adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 10:48
38
İQTİSADİYYAT
A- A+

Fındığın qiyməti niyə 10 ildir artmır? – İqtisadçı səbəbləri açıqladı

“Azərbaycanda fermerlərin ən çox şikayət etdiyi məsələlərdən biri fındığın qiymətidir. Təxminən 10 il əvvəl bəzi dövrlərdə 4-5 manata satılan fındıq bu gün də bir çox halda 3-4 manat ətrafındadır.Bu müddətdə ərzaq, gübrə, yanacaq, əməkhaqqı və digər xərclər dəfələrlə artıb. Amma fındığın qiyməti həmin artımı izləməyib. Real qiymətlə hesablasaq, fermerin satdığı fındıq əslində xeyli ucuzlaşıb. Sual yaranır. Niyə Azərbaycanda fındığın qiyməti artmır? Səbəb ixrac bazarında rəqabətin zəif olmasıdır, yoxsa məsələ qlobal fındıq bazarının özündədir?”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, bunun cavabını tapmaq üçün Azərbaycana yox, digər fındıq istehsal edən ölkələrə baxmaq lazımdır:

“Məsələn, İtaliyada dövlətin aqrar bazar məlumatlarını toplayan ISMEA-nın göstəricilərinə görə 2014-cü ilin noyabrında qabıqlı fındığın istehsalçı qiyməti Cuneoda 5,10 avro, Viterboda 4,95 avro, Napolidə 4,50 avro idi. 2026-cı ilin sentyabrında isə eyni bazarlarda qiymətlər təxminən 3-4,25 avro arasındadır. Yəni 12 il əvvəlki nominal qiymətdən belə yüksək deyil. Düzdür, 2014-cü il Türkiyədə məhsulun kəskin azalması səbəbindən qeyri-adi yüksək qiymət ili olmuşdu. Amma elə bu faktın özü də fındığın qiymətinin inflyasiyadan daha çox dünya üzrə məhsulun həcmi ilə müəyyənləşdiyini göstərir”. 

Onun sözlərinə görə, Türkiyədə də oxşar mənzərə görmək mümkündür:

“Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə 2015-ci ildə fermer qiyməti 15,48 lirə/kq olduğu halda 2019-cu ildə 15,58 lirə idi. Yəni dörd il ərzində demək olar dəyişməmişdi. Nazirliyin öz hesablamasına görə, 2015-ci ildə bir kiloqram fındığın pulu ilə təxminən 23 kiloqram gübrə almaq mümkün idisə, 2019-cu ildə bu göstərici 13 kiloqrama düşmüşdü. Başqa sözlə, nominal qiymət dəyişməsə də fermerin fındıqdan əldə etdiyi gəlirin alıcılıq qabiliyyəti ciddi azalmışdı”. 

E.Əmirov deyib ki, Gürcüstan nümunəsi isə başqa baxımdan maraqlıdır:

“Gürcüstanın Rəqabət və İstehlakçı Agentliyinin araşdırmasına görə 2020-2023-cü illərdə fındıq ixrac edən 65-80 şirkət olub, ən böyük beş şirkətin ümumi payı 37-47 faiz arasında dəyişib və bazarda dominant şirkətin olmadığı qənaətinə gəlinib. Buna baxmayaraq, fındığın ixrac qiyməti 2020-2022-ci illərdə aşağı düşüb. Sonrakı illərdə isə yenidən yüksəlib. 2022-ci ildə orta ixrac qiyməti 13 lari/kq olduğu halda 2024-cü ildə 17 lariyə, 2025-ci ildə 23,4 lariyə çatıb. Deməli, burada vacib nəticə çıxır. Rəqabətin olması fındığın qiymətinin daim artacağı anlamına gəlmir. Fındıq beynəlxalq bazarda satılan məhsuldur və onun qiyməti əsasən dünya üzrə tələb və təklif münasibətindən formalaşır. Bəs son 10–15 ildə bu bazarda nə dəyişib? Tələbin yoxa çıxmasını görmürük. Əksinə, dünya fındıq ticarəti genişlənib. Beynəlxalq Quru Meyvə və Çərəz Şurasının məlumatına görə dünya fındıq ixracı ləpə ekvivalentində 2014-cü ildə təxminən 344 min ton olduğu halda 2023-cü ildə 462 min tona yüksəlib. Yəni bazar kiçilməyib. Amma eyni zamanda təklif də çox ciddi şəkildə artıb. Bunun ən yaxşı nümunələrindən biri elə Azərbaycandır.Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə Azərbaycanda fındıq bağlarının sahəsi 2015-ci ildən 2021-ci ilə qədər 47,7 min hektar artaraq 80,4 min hektara çatıb. Başqa sözlə, cəmi altı il ərzində fındıq bağlarının sahəsi iki dəfədən çox genişlənib”. 

İqtisadçı deyib ki, hazırda ölkədə təxminən 80,6 min hektar fındıq bağı var və yeni bağların salınması davam edir:

“Amma bu proses yalnız Azərbaycanda baş verməyib. Dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə fındıq sahələri 2015-ci ildə təxminən 703 min hektardan 2023-cü ildə 747 min hektara yüksəlib. Türkiyənin özü artıq dünya bazarının böyük hissəsini təmin etdiyi üçün oradakı hətta bir neçə faizlik əlavə istehsal belə dünya təklifinə ciddi təsir göstərə bilir. Gürcüstanda da hazırda 44-47 min hektardan çox fındıq bağı dövlət proqramlarında qeydiyyatdadır və hökumət məhsuldarlığın artırılması üçün ayrıca dəstək proqramları həyata keçirir. Yəni bazara əlavə məhsul təkcə yeni bağların salınmasından deyil, mövcud bağların məhsuldarlığının yüksəldilməsindən də gəlir.Nəticədə dünya bazarında maraqlı vəziyyət yaranıb. Fındığa tələb var, amma istehsal və ixrac imkanları da genişlənir. Dünya bazarına daha çox məhsul çıxarıldıqca qiymətin davamlı yüksəlməsi üçün iqtisadi əsas zəifləyir.Yəni Azərbaycanda fındığın qiymətinin uzun müddətdir artmamasının səbəbini yalnız alıcıda, ixracatçıda və ya rəqabət mühitində axtarmaq doğru nəticəyə gətirməyə bilər. Burada əsas amillərdən biri bazarın özüdür. Təklif sürətlə genişlənib.Bu isə artıq fermer üçün başqa bir məsələ ortaya çıxarır.Fındıq bağı salmaq sadəcə kənd təsərrüfatı fəaliyyəti deyil. Bu, uzunmüddətli investisiyadır və hər investisiya kimi onun da bazar riski var.Bir məhsul bir dövrdə gəlirli görünürsə və minlərlə fermer eyni vaxtda həmin məhsula yönəlirsə, bir neçə ildən sonra bazara çıxan məhsul artır və qiymət aşağı təzyiq altında qalır.Əlqərəz, fındıqla bağlı hazırda baş verən prosesin mühüm hissəsi də elə budur.Xüsusi qeyd edim ki, mən bu yazıda kiməsə investisiya tövsiyəsi vermirəm. Amma mövcud qlobal tendensiya və Azərbaycanda fındıq sahələrinin sürətlə artması fonunda bundan sonra da yeni fındıq bağlarının salınmasını riskli investisiya hesab edirəm. Təklif artmaqda davam edərsə, qiymətlərin yaxın illərdə ciddi yüksəlməsini gözləmək üçün də əsas azdır”.   

Vasif ƏLİHÜSEYN