Bizim camaatımızda qəribə xasiyyət var e, “flan məmur ölüb” deyiləndə sümükləri oynağa gedir, sosial şəbəkədə fotolu paylaşımlar, “ölən” məmurun fəaliyyətinə işıq salan “faktlar”... Obşim atəş-fəşanlıq..
“Ölüm" xəbəri tez-tez yayılan məmurlarımızdan biri də Azərbaycanın sabiq Baş naziri Artur Rasizadədir. Hər ay olmasa da , 6 aydan bir yazığı “öldü”rürlər, çıxır deyir, mən ölməmişəm, xəbər bir də çıxır, bir də yayılır,
Sosial şəbəkə izləyiciləri münasibətlərini istədiyi şəkildə bir də qeyd edəndə yazıq Artur müəllim bir də çıxır deyir ki, əl çəkin də axı ölməmişəm, bu nə sevinc, bu nə şadyanalıqdı. Öl-mə-miş-əm!
Axşamdan bəri "söhbət" yenə təzələnib, sosial şəbəkələr, saytlar “eks” in ölüm xəbərini yenə paylaşdı. Ağsaqqal baxıb ki, xalq çox narahatdı, bərk darıxır, bu gün çıxıb bir “rahatlatma” verdi. Dedi ki hazırda bağ evimdəyəm, özümü normal hiss edirəm:“Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansı işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm”.
Artur müəllim - babanı bir məsələdə narahat qalmışmış, tezcənə onu da deyib və bu dəfə özü də rahatlanıb: “Bəzən yazırlar ki, illərlə yığıb altına... Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Başqa nəsə demək istəmirəm”.
Di eşitdinizmi, ay camaat, kişini boş yerə üzmüsünüz! "Akazımıcka" 22 il baş nazir olub, amma altına heç nə yığmamışmış..
Sonuncu sözümə nöqtə qoyub rahat nəfəs almaq istəyirdim ki, tüllabın biri böyürdən çıxdı, dedi "ağəz nöş rahat nəfəs alırsan, axı bu heç demədi ki, altıma yığmamışam. yığmışamsa zəhərim olsun, yığmamışam.. altım boşdu... Demədi axııııı"
Ay Allah bu nəyiydi yenə... narahat olmağa başladım
Dediyim dedikdı: Bizim camaatda da qəribə xasiyyətlər var ee, adamı rahat yaşamağa qoymazlar...