adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 09:07
82
ƏDƏBİYYAT
A- A+

Qeyri-adi insanlar Fatmanisənin gözündə... - Pərvanə Bayramqızı yazır

Evdar qadınla iş qadınının müqayisəsi, bu mövzuda söyləniləcək hər fikir sonradan rezonans doğurur. Bir müddət də müzakirəni müzakirə edirlər. Bizimkilər bu mövzuda aqressivdirlər. Bəribaşdan deyim ki, evdar qadınlara yuxarıdan-aşağı baxmıram, anam da evdar qadındır, özüm də uşaqlar böyüyənədək işləməmişəm. Bu gün işləyirəm, imzam tanınır, evdar qadın deyiləmsə belələrinə pis münasibət bəsləyəsi deyiləm. Bir də ki ev işlərini yenə özüm görürəm, demək, hələ də evdar qadınam. Üstəlik hərdən işdən çıxmaq da istəyirəm, çünki yaradıcılığa, mütaliəyə vaxt ayıra bilmirəm. Bunları qadınların məqsədimi yanlış anlamamaqları üçün izah etdim. Evdar qadın olmaq düşüncəsiz olmaq demək deyil, onların arasında xaraktercə iş qadınından da yaxşıları var, amma əksəriyyəti bir çox mövzuya dırnaqarası (“mətbəxarası” deyək) baxır. 

“Qadın işləməli, ictimai həyatda fəal olub potensialını cəmiyyət üçün sərf etməlidir, yoxsa ömrünü mətbəxdə qazandan, çəngəl-bıçaqdan zövq alaraq keçirməlidir” sualı tez-tez ortalığı qarışdırır. Cavablar heç vaxt birmənalı olmur. Vəziyyəti hər kəs öz həyat tərzinə uyğun qiymətləndirir. Bu mövzuda dərindən düşünüb, obyektiv olan yoxdur, olsa da çox azdır. Bəziləri, ümumiyyətlə, qadına yaxşı münasibət bəsləmir, onunla bağlı səsləndirilən suallara da laqeyd qalır. Qəribəlik burasındadır ki, çox vaxt qadınlar özləri kişilərin sərt yanaşmalarına haqq qazandırırlar.

Söhbətin mövzusu sənətlə ailə həyatı olanda müzakirə geniş, bəzən də mübahisəli olur. Bizim cəmiyyət üçün bu iki anlayış çətinçözümlüdür. Həm bəsit, həm də qəliz düşüncəyə sahib olanlarla bu cür ağır mövzunu təhlil etmək adamdan səbir, cəsarət tələb edir, çünki müzakirə zamanı nə söyləsən özünə qarşı silaha çevirirlər. 

Sənətinə görə ailəsi dağılan aktrisanı evdar qadın heç vaxt anlaya bilməz, ümumiyyətlə, işi xörək bişirib, uşaq saxlamaq olan və həyatda bundan başqa yaxşı şeyin olmadığını düşünən biri sənət adamını niyə müzakirə etməlidr?

Deyək ki, müğənnilik də, aktrisalıq da bizimkilərin gözü ilə baxsaq əxlaqi normanı ötən (yad kişi ilə sevgi səhnələri) sənətlərdir. Bəs ömründə əlinə qələm almayan, bircə cümlə yazmayan qadın niyə yazıçı qadınları qınasın ki, qadın ərinə qulluq eləməlidir, yazmağa vaxt sərf etməməlidir.
İçində sənət, ədəbiyyat eşqi olmayan, bunların mahiyyətini dərk etməyən niyə ədəbiyyat yanğısı ilə yaşayanın haqqında fikir bildirməlidir?

İstəsək də, istəməsək də, düzgündürsə də, düzgün deyilsə də insanlar varlı-kasıb, tərbiyəli-tərbiyəsiz, yaxşı-pis, imtiyazlı-imtiyazsız kimi təbəqələrə və istedadlı-istedadsız, seçilmiş və adilər kimi səviyyələrə  bölünürlər. Kasıblığa, kasıba pis münasibət bəsləmək mənəvi kasıblıqdan irəli gəlir.  Kiməsə maddi vəziyyətinə görə fərq qoymaq qeyri-insanilikdir. Tərbiyəsizlə isə ehtiyatlı davranmaq lazımdır. İmtiyazlılarsa müəyyən xidmət göstərərək nələrəsə sahib olurlar. 

