adalet.az header logo
  • Bakı -°C
12 Yanvar 2026 10:46
81
MÜSAHİBƏ
A- A+

Qorxudan fobiyaya keçid və ondan necə qurtulmaq olar?

Hər birimizin həyatında qorxular olur – qaranlıq, hündürlük, imtahandan... Bəzən bu qorxular o dərəcədə güclənir ki, gündəlik həyatımızı, sosial münasibətlərimizi və hətta evdən çıxmağımızı belə çətinləşdirir. Məhz bu zaman adi qorxu fobiyaya çevrilir.

Bakıvaxtı.az xəbər verir ki, qorxu ilə fobiya arasındakı fərq, fobiyaların necə formalaşdığı, genetik və ətraf mühit faktorlarının rolu, ən çox rast gəlinən növləri, eləcə də uşaqlar və böyüklərdə müalicə üsulları barədə suallarımızı Səhiyyə Naziriyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova cavablandırır.

- Fidan xanım, fobiya haqqında məlumat verərdiniz. Fobiya nədir?

- İlk öncə onu deyim ki, xarici təhlükələrə qarşı göstərdiyimiz emosional reaksiyamıza qorxu deyilir. Fobiyalar da bu qorxunun bir versiyasıdır. Fobiyası olan insanlara fobik deyilir. Bu, insanlarda tez-tez rast gəlinən narahatlıq pozğunluqlarındandır. Qorxu bir növ xəbəredici mexanizmdir. Şəxsin rahatlaşa bilməməsi nəticəsində qorxu və narahatlıq get-gedə artır və bu vəziyyət təşvişə yol aça bilər. Təşviş şəxsin gündəlik həyatına mənfi təsir göstərir. Beləliklə, qorxu və xəbərdarlıq mexanizmi olaraq adlandırdığımız qorxu fobiyaya çevrilir. Fobiya qorxudan formalaşır – biz qorxularımızı azaltmadıqca, onlar böyüyür və fobiyaya keçir.

Bəzən qorxu ilə fobiyanı qarışdırırlar. Qorxu öhdəsindən gəlmək mümkün olan təcrübə əsasında qazanılmış bir hissdir. Fobiya isə aradan qaldırılması qeyri-mümkün olan qorxu hissidir. Məsələn, insan hansısa bir heyvandan qorxur. Həmin heyvanın yanından qorxaraq da olsa qaçırsa – bu qorxudur. Əgər insan həmin heyvanı görəndə yolunu dəyişir, bir müddətdən sonra evdən çıxmamağa başlayır, sosial həyatından təcrid olunur – bu halda artıq qorxu fobiyaya çevrilib.

- Fobiyanın yaranma səbəbi nədir?

- Fobiyanın ən geniş yayılmış yaranma səbəbləri arasında genetik və ətraf mühit faktorlarını göstərmək olar. Fobik pozuntular valideynləri xasiyyətcə narahat və həyəcanlı olan uşaqların ailələrində daha çox baş verir. Onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürürlər. Zəngin təxəyyülə malik, emosional cəhətdən həssas olanlar fobiyaya daha çox meyillidirlər. Bundan başqa, xroniki sağlamlıq problemləri yaşayan, travma keçirmiş və ya uzun müddətli stress altında olan şəxslərdə də müxtəlif fobiyalar ortaya çıxa bilər.

- Fobiyalar hansı yaş dövrlərində müşahidə olunur və nə kimi əlamətlərlə özünü göstərir?

- Fobiyalar hər yaş dövründə müşahidə edilə bilər. Maraqlıdır ki, yaşlılarda nadir hallarda aşkar olunur – ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Daha çox uşaqlıq və yeniyetməlik dövrlərində rast gəlinir. Müalicə olunmadıqda bu fobiyalar 45-50 yaşlarına qədər davam edə bilər. Kişilərə nisbətən qadınlarda daha çox müşahidə edilir.

Əlamətləri arasında titrəmə, soyuq tər, ürək döyüntüsü, üzün qızarması, üzdə qaşınma və ya yanma hissi, nəfəs darlığı, udqunmada çətinlik, ağızda quruluq, bayılma, boğulma hissi, əsəb krizi, şok, şüur itkisi, mədə bulantısı və s. kimi hallar var.

- Fobiyaların hansı növləri var?

- Fobiyaların 300-dən artıq növü var. Onlar 3 qrupa bölünür: fəza (məkan) fobiyaları, sosial fobiyalar və spesifik fobiyalar.

