Qəlbində Vətən sevgisi, dilində Azərbaycan kəlməsi
Torpağın ana qədər müqəddəs sayıldığını məhz anaların timsalında görmək olar. Amma şəhid analarının yeri hər iki məkanda yalnız baş üzərindədir. Çünki, onlar ən sevimli varlıqlarını müqəddəs torpağa qurban veriblər.
Rus şairi Nikolay Ostrovskinin belə bir kəlamı var: "Analar hər şeyi görməsələr belə, amma ürəkləri ilə eşidirlər”. Övlad həsrətindən darıxan, dərddən baş götürüb qaçan anaların təsəlli yeri nakamlarını etibar etdiyi torpaq, uyuduqları məzarlıqlar olur. Baş daşındakı şəkilləri ilə analarını səssizcə «salamlayan», bəzən gülümsər baxışları ilə onlara təskinlik verən övladlar yoxluqları ilə üşüyən ana qəlbinə hərarət gətirirlər. Təsəlli isə xalqımızın şəhidlərimizi öz övladı kimi sevməsi, xatirələrini əziz tutmasıdır.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıdır. Azərbaycanın xarici ölkələrdə layiqincə tanıdılmasına, adət-ənənəmizin, incəsənətimizin, dilimizin təbliğinə çalışan diaspor fəalları arasında qadınlar da az deyil. Zərif çiyinlərində əslində, böyük yük daşıyırlar. Ancaq "Vətən yükü” olan bu yükü çəkməkdən şərəf və qürur duyurlar. Belə qadınlardan biri də Sədaqət Məhərrəmovadır. Sədaqət xanım Qarabağ müharibəsinin hər üzünu görmüş qəhrəman qadındır. Maraqlı təsadüfdür ki, Sədaqət Məhərrəmova Prezident İlham Əliyevlə eyni ayda, eyni ildə, eyni gündə dünyaya göz açıb. Sədaqət Xasay qızı Məhərrəmova Azərbaycan Respublikası Heydər Əliyev siyasi kursu və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzin sədir müavinidir. Sədaqət xanım 1962-ci ildə dekabrın 24-ü Bakıda anadan olub. Hər iki valideyni tərəfdən ağır seyidlər nəslinə mənsubdur. Hazırda İştambulun Avçıları bölgəsində həyat yoldaşı Bəkir Dursun Mayatyalı ilə birgə ömür sürən bu qadın ictimai həyatda olduqca fəaldır. Qəzet müxbiri kimi çalışmaqla yanaşı, Vətəni ilə sıx əlaqə saxlayır, Azərbaycanla bağlı əksər tədbirlərdə, Türkiyənin siyasi həyatında aktiv iştirak edir. Qəlbi sevimli vətəni ilə birgə döyünən Sədaqət xanım istər jurnalist kimi fəaliyyətində, istərsə ictimai fəal olaraq Azərbaycanı bu ölkədə daim təbliğ edir, ölkəmizdə baş verənləri diqqətlə izləyir, ölkəsi üçün hər an nələrisə etməyə çalışır.
Əslən Qarabağ bölgəsindən olan Sədaqət xanımın atası Xasay Həsən oğlu Əmirov Ağdam rayonunda anadan olub, uzun müddət dəmir yolunda polis idarəsində işləyib. anası Qəmər Əmirova Cənnətəli qızı Bakının Ramanı qəsəbəsindəndir. Qəmər xanım uzun illər Suraxanı rayonundan deputat seçilib. Sədaqət xanım həmçinin qadınlar şurasının sədri olub. Sonralar Sədaqət xanım da Suraxanı rayonundan deputatlığa namizədliyini vermişdi. Uzun illər Hafiz Hacıyevin rəhbərlik etdiyi Yeni Musavat partiyasında Suraxanı rayon qadınlar şurasının sədri kimi fəaliyyət göstərib. O, Türkiyənin bir sıra şəhərlərində, İstanbulda təşkil edilən bir çox tədbirlərə tez -tez dəvət alır və yaxından iştirak edir. Müxtəlif Yotube kanallarında, bir sıra verilişlərdə dəfələrlə vətənpərvərlik mövzusunda çıxışları olub. Sədaqət xanım deyir ki, qazilər bizim şəhidlərin yadigarıdır. 30-a yaxın qazi ilə keçirilən görüşlərdə iştirak edib. Sədaqət özü də şəhid ailəsidir. Xalasının 3 oğlu 1ci Qarabağ müharibəsində iştirak edib.
Qardaşların ikisi itkin düşüb və onlardan bu günə qədər xəbər almaq mümkün olmayıb. Allahverdi isə şəhid olub. Allahverdinin adına Mərdəkanda avtobus xətti istifadəyə verilib. Əmisi qızının həyat yoldaşı Ağdamda şəhid olub, atasının xalası oğlanları 2-ci Qarabağ müharibəsində şəhid olublər. Qazilərlə təmaslarına ara verməyən vətənpətvər qadın qazi Talehin doğum günündə xəstəxanaya yanına gedib. Qazinin atası S. Məhərrəmovaya razılığını ifadə edib.-Əbülfəz, Namiq, Natiq, Sadiq, Samir və digər qazilərimiz Türkiyəyə müalicə üçün gələrkən onları ziyarət edib. Qeyd edək ki, Türkiyənin qaziləri də Zəfər bayramında Azərbaycana qonaq gediblər. Son olaraq Türk teatrında təşkil edilən Şuşanın təqdimatı tədbirində iştirak edib. İctimai fəaliyyətinə görə medalla təltif olunub.
Novruz bayramında Zəfər Qararoyunlu, vəkil Şamil Ayrımla birgə toplantıda iştirak edib. Sədaqət xanım deyir ki, millət vəkili Qənirə Paşayeva Türkiyəyə səfəri zamanı təqdirəlayiq bir tədbirə imza atdı və fəal iştirakıma, həmçinin 60 illik yubileyimlə əlaqədar mənə Xarı Bülbül formasında hazırlanmış qızıl zəncir hədiyyə etdi. Sədaqət xanım vətənpərvər bir azərbaycanlı kimi qazilərimizlə fəxr etdiyini dedi. Şəhid Nicatın ad gününü qeyd etdiklərini bildirən müsahibim onun 1993-cü il may ayının 18-də Beyləqan Rayonunda anadan olduğunu dilə gətirdi. Şəhdilərdən danışanda kədərlənən, qəhərlənən Sədaqət xanım onların hər birini öz oğlu hesab etdiyini, onların qəhrəmanlığı ilə qürür düyduğunu qeyd etdi.
Oğlunun mayın 18-də, Laçının işğalı günü anadan olduğu üçün 30 ildir ona ad günü keçirmədiyini deyən qadın artıq həmin gün çəkinmədən ad günü şənliyi keçirdiklərini fərəhlə söylədi: ”Artıq laçın şəhəri də digər işğal altında olan torpaqlarımız kimi azaddır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı sayəsində əldə olundu. Allah bütün şəhidlərə rəhmət eləsin, Amin“!
Hüsniyyə Əlizadə