 Seçilmişləri – yaradıcı şəxsləri Yaradan özü fərqləndirib yaradır. İstedadlı insanların dünyaya baxışı, hadisələrə münasibəti, həyat tərzi adi insanlarınkı ilə eyni olmur.

Gərək anlamadığımız işdən, mövzudan danışmayaq. Hər gün qonaqlıqda, gəzməkdə olmağı, toya gedib gəlini-bəyi müzakirə etməyi xoşlayanlar, müğənnilərin geyiminə həsədlə baxanlar istedadı dəyərləndirə, sənətkarı anlaya bilməzlər. Əri-uşağı ilə şəkil paylaşıb qonşu-qohuma acıq verənlər, bahalı geyimlərini göstərmək üçün işə gələnlər: “mən ailəmi hər şeydən üstün tuturam” deyəndə demək lazımdır, ona görə ki, bunlardan başqa bir şeyin yoxdur. Sənin də istedadın olub dilindən çıxan hər kəlmə aforizmə çevrilsəydi, ən gözəl, yaddaqalan rol ifa etməyə qabiliyyətin çatsaydı, aləmi heyran qoyan səsin olsaydı ailədən çox karyeranı düşünərdin. Sadəcə, nəfəs almaqla ömür sürənlər ideya ilə yaşayanlarla müqayisə edilə bilməz. Aktrisa olmayan aktrisanı sənətə görə ailə dağıtmaqda qanamamalıdır. 

Bir də ki ailə sağlam ailə olanda sənəti qəbul edir, anlayıram hər adam hər şeyi qəbul edə bilmir, elə isə ailə quranda aktrisa seçməsinlər. Seçibsə də hər gün  dava-dalaş salmamalıdır. Bəyəm bilmirdi kimlə ailə qurur?  Bir qadın ərinə görə sənəti atıbsa demək onun ailə qadını olmaq istəyi güclüdür, sənəti seçibsə, demək, o sənətkardır, ömrünü, özünü seçdiyi sənətin zülmətinə bəxş etməyə hazırdır. Demək istədiyim budur ki, içində sənət eşqi olmayan, “ər adamı söyər də, döyər də” prinsipi ilə yaşayan, “mən sənətə görə ərimdən keçmərəm” deyənlər sənət mövzusunda danışıb sənətkar qadınları biabır etdiklərini düşünməsinlər, əksinə dayaz düşüncələrinə görə özləri biabır olurlar. Özünün atmadığı ərinin onu xəstə vaxtı buraxdığını görəndən sonra “kaş mən də vaxtında bir sənət sahibi olaydım” deyən qadınlar görmüşük.

Bu könül məsələsi var ha, onu heç qurdalamayaq. Sənətə də könül vermək olur, bu da şəxsi məsələdir hər adam anlamaz. Necə ki, bir qıza, yaxud oğlana: “gərək elə o qız, yaxud o oğlan olsun, get başqasını sev də” demək olmur, eləcə də səhnə üçün yaradılmışa: “gərək aktrisa olasan, get müəllim ol” demək olmaz.

Əgər bir qadının savadı, istedadı və digər qabiliyyəti varsa, o nə üçün həmin potensialını qazana qoyub ağzına da qapaq keçirməlidir? Onun həmin bacarığından cəmiyyət faydalanacaq, addım-addım irəliləyəcəksə qadın bunu nə üçün evdarlıqla məhv etməlidir? Dünyagörüşlü, savadlı, iş qadınlarına mütləq ailədən dəstək, kömək olmalıdır ki, o məişət işlərindən azad olub bacardığı sahəsdə inkişaf etsin. Təsəvvür edək ki, bu gün qızlarımızı gələcəkdə işləməsin, evdə olub uşaqlarını saxlasın deyib təhsildən uzaq tuturuq. “Onsuz da gələcəkdə işləməli olmayacaq oxumaq nəyinə gərəkdi?” deyib təhsil vermirik. Savadı olmayan qadının yanında uşaq necə böyüyər? Hərf tanımayan anaların təhsilli uşaqlarını nümunə göstərə bilərsiniz. Bunun əksi də var axı. Çox vaxt da savadsız ana balasını bədbəxt, mənən şikəst edir. 

