03 Oktyabr 2024 09:24
1660
ƏDƏBİYYAT

Qələm dostumun kitabı barəsində bir neçə söz

Onun barəsində hər yerdə və özü də heç bir bəzək-düzəksiz danışa bilirəm. Çünki onu tanıyıram. Onun kimliyini də, iç dünyasını da. Təkcə yaddaşımdan yox, həm də zamanın «sınaq ələyi»ndən keçirmişəm. Bu «sınaq ələyi» 30 illik yurd həsrətidi. Həmin o illərdə tanımışam onu. İmzası ilə, sözü ilə. Sonra onu mənə təqdim edən və barəsində çox ürəklə şəhadət barmağını dik tutaraq «belə oğlanda Vahid» - deyən böyük publisist, həm də dəyərli yazıçı, vətən sevdalı Nemət Veysəlli sözünə onu da əlavə etdi ki, «Əbülfət, Vahidin bu vətən həsrəti ilə bağlı yaxşı yazıları da var. Yəqin ki, rastlaşmısan».

Bax, beləcə tanımışam Vahid Məhərrəmovu. Mən onu tanıyanda artıq Vahid «Azərbaycan ordusu»   qəzetinin əməkdaşı idi. Hərbi jurnalist kimi döyüş bölgələrini gəzir və ordumuzun qəhrəman əsgərlərindən, zabitlərindən, problemlərindən silsilə yazılar yazırdı. Bu fikrimi ona görə keçmiş zamanda sizə çatdırıram ki, Vahid indi ehtiyatda olan zabit kimi başqa ünvanda, ölkənin rəsmi mətbuatı olan «Azərbaycan» qəzetində işləyir. Bir də onu əlavə edim ki, Vahid də ömrünün 30 ilini yurd-yuvasız, qaçqın kimi yaşayıb. Doğulduğu Zəngilanı yuxularında görübdü…

Vahid Məhərrəmovun ədəbi ictimaiyyətə təqdim etdiyi kitabların bir çoxu məndə var. Onları oxumuşam, fikirlərimi də özü ilə, oxucularla bölüşmüşəm. Nə vaxtdır ki, yazı masamın üstündə olan bir kitabımı «Elimizə qayıdırıq…» kitabını arabir götürüb gözdən keçirirəm. Hər dəfə də bu kitabda ötən günlərlə bağlı bir nüans, bir cizgi yaddaşıma hopur. Bəri başdan deyim ki, kitaba ön sözü yazmış dəyərli ədəbiyyatşünas, tənqidçi Nərgiz Cabbarlı çox konkret şəkildə vurğulayıb ki, «Kitabın ilk yazılarından başlayaraq torpaq həsrətinin, qovuşma ümidinin ölmədiyini, canlılığını müşahidə edə biləcəksiniz. Klassik publisistik üslubda qələmə alınsa da, bu yazılarda duyğuların səmimiyətinin şahidi olacaqsınız». Mənə elə gəlir ki, dəyərli xanım tənqidçimizin təkcə bu fikirləri artıq Vahidin kitabını oxumağa bir ipucudu. Yəni oxucuya öncədən nə ilə qarşılaşacağını çatdıran bir bilgidi. Təbii ki, yaradıcılığına bələd olduğum qələm dostumun kitabını mən də böyük bir ədəbi uğur kimi qarşılayaraq ona hələ kitabı oxumamışdan xoş arzularımı bildirdim, uğurlar dilədim. Üstəlik, müəllifin avtoqrafı da burada təsirsiz ötüşmədi. Ona görə də mən bu kitabı masamın üzərində saxlayaraq hər imkanda ona nəzər yetirdim. Bu gün isə kitabdakı bir hekayə məni düşüncələrimi bilgisayara diktə etməyə köklədi.

«Tənbəlin yuxusu» adlanan bu səhifə yarımlıq hekayə  ədəbiyyatımıza, ümumiyyətlə, bütövlükdə ədəbiyyatda qarşılaşdığımız bir mövzudur. Yəni biz «ac toyuğun yuxuları»ndan tutmuş Vahidin yazdığı «Tənbəlin yuxusu»na qədər çoxlu sayda novellalar, hekayələr, şeirlər, bir sözlə, satirik ruhlu ədəbi nümunələr oxumuşuq. Vahidin hekayəsində isə bugünün reallığı tənbəlin timsalında daha qabarıq oxucuya çatdırılır. Əslində bu reallığı oxucu da bilir. Çünki oxucu da bugünümüzün adamıdı. Və deməli hardasa tənbəlin yuxuda gördükləri reallıqda, xəyalda oxucu da öz diapazonuna uyğun bir şəkildə yaşayır, yaşayıb və görüb, eləcə də görür. Bax, dediyim bu baxış bucağı altında nəhayət ki, iş tapıb, cəmi bir gün işə çıxıb yorğun-arğın qayıdığ bir tikə çörəyini yeyib yatan tənbəl yuxuda o qədər rəngarəng, o qədər maraqlı, hardasa başından pul tökülən, xoşbəxtlik tökülən bir insana çevrilir. Həmin tənbəl indi gen-bol bazarlıq edən, ailəsinə, övladlarına şərait yaradan, onların arzularını reallaşdıran imkanlı bir ataya çevrilir. Və onun əlindəki imkanına göz dikən cinayətkarlar qarşısını kəsəndə o, qorxudan yuxudan ayılır və gördüklərinin hamısının da yuxu olduğunu anlayaraq nə qədər acınacaqlı duruma düşsə də, bu məqamda qaranlıq otaqda güclə tapdığı yarımçıq şamı yandırana qədər davam edir. Sonra yenə yatağa dönür və başlayır xoruldamağa…

Mən bu mənzərəni ona görə xüsusi olaraq qabartdım ki, oxucu tənbəlin yuxusu ilə onun real həyatının təzadlarını, ziddiyyətini görsün. Amma onu da bilsin ki, tənbəl yuxudakı xoşbəxtliyinin acısını, ağrısını itirəndə yaşamır, onu özünə dərd eləmir, yenidən yatır. Deməli, müəllif də bu tənbəlin canına hopmuş tənbəlliyi bədii şəkildə bizə çatdırır. Göstərir ki, bu insan özü hərəkətsizdi. O ancaq hazır olan istəkləri  oturub gözləyir, özü nəyəsə cəhd etmir. Bu isə indiki zamanda bu real mühitdə nə başucalığı gətirmir, nə süfrəyə çörək, nə də cibə pul.

Kitabda Vahidin povesti, özü də daha çox real notlara söykənən povesti, eləcə də hekayə, ESSE və publisist yazıları da yer alıb. Mənim üçün sevindirici və bir az da qürurverici məqam həm də odur ki, burda qələm dostum mənim yaradıcılığımla bağlı «Torpağa oğul olmaq gərək…» adlı maraqlı bir yazı da yazıb. Təbii ki, mən bu yazını mətbuatda oxumuşdum. Amma bu kitabda görməyim ikiqat sevincimə səbəb oldu.

Bir oxucu olaraq düşünürəm ki, Vahid Məhərrəmov öz doğma elinə etdiyi hər səfərdən sonra qələmə aldığı yazılarında olduğu kimi, bundan sonrakı bədii yaradıcılığında da bizləri sevindirəcək, düşündürəcək. Uğurlar olsun Vahid müəllimə.