01 Avqust 2024 15:17
496
MÜSAHİBƏ

Rəhim Qocayev: “Güldürmək çətin işdir” - MÜSAHİBƏ

Müsahibimiz Şəki Dövlət Dram Teatrının aktyoru əməkdar artist Rəhim Qocayevdir. Aktyor teatra gəlişindən, səhnədə ifa etdiyi rollarından və teatr sənətindən  danışıb.

-Tamaşaçılarınız sizi necə tanıya bilər?

- Mənim üçün vacib məqam insanın şəxsiyyətidir. Daha sonra onun hansı peşə ilə məşğul olmağı ilə maraqlanıram. Cəmiyyətdə özünü tanıtmaqdan çox şey aslıdır. Davranış qaydaları, danışıq tərzi, ədəb qaydaları da bura daxildir. Düşünürəm ki, tamaşaçılarım məni aktyor kimi səhnədə sevirlər, dostlarım isəməni tanıyaraq  hörmət edirlər. Bunu hər zaman ətrafımdan görmüşəm.

Elə sənətkar olub ki, baxırsan ki, sənəti zirvədə olsa da, insanlığı ilə zirvədə ola bilməyib. Görürsən ki, sənhədə elə gözəl rollar ifa edib, amma həyatda yaxın bir dostu belə yoxdur. Məncə belə zirvədə olmaq heç kəsə maraqlı deyil. İlk növbədə insan olmaq gərəkdir. Ancaq sənətlə şəxsiyyət bir- birini tamamlayanda isə çox gözəl olur. Əgər səhnədə yaxşı insan obrazını oynayıramsa, bu xarakter özümdə də olmalıdır ki, o obrazı ustalıqla canlandıra bilim. Təbii ki, səhnədə mənfi rollar da olur. Ancaq belə rollar elə səhnədə qalsa yaxşıdır (gülür).

-Bildiyimiz kimi Şəki teatrının tarixi qədimdir. Aktyor olaraq taleyinizə Şəki teatrının düşməsi sizi nə dərəcədə sevindirir?

-İnanın ki, bu teatrda işlədiyim üçün özümü çox şanslı aktyor hesab edirəm. Teatra gəlişim elə bir dövrə düşdü ki, artıq teatrlara diqqət-qayğı artırdı.

Deyərdim ki, mən teatrın “çiçəklənmə” mərhələsinə düşdüm. Ardıcıl tamaşalarda rol almağım, festivallarda çxış etməyim sənət fəaliyyətimdə müsbət addımlar  oldu. Adiyyatı qurumlar da bu zəhmətimi qiymətləndirdi. Mənə 2018-ci ildə Respublikanın əməkdar artisti adı verildi. Teatr fəaliyyətim 1996-cı ilə təsadüf edir. İxtisasım elektron cihazlarla bağlı olduğu üçün teatrda ilk işim səs operatoru olub. Bir müddət işləyəndən sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra yenidən həmin işimə davam etdim. Amma həmişə səhndə rol alan aktyorlara həsədlə baxırdım. Yaxşı mənada onlara paxıllıq da edirdim ki, kaş onun yerində mən olardım və ya tərəf müqabili olardıq kimi arzularım da olurdu (gülür). Epizodik rola belə böyük maraq və həvəs göstərirdim. Elə məqam olurdu ki, aktyor sözü unudurdu. Mən dərhal replika ilə ona kömək edib çətin vəziyyətdən çıxarırdım. Hər tamaşanı bütöv mənimsəyirdim.

Ustadım Mirbala Səlimli bu həvəsimi, marağımı görüb mənim aktyorluq qabliyyətimi yoxlamağa başladı. İlk vaxtlarda epizodik rollardan başladıq. Onun dəstəyi ilə, onun köməyi ilə mən bu sevdiyim sənəti öyrənə bildim. Və hələ də öyrətməkdə davam edir. Mirbala müəllim üzərimdə çox çalışdı deyə teatrda özümə bir yer tapdım.