Fəza fobiyalarına aqorafobiya (küçə, meydan, bazar, teatr kimi ictimai yerlərdən qorxma) və klaustrofobiya (qapalı məkanlar, lift, tunel kimi yerlərdən qorxma) daxildir. Aqorafobiya ən çox qadınlarda və gənc yaşlarda müşahidə olunur. Klaustrofobiyada insanlar nəfəs ala bilməməkdən və ya orada ömürlük qalmaqdan qorxurlar.

Sosial fobiyası olanlar ictimai yerlərdə çıxış etməkdən, auditoriya qarşısında danışmaqdan, başqaları qarşısında gülünc vəziyyətə düşməkdən qorxurlar. Utancaqlıq, alçalmaq duyğusu, başqaları tərəfindən pis qəbul olunmaqdan qorxurlar. Çox vaxt yeniyetməlikdən başlayır, bullinqə məruz qalmış şəxslərdə daha çox olur. Əlamətləri üzün qızarması, əllərin əsməsi, tərləmə, titrəmədir.

- Spesifik fobiyalar dedikdə hansılar nəzərdə tutulur?

- Spesifik fobiyalar müəyyən bir vəziyyətə, obyektə və ya fəaliyyətə həddindən artıq qorxu və narahatlıqla reaksiya verməkdir. Spesifik fobiyalar heyvan (it, pişik, hörümçək, siçan, ilan və s.), təbii mühit (yüksəklik – akrofobiya, su – hidrofobiya) və tibbi fobiyalar (qan – hemofobiya, iynə, həkim və ya diş həkimi qorxusu) kateqoriyalarına bölünür.

- Fobiyanın müalicəsi varmı?

- Bəli, fobiyalar müalicə oluna bilər. Müalicə həm dərmanla, həm də psixoterapiya ilə aparılır. Təkcə dərman effektiv nəticə vermir – ən yaxşı nəticə hər iki üsulun birgə tətbiqində əldə olunur.

- Uşaqlarda və böyüklərdə fobiyalar özünü necə büruzə verir və aradan qaldırmaq üçün hansı üsullardan istifadə olunur?

- Uşaqlarda valideynlərin tərbiyə üsulundan çox şey asılıdır. Həddindən artıq qayğı, qəddarlıq və ya diqqətsizlik fobiyaya səbəb ola bilər. Məsələn, “Heyvanlara əl dəymə, infeksiya keçər, dişləyər” kimi ifadələr uşaqda heyvan fobiyası yarada bilər. Pis qiymətə həddindən artıq mənfi reaksiya məktəb fobiyasına səbəb olur. Qorxunc filmlər, qan səhnələri də təsir edir.

Uşaqlarda koqnitiv-davranış terapiyası ilə yanaşı qum terapiyası və nağıl terapiyası effektivdir.

Böyüklərdə əsas üsul psixoterapiyadır. Koqnitiv-davranış, geştalt terapiya, relaksasiya, autotreninq. Müalicə fərdi seçilir. Əsas məqsəd – pasiyenti fobiyası ilə üz-üzə gətirmək, qorxusu ilə üzləşməsini təmin etməkdir.

- Bu gün daha çox müşahidə edilən fobiyalar hansılardır?

- Bütün yuxarıda qeyd etdiklərimizə tez-tez rast gəlinir. Bundan əlavə, obezofobiya (kökəlməkdən qorxma), ablutofobiya (yuyunmaqdan qorxma), agirofobiya (piyada keçidlərindən qorxma), anatidaefobiya (ördəklərdən və onların təqibindən qorxma) kimi maraqlı növlər də var. Bunlar çox vaxt travma nəticəsində yaranır.

- Uşağında fobiyası olan valideynlərə hansı məsləhətləri verərdiniz?

- Əvvəlcə fobiyanın nə vaxt və hansı hadisədən başladığını düşünün. Səbəbi tapın, çünki fobiyanın altında yatan səbəb var. Uşağı qınamayın, anlamağa çalışın. Qorxu yaradan vəziyyətlə tədricən üz-üzə gətirin: məlumat verin, şəkillər göstərin, özünüz toxunun, sonra uşağın toxunmasına kömək edin. Sadə tapşırıqlardan başlayın. Effektiv ünsiyyət və psixoterapiya ilə uşağınız fobiyadan qurtula bilər.