Qəzənfər Hüseynov: "Zabuxda erməni yaşayıb ki, orada "erməni mədəni irsi" - Ağavno kilsəsi olsun?"
Deməli, bütün laçınlıların təsdiq etdiyi kimi, Laçın və kəndlərində işğala qədər bir nəfər də olsun erməni yaşamadığı halda, hazırda bu məlunlar “orada bizim erməni irsimiz məhv edilir” şüarı ilə şivən salır, dünyaya “məzlum erməni” oyunları oynayır.
Adalet.az xəbər verir ki, erməni saytları və sosial şəbəkələri Zabuxda 1998-ci ildə bünövrəsi qoyulmuş bir kilsənin “dağıdılması” ilə bağlı növbəti konsertinə başlayıb. Ermənilər tərəfindən adına “Müqəddəs Şəhidlər Kilsəsi” qoyulmuş həmin tikili 2002-ci ildə başa çatdırılıb. Erməni mediası yazır: “Ağavno (Zabux) kilsəsinin tikintisinə birinci Qarabağ müharibəsi zamanı həmin ərazilərə qarnizona rəhbərlik etmiş “Milli Öz Müqəddəratını təyinetmə Birliyi” partiyasının rəhbəri Paruyr Hayrikyan təşəbbüs edib.
Kilsə Paruyr Hayrikyan və partiya üzvlərinin ianələri hesabına tikilib.Kilsənin tikintisini də çarmıxa çəkilmiş İsanın divarına həkk olunmuş barelyefini də amerikalı-erməni xeyriyyəçisi Vahe Karapetyan maliyyələşdirib.
Kilsə məşhur memar Bağdasar Arzumanyan tərəfindən layihələndirilib və Kaşatağ (Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən ərazilərə ermənilərin verdiyi ad – Ə.R) inzibati ərazi dairəsinin rəhbəri Aleksandr Akopyanın dövründə tikilib”.
Əslində ermənilər də bilir ki, başqasının torpağında icazəsiz nəsə tikməyin mənası yoxdur. Buna baxmayaraq yenə yalanlarla özlərinə haqq qazandırmağa çalışırlar:” Kilsə yaxınlığında ətrafdan tapılmış X-XI əsrlərə aid xaçkar qoyulmuşdu.
Bunun üzərinə arxa cızıqları aradan qaldırmaq texnikasından istifadə edərək iki sadə, cüt loblu xaç oyulmuşdur”.
36 il Azərbaycana qarşı separatizm və terrorla məşğul olanların və bu döyüşlərdə ölənlərin “şərəfinə” qoyulmuş kilsənin Azərbaycan xalqı tərəfindən “hörmətlə” saxlanacağını düşünən axmaq erməni yenə yazır:” Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra (işğalı deyirlər-red- Ə.R) Qarabağda 12 kilsə tikilib. “Onlar əbədi olaraq bizimlədirlər” və ən altda isə həlak olmuş azadlıq döyüşçülərinin adları yazılıb”.
Vaxtı ilə Laçın rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışmış laçınlı ziyalı Qəzənfər Hüseynovla da əlaqə yaradıb, ermənilərin Laçınla, Zabuxla bağlı iddialarına onun da münasibətin öyrənmək istədik:
”Dahi şəxsiyyətlərin dediyi erməni həyasızlığı bu olsa gərək” deyən Qəzənfər müəllim də bildirdi ki, Laçında, türk, kürd, rus yaşayıb, amma toplu şəkildə, kənd olaraq ermənilər yaşamayıblar:" Sovet dönəmində Laçınla qonşu olan Qərbi Zəngəzur ərazisinə, eləcə də Gorus rayonuna Rusiya tərəfindən haylar köçürülüb. Xüsusən də, İran ermənilərini...
1992-ci ildə Laçın işğal olundu və ermənilər kütləvi şəkildə Laçına yerləşdirildi. Baxdılar ki, məskunlaşdırma qənaətbəxş deyil, yetərsay yoxdu. Bu dəfə Suriyadan, İraqdan və bəzi yerlərdən xeyli erməni gətirilib ora yerləşdirildi. Xüsusən, Suriya və digər Yaxın Şərq ölkələrindən Laçında yerləşdirilən ermənilər bir müddət sonra Avropaya köçüblər. Laçına kommunal xərclərindən azad edildikləri üçün maddi vəziyyəti ağır olan Ermənistan vətəndaşları Laçında məskunlaşdırılıblar.
Məsələn, Zabux kəndinə ermənilərin əksəriyyəti təxminən 2012-2013-cü illərdə Suriyadakı müharibə nəticəsində qaçqın düşərək qanunsuz olaraq yerləşdirilib.
Necə ola bilər ki, başqasının torpağında, həm də işğal etdiyin ərazidə qanunsuz tikdirdiyin (1998-2002) kilsə sənin mədəni irsin sayıla bilər? Əgər erməniləri Laçına , Zabuxa baxlayan bir hiss olsaydı köçüb gedərkən yaşadıqları evləri yandırmazdılar...
Eşitdinizmi ki, ya bir laçınlı, ya bir zabuxlu işğala məruz qalarkən , evini tərk etmək məcburiyyətində olarkən, evini yandırsın? Yox! Deməli, işğalçıların nə qədər izi varsa, Qarabağdan silinməli, Laçın rayon mərkəzində, eləcə də Zabux kəndində qanunsuz olaraq tikilmiş kilsələr, qurulmuş xaçkarlar - xaç daşları sökülməlidir. Xatırladım ki, işğal dövrü Laçında bütün daş bulaqların üstünə erməni barelyefləri quraşdırmışdılar, onların da sökülməsi labüddür....
Ermənilərin “erməni mədəni irsi” iftiralarına ancaq ermənipərəst qüvvələr inanacaq, yox, özünü inanmış kimi göstərib, Azərbaycana təzyiq göstərməyə çalışacaq. Erməninin “fakt” kimi ortaya qoyduğu iftiraların əsası olmadığı kimi beynəlxalq ermənipərəst təşkilatların da hücumu nəticəsiz qalacaq”.
Əntiqə Rəşid