-Bir çox aktyorların  həmişə oynamaq istədiyi bir rol olur. Sizin də ürəyinizdə belə rol varmı?

- Ümumiyyətlə, daha çox komediya janrını sevirəm. Komedik rolları ifa etməyi sevirəm. Demək olar ki, hər gün saytlarda, xəbərlərdə daha çox ağır yüklü xəbərlərlə rastlaşırıq. Mən də bu çətin dönəmdə insanların simasında təəbəssümə səbəb olmaq istəyirəm. Düşünürəm ki, tamaşaçılar da üzlərində gülüş yaradacaq sənət nümunələri görmək istəyirlər. Hətta sosial şəbəkə hesabımızda belə tamaşaçılarımız özləri bizə yazırlar ki, komediya janrında tamaşalar qurun ki, gündəlik stressdən uzaqlaşaq.

Komediya rollarında aktyor daha sərbəst olur. Belə rollarda özümü daha sərbəst hiss edirəm. Ancaq qeyd edim ki, belə rolların çətin tərəfləri də var.

Güldürmək çətin işdir.

-Güldürə bilməmək sizi məyus edir?

-Əlbəttə, əhvalımıza pis təsir edir. Amma ruhdan düşməməyə çalışırıq. Və bu uğursuzluğumuzu gələn dəfə təkrar etmirik.

Teatr canlı sənətdir. Bu dəfə etdiyim səhvi mütləq şəkildə gələn dəfə etməməyə çalışıram. Mirbala Səlimli deyir ki, teatrın alınması üçün 4 amil önəmlidir: ssenari, rejissor işi, aktyor və tamaşaçı.  Bu dördlük birləşirsə gözəl bir sənət əsəri alınır. Tamaşaçı reaksiya verməyəndə aktyor da tez həvəsdən düşür.

-İnsanlarda belə bir dşüncə var ki, əyalət teatrlarında tamaşaçılar çox az olur. Şəki teatrı da bu teatrların sırasına daxilirdir, yoxsa bu teatrın tamaşaçı üstünlüyü var?

-Bizim teatrın daimi və sevimli tamaşaçılar var ki, onlar hər bir tamaşamızı sevə- sevə izləyirlər. Yeni tamaşa olursa, 3-4 seans zal tamamilə tamaşaçı ilə dolu olur. Bunlar sırf daimi tamaşaçılardır ki, sevə- sevə teatra gəlirlər.  Hələ xüsusi tamaşaçılarmız da var. Kəmalə xanım adlı bir tamaşaçımız var ki, hər tamaşadan sonra bizimlə görüşür. Tamaşa haqda fikirlərini söyləyir. Gələndə də əliboş gəlmir, bizə sovqat da gətirir (gülür). O xanım çox teatral insandır. Teatrla bağlı, səhnə ilə bağlı maraqlı fikirləri olur.

-Aktyor teatrdan qazandığı ilə məişət qayğılarını təmin edə bilmir. Bəs siz?

-Çəklişlər olur, reklamlardan dəvət alıram. Mənim digər peşəm də var ki, az öncə qeyd etdim. Eelktronika sahəsindən gəlirim olur ki, bu da məişət qayğılarımı təmin etməkdə yardımçı olur.

-Yeni gələn gənc aktyorlar daha çox nəyi öyrənmək istəyirlər?

-Burada teatr studiyası var ki, bir çox aktyorlarımız orda dərs alıblar. Onlar bir aktyorun öyrənə biləcəyi çox şeyi burda  öyrənirlər.

-Yeni mövsümdə repertuarınızda hansı tamaşalar gözlənilir?

- İ. Əfəndiyevin “Sən həmişə mənimləsən” adlı əsərin əsasında eyni adlı tamaşanın premyerası ilə mövsüm bağlanışımız oldu. Çox güman ki, yeni mövsümü də həmin tamaşa ilə başlayarıq. Sonra isə Mirbala Səlimli gözəl bir tamaşa üzərində çalışır. Bu Şekspirin “Heç nədən hay-küy” əsəridir”.                                

 Əntiqə Kərimzadə