"Quşların yellənçəyi"
Uşaqlar üçün yazılmış bu kitabın müəllifi şair-publisist Ələsgər Əlioğludu. "Şirvannəşr" də filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun redaktorluğu ilə işıq üzü görmüş kitabda şairin son illərdə uşaqlar üçün yazdığı şeirlər və poemalar toplanıb.
Gedib çıxmaq istəsən,
Dostum, Cıdır düzünə:
Sən bir Qarabağ atı,
Tapmalısan özünə.
İşləri korlayarsan
Başqa at tapsan əgər.
Onda Cıdır düzündən ,
Çatmaz sənə bir nəmər...
Və yaxud:
Şuşa- Laçın yolları,
Gözəllik təməlidir.
Bu yollara baxın siz,
Yeddimərtəbəlidir...
Azərbaycanın, xüsusi ilə Qarabağın mənzərəsini, tarixini , flora və faunasını uşaqlara məhz öz dillərində, anlaqyıb yaddaşlarına köçürə biləcəkləri bir üslubda təqdim edən Ələsgər Əlioğlunun bu kitabı balacalara çox dəyərli bir ərmağandı:
Xarıbülbülün üstə
Uçub qondu bir bülbül.
Uzaqdan seçilmədi,
Bülbüllə xarıbülbül...
və yaxud:
Kağız gəmi düzəldib,
Gölə buraxdı Mələk.
Gəmini uzaqlara,
Sürüb apardı külək...
Kitabdakı poemaların qəhrəmanları da uşaqların sevimli heyvanlarıdı.Onlarla tanış olmaq balaca oxucuların ürəyincə olacaq. Bu inamla da müəllifə və onun oxucularına uğurlar diləyirəm.
Əbülfət Mədətoğlu