Qəzalar, tıxac, sıxlıq, ölüm: Bakının nəqliyyat problemlərini yalnız kənd təsərrüfatı mütəxəssisləri həll edə bilər
Səhərimiz yenə xoş olmayan xəbərlərlə açıldı. Bu gün Sabunçuda , Qaraçuxur qəsəbəsində 46 saylı marşrut avtobusu piyadanı vuraraq öldürüb.
Belə ki, "Daevoo" markalı sərnişin avtobusu "Bakıxanov Ticarət Mərkəzi"nin yaxınlığında yolu keçən piyada 1971-ci ildə təvəllüdlü Elmidar Kazım oğlu Xudiyevi ehtiyatsızlıqdan vurub.Hadisə nəticəsində müxtəlif xəsarətlər alan piyada müalicə aldığı xəstəxanada ölüb. Yeri gəlmişkən, bu 46 saylı marşrutun ilk belə qəzası deyil. Ötən ilin dekabrında belə bir hadisə də 46 saylı marşrutun başına gəldi.
Bu ilin avqustunda da buna bənzər bir hadisə baş vermişdi Bakı-Sumqayıt yolunda...
Bakı-Quba yolunun 29-cu kilometrliyində 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşdu. Toqquşması nəticəsində 1 nəfər ( 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızı ) öldü, 18 nəfər yaralandı.
Ölümsüz olan qəzaları demirəm haaa....
Əslində hər gün olmasa da günaşırı baş verən, alışdığımız xəbərdir. Artıq qoynunda 5-6 milyon insanı saxlayan paytaxt Baklıda marşrut avtobuslarında qəza olmasına Məşədi İbad demiş “bir nöyi adətkərdə “ olmuşuq .
Əlbəttə, nəticə başqa cür olası deyil. Çünki Bakının mərkəzini Avropa standartlarına uyğun abtobuslarla təmin edib, Bakı kənd və qəsəbələrinə istehsal müddəti bitmiş , təxminən 1970-ci ilin avtobusları verəndə qəzaya səbəbi araşdırmağa ehtiyac qalmır. Bir də rayondan gəlmiş ən ucuz qiymətə iş axtaran traktor, motosikl sürücülərinə avtobus etibar ediləndə mütləq bu xəbəri eşitmək məcburiyyətində qalırıq.
Artıq 8 ildir Bakıda "Çinar-Trans MMC" daşıyıcı şirkətinə məxsus olan 165 nömrəli marşrut avtobusu ilə bağlı şikayət yazmaqdan giley etməkdən yorğun düşmüşəm. Dəfələrlə yazmışam ki, bizim Lenin adına kolxozda belə bərbad avtobus olmayıb.
Amma 165 saylı marşrut sanki mələklər tərəfindən nəzarətə götürülüb. Qorunur, xətrinə dəyən yoxdu, kimsə “gözün üstə qaşın var” demir.
Səhərlər və axşamlar o avtobusdakı “vanöysə” sanki bir tamaşadır. Marşrut Yasamaldan hərəkətə başlayır və 20 Yanvar dairəsindən keçməklə Binəqədi rayonunun Mehdiabad qəsəbəsinə qədər gedir. Sərnişinlər avtobusun köhnə və dar olmasından, eyni zamanda sürücülərin avtobusu həddindən artıq doldurmasından şikayət edirlər, yox e, əməllicə üsyan edirlər. Bilirsiniz, bu marşrutda nə qədər qəzalar olur???
Deyilənə görə, 2022-ci ildə Bakı Nəqliyyat Agentliyi 165 nömrəli marşrut avtobusundakı neqativ hallarla bağlı daşıyıcı şirkət olan "Çinar-Trans MMC"yə xəbərdarlıq edib. Xəbərdarlıq məktubunda avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verildiyi qeyd olunub.
Amma 2025-ci il 2-3 aydan sonra zühur edəcək, nə həmin avtobuslarda yenilik, təmirlik iş var, nə sərnişinlərdə razılıq hissi...
Belə olduğu halda qəzaların da sayı azalmayacaq. Bu gün qəza törədən 46 saylı, ötən ay aşan 29 saylı, Qobu Parka gedən 194 saylı, Novxanıya gedən 123, diğər 79, 41, 206, 93, 585 və diğər marşurut avtobusların görkəmi, ili “qəza-qəza” deyir.
Bəli, əsasən şəhərin mərkəzindən kənarda yaşayan (kasıb) əhalinin həyatı təhlükə altındadır. Axı, niyə ı 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızı qəzada ölməliydi? Niyə 1971-ci ildə təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev köhnə və xarab bir avtobusun qurbanı olmalıydı?
Belə avtobuslardansa, metronu seçən əhalinin səhər və axşam saatlarında çəkdiyi əziyyət və zülüm dillə deyiləsi deyil. Çünki sıxlıqdan dəfələrlə vətəndaşların halı pisləşib, ürəkləri sıxılıb.
Bu gün səhər saat 08:50-də "Nərimanov" stansiyasından "Dərnəgül" xətti ilə hərəkət edən qatarda problem yaranıb. (publika.az)
Qatarda olan bütün sərnişinlər vaqonlardan düşürülüb.
Buna səbəb qapıda yaranan nasazlıq olub. Qatarın bütün qapıları bağlanmayıb. Yaranan problemə görə digər qatarlar dəqiqələrlə tuneldə qalıb, sərnişilər arasında narahatlıq yaranıb.
Bu gün səhər saatlarında həm də “Qara Qarayev” stansiyasında problem yaşanıb. Belə ki, sərnişin vaqon qapısının qəza açılıb-bağlanma kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.
Deyilənə görə, həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə “Nərimanov” stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.
Paytaxtın kasıb təbəqəsi olaraq indi uzun-uzun düşünməyə vadar oluram: Görəsən , Bakıda yeraltı və yerüstü nəqliyyat sistemi bərbad vəziyyətdədir, yoxsa, şəhər həddindən artıq yükləndiyi üçün vəziyyət bərbad hala gəlib çıxıb.
Vaxtında kəndlinin, rayonlunun kənd təsərrüfatı ilə məşğul olması normal şəkildə təmin edilsəydi, onlarda Bakıya bi9r loxma çörək qazanmaq ümidi ilə gəlməzdi. Əlbəttə, bu başqa bir yazının mövzusudur. Amma problem varsa , demək, problemlərin zənciri var. O problem zəncirini ortadan yox, başqa çözmək lazımdır. Məsələn, bu nəqliyyat probleminin həllini ilk öncə kənd təsərrüfatı mütəxəssisləri ilə məsləhətləşmək lazımdır.
Əntiqə Rəşid