Anası mətbəx işlərindən başqa heç nə bilməyən övladlar sonralar cəmiyyətdə ziyalı təbəqəyə qoşulanda ailəsindəki savadsızlığın əziyyətini çəkirlər.
Vaxtilə beş-altı şeir yazıb, on-onbeş yaltaqlıq yazıları yazmış indi ilhamı sönmüş qadın yazmağın mənasız olduğını deyir. Məni qınayır ki, yazıdan ötrü gecə yuxusuz qalma, yazmaq boş şeydi. Yazmağı boş şeylərə həsr edib, indi küllükdə kömbə olmadı üçün ruhdan düşüb yersiz məsləhətlər verir. 

Özündə yazmaq yanğısı olmayıb sadəcə qafiyə tapa, heca düzə bilib. Onun ədəbiyyat, yazmaq haqqında təsəvvürü yalnız mətndən faydalanmaqdır, gəlir gətirmirsə yazmağa dəyməz.

Mənim üçünsə yazmaq yaşamaqdır. Qonaqlığa getmək, əylənmək, yeyib-içməklə, yox, yazmaqla dincəlirəm. Kitab təqdimatı keçirmək, özüm üçün nəsə xahiş etmək də ağlımdan keçmir. Mənimki yazmaqdır. İndi mən bir düşüncəsizə bunun nə demək olduğunu necə izah edim? Ona bu hissi hansı vasitə ilə ötürüm ki,  yazmağın mənəvi ehtiyac, ağrılardan xilas olmaq olduğunu duysun? Yazmaq mənim müalicəmdir. Bu hiss ona çatarmı? 
Bir dəfə dedim ki, ailə həyatı böyük ideyalarla, millət üçün yaşayanlara mane olur, elə bildilər, ailə qurmağın əleyhinə təbliğat aparıram. Anam, bacım, ailə qur da. Mən Rəsulzadə kimi dahiləri nəzərdə tuturam, bu cür dahilər şəxsi həyatını millətin taleyində görürlər. Belə olan halda da ailənin sənə görə sürgünlərə düşməməsi üçün subay olsan daha yaxşı olar. Mustafa Kamal Atatürkün övladı yox idi, bu onun millətinin balalrını sevməyə mane olurdu?

Bu cür böyüklüyü, qeyri-adiliyi anlamaqdansa yanlış fikirlərə düşürsünüz.

İstedadlı, yaradıcı, ideya daşıyıcıları olan adamlar adi adamlar deyillər, onlar Yaradan tərəfindən fərqləndirilmişlər, seçilmişlərdir. Təbii ki, nəzərimdəki istedadlı, sənət, ədəbiyyat üçün yaradılmışlar, seçdiyi, bacardığı sahəyə yanğısı olanlardır. Hər qafiyə tapan, cümlə quran, hər cür artistlik edən bu sıraya aid ediləsi deyil. Təəssüf ki, qeyri-adi yaranmışları hər kəs dəyərləndirə bilmir. İstedadlı, sənət yanğılı adamları mənən zəngin olanlar qiymətləndirir. 

Fatmanisənin bu cür şəxsləri tənqid etməsi dözüləsi deyil. Elə adamlar var, təkcə “qədirbilən yanında dünyada qiymətli” deyil, onlar elə dünyada qiymətlidir, birinci də qədirbilməz yanında. Dəryanın dərinliyini qəvvasdan soruşarlar, bir də o məşhur misal... zəfəran söhbəti.