QOŞA HEYKƏL
Qazaxda köhnə seminariya binasının, indiki ADA Universitetinin Qazax filialının qarşısında F.B.Köçərlinin ayaq üstə,həyat yoldaşı Badisəba xanımın isə oturmuş halda qoşa heykəli ucaldılıb.
Bir vaxt xalq düşməni sayılsalar da,
Axır suçsuz çıxıb işə döndülər.
Qazaxdan çıxanda tək çıxsalar da,
Qazaxa dönəndə qoşa döndülər.
Çoxdan repressiya tufanı yatıb,
Sahilə çıxıbdı gəmi...oxşayır.
İndi qarşısında seminaryanın
Qoşa heykəlləri könül oxşayır.
Xidmət etmək üçün bu yurda hələ,
Çevrilib ocağa, közə, gəliblər.
Sanki qayıdıblar yüz il əvvələ,
Qoridən Qazaxa təzə gəliblər.
Səsi Ərşə çatır Badisəbanın,
(Çox istəyir Günəş, Ay xatirini.)
“Canım sənə qurban, a Firudin bəy,
Susamış olarsan, çay gətirimmi?!”
Stul gətirsə də oturmaq üçün,
Ona Firudin bəy nə deyir, görün:
“Tək-tənha tufana qarşı gedəndə,
Bəşərin gücünü artırmaq olur.
Adamın işləri yaxşı gedəndə,
Ayaq üstündə də oturmaq olur?!”
Bir övlad sahibi olmasalar da,
Varistək onların adı bəsidir.
Bu adi ər-arvad heykəli deyil,
Milləti tərbiyə eyləyənlərin
Şanlı heykəlidir, abidəsidir.
Qoşa dayanıblar yolların üstə,
Xalqı al sabaha səsləyəcəklər.
Qoşa girəcəklər sinfə yenə də,
Elə bil, ilk dəfə dərs deyəcəklər!
II
“Bir insitutun görmədiyini F.B.Köçərli görmüşdür”
Mir Cəlal
Gözün aydın olsun a Firudin bəy,
Sən açdığın Qazax seminaryası
Bir də cana gəlib,
bir də açılıb.
Öz-özünə olmur atəşfəşanlıq,
Yaylım atəşləri birdən açılır...
Qayıdıb dünyaya mülkün sahibi,
Məşədi İbrahim kişi də gəlib.
Gəlib ağlı-huşu başında gəlib.
Həmişəki kimi tək gəlməyibdi,
Qazaxlı kişilər başında gəlib!
Oxumağa neçə cavan, gənc gəlir,
Gör neçə tələbə-“əjdaha” gəlir.
Kasıb balasıdır çoxu haqq üçün,
Mehdi bir tərəfdə, Osman bir yanda,
Gəlir qara Səməd, bir daha gəlir.
Gəlir, bütün millət, bir daha gəlir,
Sənin məktəbində oxumaq üçün!
Mir Cəlalın oğlu Hafiz müəllim,
Qazaxda işini davam etdirir,
Sənin də oğlundu...
elmin yolunda!
Sənin kimi əsl müəllim idi,
İndi ruhu şaddır Mir Cəlalın da!
Bilirəm ay atam, a Firudin bəy,
Çox yaman incidir güllə yaranı.
İzn ver, sarıyım...
sarğı yerinə
Sənə gətirdiyim güllə... yaranı!
BARAT VÜSAL,
AYB Qazax bölməsinin sədri,
Əməkdar İncəsənət Xadimi.
25 .11. 2022-ci il.
Digər Xəbərlər
05 Oktyabr 2026 18:03
SALMAN CAVADZADƏNİN POETİK DÜNYASI
05 Oktyabr 2026 18:02
Çingizin Vətənə sevgi payı
05 Oktyabr 2026 17:49
İki peşənin bir bayramı - Pərvanə Bayramqızı yazır
05 Oktyabr 2026 13:31
Günəşi gözləyirəm... - Nigar Arifin şeirləri
05 Oktyabr 2026 13:01
Mən tələbə ikən mənə müəllimlik öyrədən Ustad - Səyyar Bayat yazır
05 Oktyabr 2026 11:52
Tanrı sənətinin daşıyıcıları
05 Oktyabr 2026 11:51
“Bu yolda nəinki düşmənə, ən yaxın qardaşa belə güzəşt etməməliyik”
05 Oktyabr 2026 11:01


Bakı -°C

