elədi.
Dedi ki, "Sun Food" MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu EkoSum MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Həmin vaxt o da qeyd edildi ki, son 6 ayda “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə 3 dəfə müraciət edib. Bu ilin aprelində ümumi çəkisi 51,3 ton müxtəlif növ süd məhsulu, mayında isə ümumi çəkisi 33.6 ton müxtəlif növ süd məhsulu məhv edildi.

Ölkədə bu qədər işsiz, imkansız, kasıb təbəqə olduğu halda bu qədər məhsulun xarab edilərək məhv edilməsinə qarşı etiraz etmişdim. Etirazımı da bu sözlərlə ifadə etmişdim: Maraqlıdır. 62, 1 ton müxtəlif növ süd məhsulları vaxtında uyğun qiymətə bu xalqa satılsaydı faciə baş verərdimi? Qiymətin qalxmasını gözləməklə məhsulun istifadə müddətini ötürmək. indiki ərzaq qıtlığı, xüsusən kənd təsərrüfatı məhsullarına böyük tələbat olduğu bir dövrdə bu böyüklükdə itki lazım idimi?

Təbii ki, bu itki nə "Sun Food" MMC-nin rəhbərliyinə, bu itkidən təsirləcək işçilərə, nə də 62,1 ton süd məhsulundan əli çıxmış əhaliyə sərfəli deyil.


Bakının hər tərəfi duz yataqlarıdır. Belə bir təbii sərvətin içərisində oturub əhaliyə o duzu "od" qiymətinə sırıyan bir şirkət 62, 1 ton müxtəlif növ süd məhsullarını da xalqa daha yüksək qiymətə satmaq üçün gözlədiyi fürsəti "fötə" verib. Heyif, o 62, 1 ton müxtəlif növ süd məhsullarından, qiymətini qaldırmaq, çox qazanc götürmək düşünülməsəydi indi nə qədər insanın ehtiyacı ödənərdi".

Bu gün isə xəbərlərdən oxudum ki, Naxçıvanda 177480 ədəd yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanaraq məhv edilib. Daha dəqiq, Naxçıvanda dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16 iyul istehsal tarixli yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanıb.

Bu zaman istifadəyə yararsız yumurta məhsulu topdançı subyekt tərəfindən geri çağırılıb. Geri çağırılan 493 qutu (177480 ədəd) yumurta məhsullarının Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilməsi prosesi həyata keçirilib.
Heyf bu məhsullardan! Onsuzda sahibkarlar itirdiklərinin əvəzini qiymətləri qaldırmaqla bizim canımızdan çıxaracaq… Yazıq bu xalqa ki, mağazalarda qiyməti 20-25 qəpiyə qalxmış yumurtanı almağa imkanı olmayıb. Sahibkar yumurtanın qiymətinin qalxmasını, kasıb əhali isə ucuzlaşmasını gözləyib.


Yəni insanda vicdan bu qədər kasad ola bilər ki, heç olmasa, məhsulun vaxtının bitməsinə 3-4 gün qalmış, qiymətini aşağı salmasın? Axı evlər var ki, körpələr o evdə yarı ac, yarı tox yaşayır. 2-3 yumurta bəzən bir imkansız ailənin naharıdır…
Milyonlar qazanmaq eşqi, insanlığı öldürürmüş…

Təəssüf...

 Əntiqə Rəşid