adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Fevral 2021 22:35
41709
MƏDƏNİYYƏT

"Tale, hara gedim sənin əlindən?" - Vüqar Əhməd yazır

TALE,HARAGEDİMSƏNİNƏLİNDƏN?...

 

Tale, hara qaçım sənin əlindən?

Tale, hara gedim sənin əlindən?

Allaha dualar düşmür dilimdən,

Pislik də gəlməyir mənim əlimdən...

 

Haqlını əzirlər haqsız dünyada,

Xoş anlar yaşadım fəqət röyada,

Gümanım heç yoxdur çıxım yaya da,

Tale, hara gedim sənin əlindən?

 

Göylərə getməyə mən tələsmirəm,

Bu xəstə canımçın heç də əsmirəm,

“Şükür” - kəlməsini dildən kəsmirəm,

Tale, hara gedim sənin əlindən?

 

Sağ ikən ölüyük, yoxsa diriyik,

Bədbəxt bəndələrdən biz də biriyik,

Kim nə sifətdədir, vallah bilirik,

Tale, hara gedim sənin əlindən?

 

Bilin, dəyişmərəm doğum yerimi,

Sevdim vətənimi, doğma dilimi,

Kimsəyə açmaram heç vaxt əlimi,

Tale, hara gedim sənin əlindən?

 

Arzularım çin olmayır neyləyim,

Hamı deyir: - Danışmayım, dinməyim,

Yaddan çıxıb bir ürəkdən gülməyim,

Tale, hara gedim sənin əlindən?

 

Dərdimi deməyə bir kəs də yoxdur,

Dostun atmacası zəhərli oxdur,

Halalı çox azdır, şivəni çoxdur,

Tale, hara gedim sənin əlindən?

 

Allaha şükr edib, səbr dilədim,

Məəttəl qalıram, necə ölmədim,

Bəlkə də ölmüşəm, özüm bilmədim,

Tale, hara gedim sənin əlindən?

 

Deməyin kədərdən ruhum bezməyir?

Əvvəl - axır cismim kəfən gözləyir,

Məmurun zülmünə qəlbim dözməyir,

Tale, hara gedim sənin əlindən?

 

Ömür boyu hey çəkirəm zəhməti,

Allahımla dərdləşirəm xəlvəti,

Ya Rəbbim, hifz eylə Vüqar Əhmədi,

Tale, hara gedim sənin əlindən?

 

QAZANYOX

 

Qəlblərdəki qəm-kədərin

Səbəbini araşdıran, yazan yox.

Kasıbların yeməyi yox,

Süfrəsində, ocağında qazan yox.

Dərd gətirən, dərd yaradan

Necə çoxdu, dərdi qəlbdən pozan yox,

Şən nəğmələr, şıdırğılar

Oxuyan çox, qəm hayqıran ozan yox.

Vüqar Əhməd dərddən çələng

Hörür, yazır, faydası yox, baxan yox,

Kim qazıdı özü düşdü,

Daha ona gizli qəbir qazan yox.